Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 10:57

Rusiyalı jurnalist indi Şuşada və Laçında olanlardan yazır


Stepanakert (Xankəndi) sakinləri zirzəmiyə sığınıblar
Stepanakert (Xankəndi) sakinləri zirzəmiyə sığınıblar

Rusiyanın “Novaya qazeta” qəzeti xüsusi müxbiri İlya Azarın Şuşadan və Laçından hazırladığı geniş reportajı dərc edib.

Qəzet Dağlıq Qarabağ münaqişəsində neytral mövqe tutduğunu bildirir və buna görə də xüsusi müxbirin reportajında daha çox onun erməni həmsöhbətlərinə yer verilib.

Jurnalist yazır ki, oktyabrın 6-da Şuşada nisbi sakitlik idi, amma bundan əvvəl şəhərdəki mədəniyyət mərkəzinə mərmi düşmüş, böyük dağıntı törətmişdi.

Azar qeyd edir ki, separatçı rejim indiyədək 320 əsgərinin həlak olduğunu bildirir, halbuki könüllülər itkilərin xeyli böyük olduğunu, çağırışçılar üçün silah və hərbi forma çatışmadığını, cəbhə xəttində vəziyyətin “acınacaqlı” olduğunu deyirlər.

Məqalədə deyilir ki, jurnalistləri dağıntıya məruz qalan binanın içərisinə buraxmayıblar:

“Sürücümüz Sinod deyir ki, bina bombardman ediləndə orada 600-dək hərbçi və polis olub”.

Onun sözlərinə görə, onlar atəşə məruz qalmamaq üçün iclası mülki obyektdə keçirirdilər:

“Amma bir satqın tapılıb və onları satıb. Belələri bizdə bir nəfər deyil yəqin ki...” – deyib sürücü.

“Qarabağ FHN”-dən olan Arut adlı gənc deyir ki, dağıntıların altından 19 cəsəd çıxarılıb.

Məqalədə deyilir ki, Dağlıq Qarabağda internet kəsilib.

“Dron çox əclaf silahdır...”

İlya Azar yazır ki, Şuşada tez-tez sirena səslənir. Adamlar zirzəmilərə qaçırlar. Bu vaxt sükut olur. Sanki zaman dayanır. Uzaqda üç partlayış səsi eşidilir.

“Yəqin ki, Stepanakerti (Xankəndi) vururlar”.

Bunu qara papaqlı bir kişi deyir. Adı Mixaildir. Qaynaqçıdır. Oğlunu cəbhəyə göndərib, özü isə könüllü yazılıb. Növbəsini gözləyir:

“Sən Stepanakertdə olmusan? Ordakı böyük kilsəni görmüsən? Oranın damını mən yığmışam. Əslində Şuşanın yarısını mən tikmişəm”.

Ermənilər Xankəndinin vurulduğunu deyirlər
Gözlə

No media source currently available

0:00 0:01:11 0:00

Jurnalistin başqa bir müsahibi Yuridir:

“Bizdə bircə mədəniyyət mərkəzini vurublar. Amma Stepanakert indi Stalinqrada bənzəyir. Ora yüzədək Smerç mərmisi buraxıblar. Bu pilotsuz aparatları qadağan etmək lazımdır. Şeytan silahıdır, çox əclaf silahdır”.

Sonra Yuri qəfildən “Rusiyanın bu barədə nə düşündüyünü” soruşur.

Jurnalist yazır ki, bu onun burada ən çox eşitdiyi sualdır, onu isə “Putinin Qarabağdakı nümayəndəsi” olmaq bezdirib.

“Ermənilər olmasa dünya dağılacaq”

İlya Azar yazır ki, Qarabağda hamı jurnalist görən kimi Azərbaycan ordusunu mülki obyektləri, dinc sakinləri hədəfləməkdə ittiham edir.

“Bəs Gəncənin bombardmanı barədə nə düşünürsünüz” sualına həmsöhbətlər dinc sakinlərin hədəflənmədiyini, yalnız aerodromun vurulduğunu deməklə cavab verirlər.

Jurnalist yazır:

“Şuşanın dumanlı küçələrində hətta belə bir sakit gündə də çox az adam gözə dəyir. Bəziləri Ermənistana gedib, amma əksəriyyət zirzəmilərdə oturub. Burada Stepanakertdən fərqli olaraq elektrik var. Dükanlar açıqdır”.

Stepanakertə (Xankəndi) düşmüş mərmilərdən biri
Stepanakertə (Xankəndi) düşmüş mərmilərdən biri

Sürücü Sinod isə Estoniyadan gəlmiş jurnalistlərin arasında təbliğat işi aparır:

“Azərbaycanlılar Mərkəzi Asiyadan çıxmış incik köçərilərdir. Bura onların doğma torpağı deyil. Onlar hətta Vanqanın yanına gediblər. Vanqa onlara deyib ki, bu onların torpağı deyil və onlar uduzacaqlar. İndi ermənilərin soyqırımı gedir. Amma ermənilər olmasa, dünya dağılacaq. Geriyə yol yoxdur. Erdoğana Ermənistan lazımdır ki, burda Rusiyaya tuşlanan raketlərini yerləşdirsin. Rusiya müdaxilə etməlidir, çünki bura onun cənub qapılarıdır”.

Azarın daha bir həmsöhbəti könüllü döyüşçü Artur Ohanisyandır. O cənub cəbhəsində baş verənlərdən danışır. Ordan yenicə gəlib. Dostlarını dəfn etmək üçün doğulduğu Gümrüyə gedəcək. “Bəlkə də ölmək istəmədiyi üçün” – yazır İlya Azar.

Artur şikayətlənir:

“Onlar (Ermənistan hakimiyyəti – NQ) adamları aldadırlar. Onlar 18 yaşlı əsgərləri cəbhəyə bircə avtomatla göndərirlər. Deyirlər ki, “bağışlayın güllə yoxdur, tank yoxdur...” Heç nə yoxdur. Yemək maşını gəlir, yemək istəyirsənsə, “Qrad”ların altında 4 kilometr yol getməlisən. Biz səkkiz dost dörd gün gecələr bütün dörd müdafiə xətti üçün yemək daşımışıq”.

Fransa vətəndaşı Cəbrayıl cəbhəsində

Azar yazır ki, Artur həyəcanlıdır. Ayağında çəkələk, başında qara bir papaq var. Gödəkcəsinin cibindən qumbara görünür.

O bura necə gəldiyindən danışır:

“Gəldim. Hətta sənədlərim də yox idi. Avtomat verdilər və cəbhəyə göndərdilər. Mənim iki qardaşım orda olub. Mən Gümrüdənəm, amma Fransa vətəndaşıyam. Ordan iki həftə bundan əvvəl gəlmişəm. Bu, insana qarşı müharibə deyil. Təyyarələrə, “Qradlar”a qarşı müharibədir”.

Jurnalist soruşur:

“Amma deyəsən azərbaycanlıların piyadaları da vaxtaşırı hücuma keçir?”

Artur deyir:

“Biz dörd-beş müdafiə xəttini verəndən sonra, onlar iki xətt irəli gəlirlər...”

Artur deyir ki, cənub cəbhəsində, Cəbrayıl tərəfdə vuruşub:

“Biz dünən Hadrutda idik. Zabitlər gəldilər və dedilər ki, komandirə məhkəmə quracaqlar. O dünən bütün gəncləri yığıb və Cəbrayıldan çıxmaq əmri verib. Komandir yuxarının əmrini yerinə yetirməyib. Komandir deyirdi ki, “bu uşaqlar heç on gün deyil ki, əsgərliyə çağırılıblar, amma bunlara avtomat veriblər. Siz nə edirsiniz? Bu uşaq hara getməlidir?” Yaxşı deyək ki, mən hərbi xidmət keçmişəm. Amma burda hərbi xidmət də kömək etmir. Avtomat aviasiya və artilleriyanın qabağında heç nədir. Mən orda canlı meyit kimiyəm”.

Bu vaxt Arturun dostlarından biri yaxınlaşır:

“Orada hər şey çox pisdir. Biz Cəbrayılın birinci müdafiə xəttindən gəlmişik”.

Atəşə tutulan Gəncədən görüntülər. 1 mülki şəxs ölüb
Gözlə

No media source currently available

0:00 0:01:47 0:00

“Azərbaycanlılar elə qızışıblar ki...”

İlya Azar deyir ki, hakimiyyət itkilərin 200 nəfər olduğunu bildirir.

Artursa əminlikliklə deyir: “200 adam elə mənim gözlərimin önündə həlak olub. Bizim xəttimizdə! Orada ümumilkdə min nəfər həlak olub!”

Cins şalvar və kamuflyajlı gödəkcə geyinmiş başqa bir könüllü deyir:

“Bizdə Ermənistanda yuxarıda oturan pis adamlar deyirlər: “Cəbrayıla doğru irəli”. Cəbrayılsa yoxdur artıq”.

Jurnalist soruşur:

“Sizcə sonra nə olacaq?”

Artur ümidsizdir:

“Bu müharibəyə baxanda görürəm ki, biz belə vuruşsaq hamısını verəcəyik. Azərbaycanlılar Laçını tutmaq istəyirlər. Onlar elə qızışıblar ki, lap Ermənistana da girə bilərlər”.

Dağlıq Qarabağdan qaçanlar Ermənistan sərhədindəki oteldə
Dağlıq Qarabağdan qaçanlar Ermənistan sərhədindəki oteldə

“Qarabağın sərhəd postu” Ermənistana köçüb

İlya Azar yazır ki, ermənilərin Berdzor adlandırdıqları Laçında bütün mağazalar işləyir. Sanki bu şəhərin yaxınlığında müharibə getmir. Yerli sakinlərdən biri deyir ki, burada bir-iki dəfə sirena çalınıb, amma bombardman olmayıb. Bundan bir gün əvvəl Laçında körpünü bombalayıblar. Buna görə də Qarabağın “sərhəd postunu” Ermənistan ərazisinə köçürməli olublar.

Jurnalist məqaləsində təhlükəsizlik xidmətinin əməkdaşına bənzəyən bir nəfərlə dialoqunu verib. O maraqlanırdı ki, Martuni (Xocavənd) və Mardakertə (Ağdərə) getmək fikrim varmı?

-Niyə soruşursunuz?

-Sadəcə olaraq maraqlıdır. Bu ərazidə nə etmək istəyirsiniz?

-Sakinlərlə söhbət etmək.

-Burda çətin ki, rusca danışan kimisə tapasınız.

-Onda siz deyin, vəziyyət necədir?

-Sizə heç nə deyə bilmərəm.

Putin: Döyüşlər Ermənistan ərazisində getmir
Gözlə

No media source currently available

0:00 0:01:56 0:00

“Atışma bir az dayansa, meyitləri yığardılar”

Bir kənarda siqaret çəkən dükançı, 60 yaşlı Armen deyir ki, Laçın körpüsünü dörd dəfə bombalayıblar, amma Laçını hələ yox.

O deyir ki, artıq yeddi gündür qohumları ilə birlikdə cəbhəyə getmiş qardaşı oğlunu axtarır. Amma tapa bilmirlər:

“Heç olmasa atışma bir az dayansa meyitləri yığardılar”.

Sonra isə daha qətiyyətli səslə deyir: “Amma biz mütlqə qalib gələcəyik”.

Laçının girəcəyindəki müasir supermarketin sahibi Stepan rusca danışa bilmir, amma ingiliscə yaxşı danışır. 20 il ABŞ-da yaşayıb, “bank sahəsində” çalışıb. Amma 2016-cı ilin müharibəsindən sonra “vətənpətvərlik hissi” onu buralara gətirib:

“Bəşəriyyət inkişaf etdikcə, geriyə gedir. Bura qayıdandan sonra birinci müharibədə dağıdılmış yerli infrastruktura, məktəbə pul qoydum. Sonra mağaza açdım. Amma bu mağaza pul gətirmir. Bu yatırımın məqsədi ərazinin inkişafı, həyat səviyyəsinin yüksəldilməsi idi. Amma yenə müharibə başlandı”.

-Bəs indi nə edəcəksiniz?

-Mübarizə aparacaq, dağıntıları bərpa edəcək, inkişaf edəcəyik. Ruslar 45-ci ildən sonra belə etmədilərmi? Bu bizim üçün bir nümunədir. İndi bizdə vətən müharibəsi gedir. Ümid etmək istərdim ki, bu müharibə Böyük Vətən Müharibəsi qədər dağıdıcı olmayacaq. Amma belə görünür ki, elə ona bənzər nəsə baş verəcək.

XS
SM
MD
LG