Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 06:05

Ukraynadakı savaş yeni mərhələyə keçir


ATACMS taktik raket sistemi
ATACMS taktik raket sistemi

Rusiyanın Ukraynaya qarşı apardığı müharibə artıq 20-ci ayındadır. İkinci qışına girməkdə olan müharibədə tərəflərdən hansının üstün olduğu hələ də bilinmir.

Bir ildən çoxdur ki, Ukrayna rəsmiləri ABŞ-dan yüksək dəqiqlikli, uzunmənzilli ATACMS raket sistemlərini istəyir. Biri 1.5 milyon dollara başa gələn ATACMS sistemləri raketləri 514 kilometrlik məsafəyədək atmağa qadirdir. Deməli, Ukrayna Rusiyanın içərilərinə zərbə endirmək imkanı qazana bilər.

Ancaq ABŞ rəsmiləri Rusiyanın bunu təhdid kimi qəbul edəcəyindən ehtiyatlanaraq ATACMS sistemlərini Ukraynaya vermirdi.

ATACMS-ın Ukraynaya çatdırıldığı rəsmi təsdiqlənməyib

Avqustun sonlarında Ağ Evin, nəhayət, bu raketləri Ukraynaya vermək barədə qərarı təsdiqləməsi haqda xəbərlər yayıldı. Ancaq nə Ağ Ev, nə də Pentaqon raketlərin Ukraynaya çatdırıldığını təsdiqlədi.

Oktyabrın 17-də gecəyarıdan da sonra Berdyansk şəhəri yaxınlığında partlayışlar baş verdi və Rusiyanın ərazidəki helikopterlərinin vurulduğu iddia edildi. Hələlik, neçə helikopterin vurulduğu bilinməsə də, hücumun özü haqda bilgiləri sonradan Rusiya bloqerləri yaydı. Ukrayna rəsmiləri isə öz açıqlamalarında doqquz Rusiya helikopterinin məhv edildiyini və ya yararsız hala salındığını bildirdi. Rusiyanın Müdafiə Nazirliyi hücum barədə heç bir açıqlama verməyib.

ATACMS raketləri gətirilsə, döyüş meydanında nələrin dəyişəcəyi aydın deyil. Ekspertlər deyirlər ki, Rusiya, ən azı, öz helikopter və sursat anbarlarını, ya da sahə qərargahlarını döyüş xəttindən uzaqlaşdırmağa məcbur qalacaq. Səngərlərdə döyüşən qoşunları təchiz etmək, növbələri dəyişmək daha çətin olacaq və daha çox vaxt alacaq. Rusiya indiyədək hücum helikopterlərindən gərəyincə faydalanıb. Rusiya helikopterləri müdafiə sistemlərindən yayına bilmək üçün alçaqdan uçur, ağaclıq sahələrdə qəfildən yuxarı qalxaraq tanklara raket zərbəsi endirir və raketlərdən yayınır.

Berdyanskda vurulan helikopterlərin sayı ilə bağlı Ukraynanın hesablaması doğrudursa, bu, hücumun başlanmasından bəri Rusiyanın verdiyi ən ağır aviasiya itkisi sayılmalıdır.

Ötənilki iki önəmli irəliləyiş

Ötən il Ukrayna ordusunun döyüş meydanında iki önəmli irəliləyişi vardı. Xarkov bölgəsinin şimal-şərqində qəfil yaxaladığı Rusiya qoşunlarını Oskil çayının şərqinə çəkilməyə məcbur etmişdi. Şimaldan cənuba axan Oskol çayı təbii müdafiə xəttidir.

Digər irəliləyişsə cənub-qərb cəbhəsində əldə edilmişdi. Ukrayna ordusu Rusiya desantlarını və digər birliklərini Dnepr çayının qərb sahillərinə sıxışdırmışdı.

O vaxtdan bəri Rusiya çayın sahillərindəki şəhər və kəndləri artilleriya və raket zərbələrinə məruz qoymağa davam edir. İyunda Rusiyanın nəzarətində olan Nova Kaxovkada Dnepr çayı üzərindəki bənd dağıdılmış, minlərlə hektar ərazi suyun altında qalmışdı.

"Faktın özü yenilik deyil"

Oktyabrın 18-də çox oxunan iki rus savaş bloqeri Ukraynanın 35-ci və 36-cı hərbi dəniz piyadaları briqadalarına aid qoşunların Xerson şəhərindən 8 kilometrədək yuxarıda Dnepr çayını keçdiyini bildirib. Hətta bir xəbərdə birliklərin çay sahilindən 2 kilometr cənub-şərqdə yerləşən Pesçanovka kəndinə çatdığı deyilir.

"Ukrayna Silahlı Qüvvələrinin bizim sahillərimizdə olması faktının özü yenilik deyil. Ancaq cəbhə xəttində hərəkətin tanınması, elektron silahlar və kommunikasiya sistemləri açıq-aydın işarədir", - "Two Majors" adlı bir bloqer oktyabrın 18-də belə yazıb.

XS
SM
MD
LG