Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 06:10

Rusiya müxalifətinin ən qaranlıq saatında Navalnının dul xanımı önə çıxıb


Aleksey Navalnı və Yuliya Navalnaya Berlindəki "Charite" xəstəxanasında. 2020
Aleksey Navalnı və Yuliya Navalnaya Berlindəki "Charite" xəstəxanasında. 2020

Ərinin şübhəli ölümündən bir neçə gün ötmüş duyğularının güclə basdıran Yuliya Navalnaya prezident Vladimir Putinin get-gedə daha çox avtoritarlaşan hakimiyyətinə qarşı əri Aleksey Navalnının işini davam etdirəcəyinə söz verib.

"Mən Aleksey Navalnının işini davam etdirəcəyəm. Ölkəmiz uğrunda vuruşmağa davam edəcəyəm və mən [insanları] mənim yanımda olmağa çağırıram. Təkcə bizi saran və bitmək bilməyən kədər və ifadəolunmaz ağrını paylaşmayın. Mən sizdən bizim gələcəyimizi öldürməyə cürət edənlərə qarşı hiddət, qəzəb və nifrətimi paylaşmağınızı istəyirəm", - Navalnaya sosial mediada yayılan videosunda belə deyib və daha sonra əlavə edib: "Sizə Alekseyin sözlərini xatırladıram… "Az iş görmək ayıb deyil. Heç nə etməmək ayıbdır. Qorxuna təslim olmaq ayıbdır"".

Bu, rusiyalılar üçün gözlənilməz, ancaq aydın bir çağırış idi. Di gəl, sovet diktatoru İosif Stalin dönəmindən bəri ən sərt repressiyalar və Ukraynayla savaş fonunda Navalnayanın dəyişiklik uğrunda mübarizəsi çox çətin olacaq.

"Keçmişdən yığılıb qalan narazılıqları unuda bilərik"

Müxalif siyasətçi Dmitri Qudkov Navalnayanın çağırışının "cəsarətli davranış" və "riskli qərar" olduğunu söyləyib.

"Yuliya insanlarla ünsiyyət qurmaq, onları dəstəkləmək və ruhlandırmaq məsuliyyətini öz üzərinə götürüb. O, dəstək üçün çağırış etdi və mən də buna reaksiya verdim. Ümid edirəm ki, baş verənlərdən sonra biz hamımız birləşə, iddialarımızı bir qırağa qoya, müxalifətlə vətəndaş cəmiyyəti arasında keçmişdən yığılıb qalan narazılıqları unuda bilərik", - Qudkov "Current Time TV"yə belə deyib.

"Düşmən güclüdür. Bu, qorxuram sonuncu siyasi qətl olmasın", - yenə onun sözləridir.

AzadlıqRadiosunun rus xidməti və "Current Time TV"nin materialları əsasında Robert Koulsonun yazdığı məqalədə deyilir ki, Navalnının ölümü onsuz da bölünmüş və marginallaşdırılmış Rusiya müxalifətinin üzərinə kölgə salır.

Siyasi təhlilçi Yekaterina Şulmanın sözlərinə görə, Rusiyada hələ də hakimiyyətdən narazı azlıq var, ancaq Navalnının ölümü, çox güman, çoxlarını ruhdan salacaq və iflic edəcək.

"Rusiya daxilindəki narazı qruplar arasında böyük müxtəliflik var. Bəziləri müharibəyə görə, bəziləri də müharibənin "səmərəsiz" aparılmasına görə narazıdır. Bəziləri inflyasiyaya görə, bəziləri də internetdə insanların şəxsi həyatına müdaxiləyə görə narazıdır. Bəziləri özlərinin, ya da yaxın çevrəsindəki adamların repressiyaya məruz qalacağından qorxur", - Şulman bu sözləri AzadlıqRadiosunun "Sibir.Realii" xidmətinə müsahibəsində dilə gətirib.

"Qanuni mexanizmlər yoxdur"

"Bu insanlar heç yerə getməsələr də, dağınıqdırlar. Məsələ onları kimin və nə dərəcədə uğurla yönəldə biləcəyidir", - yenə onun sözləridir.

Cəmiyyətə xidmət etməli olan qurumların hakimiyyəti dəstəklədiyi ölkədə bu yola necə çıxılacağı da aydın deyil.

"Bizim hiddətimizi siyasi dəyişikliyə çevirmək üçün qanuni mexanizmlər yoxdur", - deyə liberal yazıçı və satirik Viktor Şenderoviç vurğulayıb.

İxtisasca iqtisadçı olan Yuliya Navalnaya ərinin coşqun müxalifətçi və fəal antikorrupsiya mübarizi kimi tanınmış karyerası boyunca, əsasən, arxa planda qalsa da, hər zaman Navalnının çoxsaylı məhkəmə və siyasi kampaniyalarında onun yanında olub. 2020-ci ildə Navalnı Sibirdən Moskvaya uçarkən təyyarədə qəfildən xəstələnəndə məhz xanımı zəhərlənmiş ərinin Almaniyada müalicə olunmağa buraxılması üçün mübarizə apardı və buna nail oldu. Cütlük zəhərlənmə əməliyyatının Putinin sifarişi ilə FSB tərəfindən gerçəkləşdirildiyini iddia edirdi.

Navalnı onu öldürmək istəyənlərin adlarını açıqladı
Gözlə

No media source currently available

0:00 0:02:43 0:00

"Kaş Yuliyanın siyasətdən danışmasını eşidəydiniz"

2021-ci ilin yanvarında Rusiyaya qayıtmalarından az öncə populyar bloqer Yuri Duda birgə müsahibələrində Navalnılar öz siyasi ideallarına sadiq qalmalarından danışırdılar. Müsahibədə Navalnaya heç vaxt ərini aktivizmdən əl çəkməyə inandırmağa çalışmadığını deyir.

"Siz məni radikal olduğuma görə tənqid edirsiniz. Kaş Yuliyanın siyasətdən danışmasını eşidəydiniz. Mənim mötədil olduğumu anlayardınız", - Navalnı Duda belə deyir.

Rusiyalı jurnalist Yevgeniya Albats 2021-ci ilin yanvarında Navalnaya haqda Britanıyanın "The Independent" qəzetində dərc olunan məqaləsində bildirir ki, "Navalnı hər addımını Yuliya ilə cikinə-bikinəcən dartışır".

"Yuliya onun yaşam kouçudur (fərdi inkişaf müəllimidir – red.). Onu daha da yaxşılaşdırır", - Albats yazır.

Albats Navalnayanın açıqlamasından sonra X-də paylaşdığı postunda bu fikri davam etdirib: "Mən həmişə siyasətçi Aleksey Navalnının iki nəfər olduğunu düşünmüşəm – Yuliya və Aleksey Navalnı. Yuliyanın öz bəyanatında dediyi kimi, onun bir yarısı öldürülüb… Ancaq onun işini sürdürəcək bir adam varsa, o da Yuliyadır".

"Onlar necə demokratik siyasətçi ola bilərlər ki?"

Navalnaya son bir-iki ildə Rusiyadan kənarda yaşayıb. Ötən ilin yayında Rusiyanın RT dövlət kanalı hüquq-mühafizə orqanlarına istinadən onun nə zamansa yenidən ölkəyə daxil olmağa cəhd edəcəyi halda, çatınca həbs ediləcəyini bildirmişdi.

Siyasi təhlilçi Mariya Sneqovaya Rusiyada cəmiyyətin müharibəyə geniş dəstək verməsinin müxalifət üçün dilemma sayıldığını düşünür.

"Yuliya və müxalifətin yerdəqalan bölümü 2014-cü ildə Krımın işğalı zamanı yaranan problemin eynisi ilə üz-üzədir. Əhalinin 80-90 faizinin ilhaqı və beynəlxalq sərhədlərin görünməmiş pozuntusunu dəstəklədiyi ölkədə onlar necə demokratik siyasətçi ola bilərlər ki? Bu gün biz 80-90 faizdən danışmırıq, ancaq 60-70 faiz Ukraynadakı müharibəni dəstəkləməyə davam edir", - onun AzadlıqRadiosuna müsahibəsində dediyi sözlərdir.

"Bütün Rusiya müxalifəti bu və ya digər formada bu problemlə üz-üzədir", - yenə Sneqovayanın dilə gətirdiyi sözlərdir.

XS
SM
MD
LG