Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 17:29

Britaniya sanksiyaları açıqlayır. Neft 100 dollara çatır


Boris Conson parlamentdə
Boris Conson parlamentdə

“Prezident Putinin növbəti addımından asılı olaraq, daha güclü sanksiyaları ehtiyatda saxlayırıq”, – Conson deyib

Britaniya Rusiyanın beş bankına və üç zəngin şəxsinə sanksiyalar tətbiq edəcək. Baş nazir Boris Conson fevralın 22-də parlamentdə çıxışında belə deyib. O, qeyd edib ki, Moskva böhranı gərginləşdirərsə, Londonun ona qarşı maliyyə silahları var.

“Prezident Putinin növbəti addımından asılı olaraq, daha güclü sanksiyaları ehtiyatda saxlayırıq”, – o vurğulayıb.

“Biz Rusiya şirkətlərinin sterlinq, yaxud dollarla maliyyə cəlbini dayandırmaq istəyirik... Onların Britaniya bazarlarında kapital yığmasını dayandırmağı, bu ölkədə əmlak sahibliyini gizlətməkdən məhrum etmək istəyirik”, – Conson deyib.

Baş nazir sanksiyaların Rossiya Bank, IS Bank, General Bank, Promsvyazbank və Black Sea Bank-ı (Qara Dəniz Bankı) əhatələcəyini bildirib.

Enerji və infrastrukturda maraqları olan rusiyalı oliqarxlar – Gennadi Timçenko, Boris Rotenberqİqor Rotenberqin aktivləri dondurulacaq, Britaniyaya səyahətdən məhrum ediləcəklər.

Bu üç şəxsə Birləşmiş Ştatlar da sanksiya tətbiq edib.

***

Britaniyanın baş naziri Boris Conson deyir ki, ölkəsi Rusiyanın biznes maraqlarına dərhal sərt sanksiyalar qoyacaq. O, Rusiya Prezidenti Vladimir Putinə Ukraynaya qarşı əlavə hərbi addımlarla bağlı xəbərdarlıq edib.

“Dərhal iqtisadi sanksiyalar paketi tətbiq edəcəyik”, – Conson fevralın 22-də Cobra milli fövqəladə təhlükəsizlik komitəsinin iclasından sonra jurnalistlərə deyib.

“İlk sanksiya atəşi”

Prezident Putin fevralın 21-də Ukraynanın şərqindəki separatçıların qondarma “DXR” və “LXR” qurumlarını tanıyıb, bu əraziyə ordu yeritməklə bağlı qərar verib.

Qərb liderləri bu addımı pisləyib. ABŞ Donetsk və Luqanska sanksiyaları açıqlayıb, amma hələlik, Rusiyanın özünə sanksiya qərarı verilməyib.

“Vurğulamalıyam ki, bu, Britaniyanın Rusiyaya qarşı ilk iqtisadi sanksiya atəşi olacaq, çünki Rusiyanın irrasional davranışının davam edəcəyini gözləyirik”, – Conson deyib.

Onun sözlərinə görə, sanksiyalar “təkcə Donbasda – Luqansk və Donetskdəki qurumları deyil, Rusiyanın özünü hədəfə alacaq, Rusiyanın iqtisadi maraqlarını mümkün qədər bərk vuracağıq”.

Conson fevralın 22-də axşam parlament qarşısında sanksiyaları detallı açıqlayacağını bildirib.

Mümkün sanksiyalar

Baş nazirin sözlərinə görə, Rusiya Ukraynaya təcavüz edərsə, Putin “dərin səhv” etdiyini anlayacaq. O, Moskvanın qonşusuna qarşı tammiqyaslı işğalda qərarlı olduğunu düşünür.

“Məncə, bugünkü vəziyyətin faciəvi tərəfi odur ki, Prezident Putin özünü özü kimi müşavirlərlə əhatələyib, onlar ona Ukraynanın əsl dövlət olmadığını deyirlər”, – Conson jurnalistlərə deyib.

Britaniya, özəlliklə paytaxt London Sovet İttifaqı dağılandan sonra zəngin rusiyalıların əmlak aldığı və biznes qurduğu məkana çevrilib.

Britaniya daha öncə Rusiya şirkətlərinin ABŞ dolları və Britaniya funt-sterlinqinə çıxışını kəsməklə, onları London bazarlarında kapital yığımından məhrum etməklə hədələyib.

İndekslər düşür, neft bahalanır

Fevralın 22-də Rusiyanın səhm bazarında azalma qeydə alınıb. Əsas RTS indeksi 9 faizədək azalıb.

Müharibənin genişlənəcəyi və qlobal iqtisadiyyata təsiri sarıdan qorxular Avropa və Asiyada əksər indekslərdə azı 1 faiz düşüşə səbəb olub. ABŞ-da da fyuçers qiymətləri kəskin düşüb.

Neft isə bahalanır. Bunun bir səbəbi Qərb Moskvanın enerji sektoruna sanksiya qoyarsa, Rusiyadan təchizatın kəsiləcəyi ehtimalıdır.

Bu il 25 faizdən çox bahalanan neft fevralın 22-də daha da qalxıb. Brent nefti 2014-cü ildən bəri ilk dəfə olaraq 100 dollara yaxınlaşıb.

XS
SM
MD
LG