Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 12:18

Professorun fikrincə, Rusiyaya son sanksiyaların nəticəsi üçün üç addıma ehtiyac var


Yeni tətbiq edilən iqtisadi sanksiyaların yetərsizliyi ilə bağlı narahatlıq var.
Yeni tətbiq edilən iqtisadi sanksiyaların yetərsizliyi ilə bağlı narahatlıq var.

Rusiya prezidenti Vladimir Putinin Ukraynaya müdaxiləsi iki ilini geridə qoyub. Bu müddətdə Rusiyanı tərk etmiş heç bir şirkət ölkəyə geri dönməsə də, yeni tətbiq edilən iqtisadi sanksiyaların yetərsizliyi ilə bağlı narahatlıq var. Hökumət sanksiyalarından yan keçmək üçün Kremlin kreativ yollar tapması, Rusiya iqtisadiyyatındakı cüzi irəliləyiş bəzi tənqidçiləri yanlışlıqla bütün iqtisadi sanksiyaların faydasız olması qənaətinə gətirib.

Yel Universitetinin Menecment fakültəsinin professoru Ceffri Zonnenfeldin və Yel Liderlik İnstitutunun tədqiqat direktoru Stiven Tianın "Fortune" dərgisində dərc edilən məqaləsində deyilir ki, sanksiyaların faydasız olması haqda iddia qətiyyən həqiqətəuyğun deyil.

"Bəzi sanksiyalar artıq Putini öz savaş maşınını "yemləmək" üçün Rusiya iqtisadiyyatını parçalara bölməyə məcbur etməklə Rusiyanın məhsuldarlığına gerçəkdən sarsıdıcı təsir göstərir", - məqalədə belə deyilir.

Məqalə müəllifləri Qərb hökumətlərinin Rusiyaya qarşı iqtisadi sanksiyaları gücləndirmək üçün atmalı olduğu üç mühüm addımı təklif edir və bu addımların nədən iqtisadi baxımdan Qərbin özünə zərər vurmayacağını açıqlayır.

Birinci addım: Rusiyanın metal və xammal ixracatına yeni sanksiyaların tətbiqindən və ucuz qiymət, eləcə də ehtiyat üçün təchizatdan yararlanın

Bəzi Qərb hökumətləri çoxdan bəri artan inflyasiyanın təzyiqindən, yaxud təchizat böhranına səbəb olmaqdan qorxaraq Rusiyanın xammal ixracatına sanksiya tətbiq etməkdən çəkinir. Halbuki xammal ixracatı Rusiya federal büdcəsinin 80 faizidir.

Bu, çoxlarını təəccübləndirə bilər, ancaq Rusiyanın ixracat sektoru, o cümlədən metal ixracatı, əsasən, sanksiyalardan kənarda qalıb. Metallar Rusiyanın ixracatında enerji mənbələrindən sonra ikinci yeri tutur. Metal ixracının həcmi ildə 60 milyard dolları keçir. Taxta-şalban ixracının da Rusiyadan ötrü böyük önəmi var.

Müəlliflər iddia edir ki, xammal bazarları düşünüldüyündən daha dayanıqlıdır və daha güclü sanksiyalar dünya iqtisadiyyatına faydalıdır ki zərərli deyil. "Məsələn, əvvəllər Rusiya Avropanın təbii qazının yarısını təmin etsə də, kəmərlərlə gələn Rusiya qazının mayeləşdirilmiş ABŞ təbii qazı ilə əvəzlənməsi nəticəsində Putinin 2022-ci ildəki qaz fəndi işləmədi. Üstəlik, Rusiyadan gələn qaz təchizatı tam dayandırılsa da, Avropada təbii qaz qiymətləri pandemiya dövründəki aşağı səviyyəsinə yaxınlaşdı", - məqalədə deyilir.

Bazarlar Ukrayna kənd təsərrüfat məhsullarının itirilməsini də həzm edə bilib. Məqalədə iddia edilir ki, Ukraynanın kənd təsərrüfatı məhsulları ixracatının 40-50 faizi itirilsə də, günəbaxan yağı, arpa, qarğıdalı, kartof və buğda kimi əsas qida məhsullarının qiymətləri pandemiya dövründəki qiymətlərə yaxındır.

İkinci addım: Mövcud sanksiyaları gücləndirin və yayınmalara görə cəza verin

Müəlliflər amerikalı jurnalist və tarixçi Enn Eplbaumun sözlərini sitat gətirirlər: "Əgər biz bu müharibəni udmağa ciddi yanaşsaydıq, sanksiyalarla Xəzinədarlıq Departamentindəki bir-iki nəfər yox, minlərlə adam məşğul olardı".

G7 koalisiyasının Rusiya neftinin qiymətinə qoyduğu maksimal limit ilk ilində, əsasən, çox yaxşı işlədi; Putinin neft gəlirləri yüz milyonlarla dollar azaldı, dünyada neftin qiyməti də 30 faiz ucuzlaşdı.

Putin bu limitdən yayınmaq üçün kölgə donanma yaratdı. Bundan sonra sanksiyanın tətbiqi elə hala gəldi ki, hətta G7-nin öz daşıma və sığorta şirkətləri də ona havadarlıq etməyə başladı. Kiyev İqtisadiyyat Məktəbindəki iqtisadçılarının apardığı araşdırma nəticələrinə görə, Rusiya neft daşımalarının, ən azı, yarısı qiymət limitindən yayınır.

Üçüncü addım: Rusiyanın 300 milyard dollarlıq valyuta rezervlərini müsadirə etməkdən çəkinməyi dayandırın

Müəlliflər müharibənin əvvəllərində ABŞ Xəzinədarlıq Departamentinin yüksək vəzifəli rəsmilərindən Rusiyanın 300 milyard dollarlıq xarici valyuta rezervlərinin nə üçün müsadirə edilmədiyini soruşublar. "Ən çox eşitdiyimiz bəhanə o idi ki, belə bir tədbir beynəlxalq hüquqa zidd olardı", - deyə onlar yazırlar.

Ancaq məqalədə daha sonra deyilir ki, Harvard professoru Lorens Traybın dərc etdirdiyi 199-səhifəlik hüquq traktatı beynəlxalq hüququn ABŞ-a bu aktivləri müsadirə etmək haqqı verdiyini izah edir. Bu traktat qısa zamanda beynəlxalq hüquq mütəxəssislərinin dəstəyini qazanıb.

Növbəti bəhanə isə belə bir müsadirənin dolların rezerv valyuta statusuna ziyan vuracağı haqda iddia idi. Ancaq bu iddialar da yüzlərlə aparıcı biznes, maliyyə və hökumət adamı tərəfindən rədd edildi. Onlar özəlliklə dolları əvəzləyəcək alternativ rezerv valyutanın olmadığı ortamda bu addımın dollara ziyan vurmayacağını göstərdilər.

"Bəhanəsi bitən Bayden administrasiyası, nəhayət, ötən payız müharibənin ikinci ildönümündə müsadirə ilə bağlı mühüm elan verəcəyinə ümid ifadə etsə də, 24 fevral gəldi və …səssiz-səmirsiz keçib getdi", - məqalədə deyilir.

XS
SM
MD
LG