Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 11:09

‘Ya məhbuslar, ya övladlarınız’. Rusiyada ‘qanunsuz’ səfərbərlik


Putinin aşbazı məhbusları Ukraynaya döyüşə göndərir
Gözlə

No media source currently available

0:00 0:03:24 0:00

Putinin aşbazı məhbusları Ukraynaya döyüşə göndərir

Priqojin videoda görünən şəxsin özü olduğunu qəbul etməsə də, sentyabrın 16-da yaydığı bəyanatda məhbusların səfərbər edilməsi praktikasını dəstəkləyib

Kreml etiraf etməsə də, Rusiya Ukraynaya hücumunun yeddinci ayında canlı qüvvə azlığından əziyyət çəkir. Qərbin hesablamalarına görə, Rusiya müharibədə 25 min əsgər itirib. Ölən və yararlananların ümumi sayınınsa 80 min nəfər olduğu bildirilir. Üstəlik, bu itkilərin qarşılığında Kreml işğalın əvvəlində qarşısına qoyduğu məqsədlərin heç birinə çata bilməyib.

Moskva bu vaxta qədər müharibə və ümumi səfərbərlik elan etməkdən boyun qaçırıb. Müşahidəçilər bunu daxili siyasi nəticələrdən çəkinməklə əlaqələndirirlər. Hökumət şəhər yerlərindən və peşəkar zümrənin arasından əsgər toplamır. Əvəzində əsasən ucqar və yoxsul regionlarda yaşayan kişiləri müqaviləli əsgər qismində orduya cəlb etməyə çalışır.

“Özləri heç nə etmək istəməyənlər...”

Sentyabrın 15-də Rusiyanın dünyada ad çıxarmış özəl hərbi şirkətlərinə nəzarət edən Yevgeni Priqojinin bir həbsxanada çəkilmiş videosu yayılıb. Videoda Priqojin dustaqları Ukraynada döyüşmək üçün onun şirkətinə qoşulmağa çağırır. Rusiyada məhbus hüquqlarını müdafiə qrupları 10 minədək məhbusun artıq Ukraynaya göndərildiyi qənaətindədir.

Priqojin videoda görünən şəxsin özü olduğunu qəbul etməsə də, sentyabrın 16-da yaydığı bəyanatda məhbusların səfərbər edilməsi praktikasını dəstəkləyib.

"Məhbusların özəl hərbi şirkətlər üçün vuruşmasını istəməyənlər, bunu qınayanlar, özləri də heç nə etmək istəməyənlər və ümumən bu mövzunu sevməyənlər cəbhəyə öz uşaqlarını göndərsinlər. Ya özəl hərbi şirkətlər və məhbuslar, ya da sizin övladlarınız – özünüz qərar verin”, - Priqojin deyib.

Kadırovun təşəbbüsü

Sentyabrın 15-də Çeçenistan lideri Ramzan Kadırov Rusiyanın 83 regionunun liderini “Kremlin hərbi səfərbərlik elanını gözləmədən” regional səviyyədə, müstəqil qaydada səfərbərliyə başlamağa və müharibəyə azı 1000 könüllü göndərməyə çağırıb.

ABŞ-da yerləşən Müharibə Araşdırmaları İnstitutunun sentyabrın 15-də yaydığı təhlildə deyilir ki, Kreml Ukraynanın Xarkov bölgəsindəki son uğurları fonunda daha çox canlı qüvvə səfərbər etməyə çalışır.

"Xarkov vilayətindəki məğlubiyyət Kremli bütün Rusiyada səfərbərlik kampaniyası elan etməyə məcbur edib. Bu da qismən Kadırovun təşəbbüsüdür”, – İnstitut yazır.

Kadırovun mesajından sonra iki gün ərzində Rusiyanın azı dörd regional lideri onun bu ideyasını dəstəkləyib. Onlardan biri mərkəzi Volqaboyunda yerləşən Mari El Respublikasının başçısı Yuri Zaytsevdir. Rusiyanın ən yoxsul regionlarından biri olan Mari El artıq Ukraynaya 3 batalyon könüllü göndərib. Priqojinin görüntüləndiyi videodakı həbsxana da burada yerləşir.

Qanunsuz kampaniya

Ancaq “Vətəndaş.Ordu.Hüquq” adlı qeyri-hökumət yardım təşkilatının rəhbəri Sergey Krivenko deyir ki, Rusiya qanunlarına görə regionların öz fərdi hərbi səfərbərlik kampaniyalarını keçirməsi açıq-aşkar qanunsuzdur.

"Əlbəttə ki, Rusiya federativ dövlətdir. Ancaq bütün təhlükəsizlik məsələləri və silahlı qüvvələrin formalaşdırılması və fəaliyyəti yalnız və yalnız mərkəzi hakimiyyətin funksiyalarıdır.

Müdafiə Nazirliyi, yaxud Milli Qvardiya xaricində hər hansı səfərbərlik və ya ayrı-ayrı hərbi birləşmələrin yaradılması qeyri-mümkün və qeyri-qanuni olmalıdır. Ancaq təbii ki, bu mümkündür, ancaq bu qeyri-qanunidir”,
– Krivenko “Nastoyaşeye Vremya”ya deyib.

Qanunlar nə deyir

Krivenko əlavə edib ki, Rusiya qanunları fərdlərin alternativ mülki xidmət, həmçinin dini və digər baxışlara görə hərbi xidmətdən imtina yolu ilə belə səfərbərliklərdən və orduya çağırışdan yayınmasına icazə verir.

"İnsanlar zorakılıqla orduya yazılmağa məcbur edilmir. Onlar müxtəlif yollarla tələyə salınır. Onlara iri məbləğdə pul və başqa şeylər vəd edilir və bir qayda olaraq heç vaxt ödənilmir. Ancaq heç kim zorla məcbur edilmir. Bu isə o deməkdir ki, vicdanlı Rusiya vətəndaşlarının bu haqda düşünmək və bu şərdə iştirak etməmək şansı var.

Bunun mümkün olduğunu deyirəm, ancaq asan olduğunu demirəm. Son zamanlar bunu etmək xeyli çətinləşib, ancaq hələ də mümkündür. Bu sadəcə əlavə səy və qətiyyət tələb edir”, – deyə Krivenko əlavə edib.

XS
SM
MD
LG