Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 12:37

Avropa İttifaqı Rusiya qızılının idxalına qadağan qoydu


Rusiya Polimetal şirkətinin qızıl külçələri
Rusiya Polimetal şirkətinin qızıl külçələri

Avropa İttifaqının səfirləri Rusiyanın Ukraynaya müdaxiləsi ilə bağlı Moskva üzərinə sanksiyaların yeni dövrəsini qəbul ediblər

Avropa İttifaqının səfirləri Rusiyanın Ukraynaya müdaxiləsi ilə bağlı Moskva üzərinə sanksiyaların yeni dövrəsini qəbul ediblər.

Sanksiyaların sayca 7-ci paketinə Rusiyadan qızıl idxalına qadağan və Rusiyanın ən böyük bankı – Sberbankın Aİ ərazisindəki aktivlərinin dondurulması daxildir.

Hazırda Avropa İttifaqının rotasiyalı prezidenti olan Çex Respublikası bildirib ki, sanksiyaların yeni paketi Aİ ilə Böyük yeddilərin Rusiyaya münasibətdə mövqelərini uyğunlaşdırıb.

Məlumatda deyilir ki, yeni sanksiyalar paketinə mövcud sanksiyaların tətbiqini möhkəmləndirən və onlardan yayınma yollarını bağlayan tədbirlər daxildir.

G7 qrupu Rusiyadan qızılının idxalına hələ iyun ayında qadağan qoyub.

Bir sıra başqa sənayeləşmiş ölkələr də Rusiyadan qızıl idxalını qadağab ediblər.

Rusiyanın zəngin adamları beynəlxalq sanksiyaların ağrısını azaltmaq üçün qızıl alırlar.

Bundan başqa qızıl ixracı Rusiyaya neft və qazdan sonra ikinci ən böyük gəlir gətirən sahədir.

Bəzi bankların sanksiyaları niyə yumşaldılıb?

Avropa İttifaqı Komissiyanın prezidenti Ursula von der Leyen Rusiyaya qarşı məhz bu tədbirləri təklif etmişdi.

O demişdi ki, bu sanksiyalar Rusiyaya qarşı indiyədək qəbul edilmiş sanksiyaları sərtləşdirəcək və onların 2023-cü ilin yanvarınadək uzadılmasına imkan verəcək.

Xanım von der Leyen demişdi ki, “Moskva öz təcavüzünə görə ağır bədəl ödəməkdə davam etməlidir”.

Moskvaya qarşı sanksiyaların yeni paketinə habelə Ukraynaya qarşı müharibə üçün məsuliyyət daşıyan şəxslərin səfər və mülkiyyət qadağanı siyahısına salınması daxildir.

Bununla eyni zamanda Rusiyanın ərzaq və gübrə ticarəti ilə bağlı bəzi banklarının üzərindəki sanksiyalar qaldırılıb.

Çexiya hökuməti bildirir ki, buna səbəb Moskvanın ərzaq böhranına görə Aİ-ni ittiham etməsidir.

Məlumatda deyilir ki, sanksiyalar dünya boyunca ərzaq və enerji təhlükəsizliyinə hədə yaratmamalıdır.

Yeni sanksiyaların iyulun 21-dən qüvvəyə minəcəyi xəbər verilib.

Aİ-nin bundan əvvəlki 6 sanksiya paketi Rusiya iqtisadiyyatını, maliyyə sistemini, mərkəzi bankını, prezident Vladimir Putin və onun yaxın çevrəsi də daxil, yüksək vəzifəli Rusiya rəsmilərini hədəfləyib.

XS
SM
MD
LG