Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 09:25

Ağ Ev: ‘Məsuliyyəti bütün hallarda Rusiya daşıyır’


Polşanın şərqindəki partlayış yeri
Polşanın şərqindəki partlayış yeri

Birləşmiş Ştatlar bildirib ki, noyabrın 15-də Polşaya raket düşməsinə və bunun nəticəsində iki nəfərin ölməsinə görə, təhqiqatın gələ biləcəyi nəticələrdən asılı olmayaraq məsuliyyəti Rusiya daşıyır.

ABŞ Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Edrienn Uotsonun adından dərc olunmuş rəsmi məlumatda deyilir ki, Vaşinqton sözü gedən insidentin araşdırılmasında Polşa hökumətinə tamamailə etibar edir.

Ağ Ev bildirir ki, informasiya toplanması davam edir, lakin Vaşinqton Varşavanın gələcəyi nəticələri qabaqlamaq istəmir.

Məlumatda deyildiyinə görə, Vaşinqton prezident Dudanın belə bir ilkin qiymətləndirməsi ilə razıdır ki, çox təəssüf, Polşa ərazisinə düşmüş raket böyük bir ehtimalla Ukrayna hava hücumundan müdafiə sisteminin raketidir.

Ağ Ev daha sonra bildirir:

“Bunu deməklə yanaşı bildiririk ki, yekun nəticənin nə olacağından asılı olmayaraq bu faciəli insident üçün son məsuliyyəti daşıyan tərəf, Ukraynanı raket atəşinəı tutan və spesifik olaraq onun mülki infrastrukturunu hədəfləyən Rusiyadır. Ukraynanın özünü müdafiə etmək üçün hər bir hüququ olub və yenə də var”.

Duda Polşaya düşən raketlərin ehtimalən Ukraynaya aid olduğunu deyir

Polşa prezidenti Anjey Duda Polşanın Pşevoduv kəndinə raket düşməsinin “məqsədli hücum” yox, “bədbəxt hadisə” olduğunu deyib.

Bunu Associated Press xəbər verir.

Duda dəqiqləşdirib ki, Lyublansk voyevodalığının Pşevoduv kəndinə raket düşməsinin bilərəkdən edilmiş hücum olduğunu göstərən əlamətlər yoxdur.

Bu hadisə nəticəsində iki nəfər həlak olub.

Duda bildirib ki, böyük bir ehtimalla kəndə düşən Ukrayna raketləri olub.

Dudanın fikrincə, bütün hallarda “yekun məsuliyyət noyabrın 15-də Ukraynaya çox sayda raket zərbəsi endirmiş Rusiyanın üzərinə düşür”.

Bu müharibə olmasaydı

Britaniyanın baş naziri Rişi Sunak da Polşada baş vermiş insidentə görə Rusiyanı ittiham edib:

"Biz hamımız dəqiq dərk etməliyik ki, Rusiyanın Ukraynaya müdaxiləsi olmasaydı, bütün bunlar baş verməzdi. Putin müharibəsinin qəddar və amansız reallığı budur. Bu müharibə davam etdikcə bizim və müttəfiqlərimizin təhlükəsizliyinə hədə olacaq”.

Almaniya kansleri Olaf Şolts da Balidə G20 sammitindən sonra keçirilən mətbuat konfransında deyib:

"Rusiyanın Ukraynaya qarşı müharibəsi, onun Ukrayna infrastrukturunu miqyaslı və intensiv atəşə tutan raketləri olmasaydı, bu insident olmazdı”.

Çox az fərq edir

İtaliya inanır ki, Polşada partlayışa səbəb olmuş raketin Rusiya yox, Ukrayna raketi olması çox az fərq edir, çünki Moskva Ukraynanın infrastrukturuna hücumda günahkardır.

Bunu İtaliyanın baş naziri Giorgiya Meloni G20 sammitindən sonra keçirilən mətbuat konfarnsında deyib:

"Polşaya düşən raketin Rusiya yox, Ukrayna raketi olması çox az fərq edir”.

Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov deyib ki, Rusiya ekspertləri raketin düşdüyü yerin fotolarını təhlil ediblər və Polşa kəndinə düşən Ukraynanın S-300 raketləridir.

Bayden Polşadakı raket partlayışları barədə deyib ki...

ABŞ prezidenti Co Bayden G7 və NATO partnyorlarına deyib ki, Polşanın şərqində baş vermiş raket partlayışına Ukrayna hava hücumundan müdafiə raketi səbəb olub.

Reuters bu məlumatı NATO-dakı mənbələrdən aldığını bilirir.

Bayden: ‘Raketin Rusiya ərazisindən buraxılması ağlabatan görünmür’

Bundan əvvəl ABŞ Prezidenti Co Bayden (Joe Biden) dünya liderləri ilə təcili toplantıda Polşada iki nəfərin ölümünə səbəb olmuş raketlərin Rusiya ərazisindən buraxılmasının “ağlabatan olmadığını” demişdi.

Baydenin sözlərinə görə, raketi Rusiya hərbçilərinin buraxması versiyasını “mübahisələndirən ilkin informasiyaya” malikdir.

Raketin trayektoriyası

“Tam təhqiqat aparmamış bunu demək istəmirəm, amma onun trayektoriyasına baxanda Rusiyadan buraxılması ağlabatan görünmür”, – Bayden vurğulayıb.

ABŞ-ın anonimlik şərtilə danışan üç rəsmisi ilkin dəyərləndirmələrə əsasən bildirib ki, raket Ukrayna qüvvələri tərəfindən Rusiya hədəfinə atılıb. Noyabrın 15-də Rusiya Ukraynada elektrik infrastrukturuna zərbələr endirib.

Ukrayna rəsmiləri daha öncə Rusiyanın ölkə ərazisinə 90-dan çox raket atdığını deyiblər. Bayden bu hücumları “barbarlıq” adlandırıb.

Prezident Volodimir Zelenski Rusiya raketlərinin Polşanı vurmasını münaqişədə “ciddi eskalasiya” adlandırıb. Ancaq o, Rusiyanın raketlərin atılmasında roluna dəlil göstərməyib.

NATO iclas keçirəcək

Noyabrın 16-da NATO elçiləri Polşanın xahişiylə təcili toplantı keçirəcəklər. Onlar Ukraynaya istiqamətlənən iki Rusiya raketinin NATO üzvü ərazisinə düşərək iki nəfərin ölümünə səbəb olması xəbərlərini müzakirə edəcəklər.

Avropanın adı çəkilməyən iki diplomatının sözlərinə görə, iclas alyans xartiyasının 4-cü Maddəsi əsasında keçiriləcək. Bu maddədə deyilir ki, NATO-nun istənilən üzvü “ərazi bütövlüyü, siyasi müstəqilliyi, yaxud təhlükəsizliyi”nə risk hiss edərsə, narahatlıq məsələsini qaldıra bilər.

Noyabrın 15-də yayılan xəbərlərdən sonra alyans üzvlərinin liderləri arasında bir neçə telefon zəngi həyata keçirilib.

Duda Baydenlə danışıb

ABŞ-ın Milli təhlükəsizlik müşaviri Ceyk Sallivan (Jake Sullivan) Polşa Milli Təhlükəsizlik Şurasının başçısı Jazek Sieviera (Jazek Siewiera) ilə danışıb.

Sieviera daha sonra tvitində yazıb ki, Polşa Prezidenti Anjey Duda (Andrzej Duda) amerikalı həmkarı Baydenlə telefon söhbəti edib. Bayden söhbətdən sonra ABŞ-ın NATO-ya sarsılmaz sədaqətini təsdiqləyib. Bayden həmçinin Polşanın partlayışları araşdırmasına ABŞ-ın tam dəstəyini təklif edib.

ABŞ və Qərb müttəfiqlərinin daha öncə bildirməsinə görə, partlayışlar haqda xəbərləri araşdırırlar, ancaq onları, yaxud hansısa detalı təsdiqləyə bilməzlər.

Polşa Milli Təhlükəsizlik Şurasının iclasından sonra ordunu yüksək hazırlıq səviyyəsinə gətirib.

Ukrayna ilə həmsərhəd, NATO üzvü Macarıstan da Milli Müdafiə Şurasının iclasını keçirib.

Yeni dəhliz ilk erməni kəndində böyük mübahisəyə səbəb olub
Gözlə

No media source currently available

0:00 0:04:37 0:00

Kollektiv müdafiə öhdəliyi

NATO alyansı xartiyasının 5-ci maddəsi bütün üzvlərin kollektiv müdafiə öhdəliyini nəzərdə tutur.

Ancaq zərbənin sərhədin o tayından endirilməsi təsdiqlənsə belə, onun bilərəkdən, yoxsa təsadüfi olması amili alyansın reaksiya qərarına təsir göstərə bilər.

Rusiya isə Polşa ərazisini vurmadığını deyib, bu haqda xəbərləri vəziyyəti gərginləşdirmək məqsədi daşıyan “məqsədli provokasiya” adlandırıb.

Müdafiə Nazirliyi Ukrayna-Polşa sərhədi yaxınlığında hədəflərə Rusiya silahları ilə zərbə endirilmədiyini bildirib.

Kremlin sözçüsü Dmitri Peskov isə Polşada partlayışla bağlı heç bir informasiyası olmadığını söyləyib.

XS
SM
MD
LG