Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 14:59

Saatlıq maaş: 'Daha çox əməkhaqqı ala bilərlər'. 'Problematik görünür'  


'45 yaşından yuxarı adamlara iş yoxdur'
Gözlə

No media source currently available

0:00 0:03:51 0:00

'45 yaşından yuxarı adamlara iş yoxdur' (Arxiv. 2022)

Azərbaycanda əməkhaqqının aylıq əvəzinə saatlıq hesablanması nəzərdə tutulur. Eyni zamanda, rəsmilərin açıqlamasına görə, növbəti il maaşların artması gözlənilir. Hələlik, əmək haqlarının nə qədər artacağı ilə bağlı rəsmi məlumat yoxdur. Ekspertlər isə deyir ki, Azərbaycanda saatlıq əməkhaqqına keçid çox çətin görünür və sui-istifadə hallarına gətirib çıxara bilər.

Hazırda Azərbaycanda minimum əməkhaqqı 345 manatdır. Hesablamalar göstərir ki, beşgünlük iş həftəsində səkkiz saat çalışıb minimum əməkhaqqı alan şəxslərin bir saat ərzində qazancı 2 manat 15 qəpik, altıgünlük iş həftəsində işləyənlərin isə 1 manat 79 qəpikdir. Müqayisə üçün, Almaniyada qanunla təyin olunmuş minimum saatlıq əməkhaqqı 12.41 avrodur (23.62 manat). Fransada bu göstərici 11.52 avrodur (21.92) və iş həftəsi 35 saatlıqdır. Yaponiyada minimum saatlıq maaş 6 (10.2), ABŞ-də isə 7.25 dollardır (12.32).

Gələn il dövlət büdcəsinin sosial xərclərinin 14 faiz artacağı gözlənilir. Nazirlər Kabinetindən bildirilib ki, 2025-ci ildə dövlət büdcəsində sosial müdafiə və sosial təminat üçün xərclər 4 milyard 998 milyon manat olacaq, bu da cari ilin xərclərindən 607 milyon manat çoxdur. Vurğulanır ki, 2025-ci ildə əməkhaqqı və sosial ödənişlərin artımı 2 milyondan çox vətəndaşa şamil olunacaq.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən isə "Turan"a bildirilib ki, hazırda saatlıq əməkhaqqının tətbiqi ilə bağlı müzakirələr davam edir: "Nəticəsi ilə bağlı ictimaiyyətə geniş məlumat veriləcək".

Vüqar Bayramov
Vüqar Bayramov

Deputat: "Vətəndaşlar daha çox əməkhaqqı ala bilərlər"

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov da deyir ki, gələn il minimum əməkhaqqının artım faizi bu il noyabrın 1-də məlum olacaq. Deputatın sözlərinə görə, sadəcə minimum əməkhaqqı deyil, vahid tarif cədvəlinin bütün pillələri üzrə əmək haqlarında artımlar olacaq. Onun vurğulamasına görə, artım azı 600 min vətəndaşın maaşlarında özünü göstərəcək.

Deputatın fikrincə, saatlıq maaşlara keçid baş verərsə, vətəndaşlar daha çox əməkhaqqı ala bilərlər və əmək hüquqları daha yaxşı qorunacaq: "Saatlıq əməkhaqqı vətəndaşa bir neçə yerdə işləmək imkanını qazandırır. Eyni zamanda, iş saatlarından sonra əlavə saatlarda və həftəsonu, bayramlarda işçi çalışarsa, daha yüksək tariflə xüsusi ödənişlərin həyata keçirməsi mümkün olacaq".

Natiq Cəfərli
Natiq Cəfərli

"Çox çətindir"

İqtisadçı, Respublikaçı Alternativ (REAL) Partiyasının sədri Natiq Cəfərli isə AzadlıqRadiosuna bildirib ki, saatlıq əməkhaqqına keçid Azərbaycanın indiki iqtisad modelində çox çətin görünür: "Bir çox qanunvericilik aktlarında da dəyişiklik edilməlidir. Azərbaycanda əsas iş yerləri dövlət təşkilatlarında olduğu və maaşlar dövlət büdcəsindən ödənildiyi üçün orada hansısa formada saatlıq ödəniş sisteminə keçmək çox çətindir. Büdcədən maaş alan kateqoriyanın ən böyük hissəsi müəllimlər təşkil edir, onların sayı 200 mindən çoxdur. Onlar zatən saatla dərs verirlər, onları necə saat hesabına maaş sisteminə keçirəcəklər? Bu, problematik görünür".

Özəl sektora gəlincə, ekspertin sözlərinə görə, ortalığa tamamilə başqa problem çıxacaq: "Özəl sektorda müqavilələr ən aşağı saat hesabı ilə bağlanacaq. Bayram və istirahət günləri də nəzərə alınmayacaq. Bu da müəyyən problemlərə gətirib çıxaracaq".

N.Cəfərli hesab edir ki, ölkədə saatlıq əməkhaqqı sisteminə keçid baş versə belə, bu zaman dövlətin müxtəlif kriteriyaları olmalıdır: "Məsələn, gündəlik iş saatı 4 saatdan aşağı olmaz, bir saatlıq iş ödənişi müəyyən məbləğdən aşağı olmaz. Bu baryerlərlə müəyyən qədər əməkçilərin hüquqlarını qorumaq mümkündür".

Minimum əməkhaqqının artımına gəldikdə, iqtisadçının təxmininə görə, büdcə parametrlərinə baxanda ciddi bir artımın olacağı görünmür: "Maksimal olaraq 10 faiz civarında artım ola bilər. Bizdə həm də problem odur ki, maaşların və təqaüdlərin artımı bazarda mal və məhsul bolluğu ilə paralel getmir. Mal və məhsul həcmi eyni qalır və maaşlar artdıqca, bu, yalnız inflyasiya basqılarını artırır".

XS
SM
MD
LG