Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 18:56

Rusiyanın ‘koronavirus statistikasını’ faş edən necə işsiz qaldı


Alexey Raksha
Alexey Raksha

Rusiyada da bir çox ölkələrdə olduğu kimi koronavirus yoluxmaları kəskin şəkildə artmaqda davam edir. İyulun 13-ə olan məlumata görə ölkədə indiyədək COVID-19-a 733 min 699 nəfər yoluxub.

Amma başqa ölkələrdən fərqli olaraq Rusiyanın ölüm sayı onun yoluxma sayı ilə mütənasiblik təşkil etmir.

Rusiyada indiyədək koronavirusdan 11 min 439 nəfərin vəfat etməsini Kreml və Rusiya rəsmiləri hökumətin epidemiyaya qarşı effektiv mübarizəsinin nəticəsi kimi qələmə verirlər.

Rusiyanın dövlət statistika komitəsi Rosstatda işləyən Aleksei Raksha isə lap əvvəldən hiss etmişdi ki, hesablamada nə isə bir problem var.

Ötən may ayında o nəhayət bu barədə açıq danışmışdı. O bildirirdi ki, Rusiyada koronavirusdan ölüm sayının az olması hökumətin yox, hesablama metodunun “xidmətidir”.

Başqa sözlərlə Rusiyada COVID-19 ölümləri bu xəstəlikdən ölüm kimi qeydə alınmırdı.

Açıq danışdıqdan iki ay sonra Raksha tamamilə gözlənilən bir hadisə ilə üzləşdi. Onu işdən çıxarmışdılar.

O iyulun 3-də özünün Facebook səhifəsində yazırdı: "Bu artıq rəsmi məlumatdır. Mənim Rosstatdakı fəaliyyətim başa çatdı”.

Raksha bildirirdi işdən qovulması üçün əmrin yuxarlıdan gəldiyinə əmindir.

Rusiyada koronavirusdan ölüm reyti hazırda 1.5 faizdir. Müqayisə üçün deyilə bilər ki, bu rəqəm ABŞ-da 4.1 faizdir.

Başqa bir analoji statistika: Rusiyada koronavirusa hər 100 min yoluxmadan ölüm sayı 7.7, Birləşmiş Ştatlarda isə 41.2-dir.

Azı 30 min ölüm

AzadlıqRadiosuna verdiyi müsahibədə Raksha bildirmişdi ki, Rusiyanın rəsmi ölüm sayı reallıqdakı ölümlərin yalnız üçdə birini əks etdirir:

"Mən inanıram ki, Rusiyada koronavirusdan indiyədək azı 30 min nəfər vəfat edib. Yəni bu o deməkdir ki, koronavirusa yoluxmasaydılar bu adamlar ölməzdilər”.

Rusiyada Raksha kimi bu ölkədəki koronavirus statistikasına inanmayan çox sayda ekspert, demoqraf və statist var.

Rusiyada koronavirus böhranının lap əvvəlində ekspertlər diqqəti Sankt Peterburq kimi yerlərdə koronavirus ölümlərinə cəlb edirdilər.

Sankt Peterburqda dəfn
Sankt Peterburqda dəfn

May ayında Rusiyanın böyüklüyünə görə bu ikinci şəhərində ölümlərin sayında 31 faizlik sıçrayış yaranmışdı. Bu rəqəm rəsmi idarələr tərəfindən verilən ölüm şəhadətnamələrinin sayına əsaslanırdı. Həmin rəqəm ötən ilin eyni dövrü ilə müqayisədən çıxarılmışdı.

Aprel aylında Moskvada qeydə alınan ölümlərin sayı bundan əvvəlki 10 ilin illik sayından 20 faiz çox idi.

Hökumət narahat olub

Raksha AzadlıqRadiosuna deyib ki, Rosstatın ölüm sayı rəqəmləri ilə hökumətin rəsmi Stopcoronavirus.ru saytındakı ölüm sayları arasında böyük uyğunsuzluq var.

Raksha bildirir ki, o Stopcoronavirus.ru saytındakı rəqəmlərə qətiyyən inanmır. Onun sözlərinə görə hər bir mütəxəssis dərhal başa düşər ki, rəqəmlər azaldılıb, saxtalaşdırılıb, ixtisar edilib və ya bir sözlə tamamilə manipulyasiya olunub.

Raksha-nın sözlərinə görə Rusiyanın Şimali Qafqaz, cənubi Krasnodar diyarı, Başqırdıstanın Volqa regionundan ölüm rəqəmlərini çox ləng verirlər.

Mütəxəssis bildirir ki, Rusiyada hər bir region koronavirus statistikasını istədiyi kimi aparır.

Raksha-nın media qurumlarına verdiyi açıqlamalar hökumət rəsmilərini qəzəbləndirib.

Rusiya Xarici İşlər Nazirliyi Raksha-nın hesablamalarına əsaslandıqlarına görə The New York Times və The Financial Times qəzetlərindən həmin yazıların çıxarılmasını tələb edib.

Burası da var ki, mayın 13-də koronavirus yoluxmalarının ən çox konsentrasiya etdiyi paytaxt Moskvanın meriyası bildirmişdi ki, şəhərdəki koronavirus ölümlərinin 60 faizi qeydə alınmır.

XS
SM
MD
LG