Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 11:55

Sahibkar necə müflis oldu


Foto illüstrasiya
Foto illüstrasiya

«Hadisələr belə dövr edəndən bəri müəssisəmin fəaliyyəti dondurulub, özüm isə müflisləşmişəm. Uzun illərdir ki, ailəm bir tikə çörəyə möhtac qalıb. Dövlət məmurlarının günahından biz niyə ac qalmalıyıq? Axı, biz də Azərbaycan vətəndaşıyıq. Hələ üstəlik, mən Azərbaycanın ilk sahibkarlarındanam».

«Gül.-Gün.» müəssisəsinin sahibi, Gəncə sakini Niyaz Niyazov AzadlıqRadiosuna başına gələnlərdən danışır. Sahibkarın şikayəti Gəncənin icra hakimiyyətinin başçısı Vilyam Hacıyevdəndir. Deyir, V.Hacıyev vaxtilə Xanlar rayon (indiki Göygöl rayonu) İcra Hakimiyyətinin başçısı olanda, N.Niyazovun sahibi olduğu «Gül.-Gün.» müəssisəsinin çökməsinə səbəbkar olub.

KOMPENSASİYA VERİLMƏYİB

Niyaz Niyazov 1992-ci ilin noyabrında «Gül.-Gün.» müəssisəsini qurub. Müəssisənin ictimai-iaşə və sair obyektlərinin tikinti işlərini həyata keçirmək üçün Gəncə Hava Limanının lap yaxınlığındakı Xanlar rayon Bağmanlar sovxozunun ərazisindən 1.5 hektar sahə götürüb.

Müəssisənin tikinti işlərinin xeyli hissəsini gerçəkləşdirdiyi bir vaxtda dövlət tərəfindən Gəncə aerovağzal kompleksinin yenidən tikintisi məsələsi gündəmə gətirilib. Müəssisənin ərazisi bütövlüklə yeni tikilməkdə olan Gəncə aerovağzal kompleksinin ərazisinə düşdüyündən sənədlərini hazırlayıb ki, dövlətdən kompensasiya alsın. Lakin deməsinə görə, həmin vaxt Xanlar rayon İcra Hakimiyyətinin başçısı olmuş Vilyam Hacıyev «Azərbaycan Hava Yolları» Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Cahangir Əsgərova məktub yazaraq bildirib ki, sahibkarın 1.5 hektar torpaq sahəsində tikinti işləri aparmaq üçün icra hakimiyyəti başçısının sərəncamı olmayıb. C.Əsgərov da ona məktub yollayıb ki, sənədsiz tikinti apardığından kompensasiya ödənilə bilməz.

Beləliklə, məcburi sökdürülən «Gül.-Gün.» müəssisəsinin tikililərinə aid kompensasiyanın ödənilməsinə əngəl yaranıb. N.Niyazov həmin tikililərin tam qanuni olduğunu, keçmiş Xanlar rayon İcra Hakimiyyəti rəhbərliyinin rəsmi icazə sənədləri ilə tikildiyini bildirir.

Vilyam Hacıyev
Vilyam Hacıyev

FAİZLƏR İÇİNDƏ İTİB-BATIR

Sahibkar dəymiş zərərdən hələ də özünə gələ bilməyib. Daha doğrusu, bu zərərin bədəlini hələ də ödəməkdədir. Məsələn, vaxtilə müəssisəni qurmaqdan ötrü sələmə götürdüyü pulların faizləri içərisində itib-batır. Deyir, ailəsinin durumu çox acınacaqlıdır, ac-yalavac qalan günləri olur. Həmin kompensasiyaya çox ehtiyacı var. Ən azı, müəssisəni yenidən işə salıb birtəhər çətinliklərdən çıxa bilər: «Bizim dövlət məmurları «uf» demədən sahibkarların başına belə oyunlar gətirirlər. Ancaq nədənsə, indiyədək bircə məmur da sahibkara etdiyi amansızlıqlara görə cəzalandırılmayıb. Bu cəzasızlıqdan istifadə edən məmurlar da sanki «belə də olmalıdır» deyib növbəti sahibkarın evini yıxırlar».

Keçmiş Xanlar, indiki Göygöl rayon İcra Hakimiyyətindən «Qaynar xətt»ə bildirilib ki, sahibkarın üzərində tikililər tikdiyi torpağa dair Çıxarışı və texniki pasportu, tikinti aparılmasına da rəsmi razılıq olmayıb. Üstəlik, sahibkar məsələni elə vaxtında məhkəmədə mübahisələndirə bilərdi.

Niyaz Niyazov deyir, Çıxarış və texniki pasport olmasa da, əlində Dövlət Aktı olub. Üstəlik, torpağa görə vergi ödəyib. Lakin icra hakimiyyəti həmin sənədin də başçının sərəncamı ilə ləğv olunduğunu bildirib.

«SIRADAN BİR ƏRAZİ DEYİL Kİ»

Hüquqşünas Vaqif Alıyev deyir, Dövlət Aktı ləğv olunarkən vətəndaş xəbərdar olunmalıydı, üstəlik, səbəbi də izah edilməliydi: «Əvvəla, işdən də görünür ki, söhbət aerovağzal ərazisində aparılan tikintidən gedir. Bu strateji obyektin ərazisindəki tikintinin özbaşına olduğunu demək gülünc səslənir. Sıradan bir ərazi deyil ki, çatan orda obyekt tiksin. Ümumiyyətlə isə, sahibkarı bu duruma salan başlıca səbəb vaxtında məhkəməyə müraciət etməməsi olub. Ən pis halda, dövlət ona tikintiyə xərclədiyi vəsaiti hesablayıb kompensasiya şəklində ödəməliydi».

Hüquqşünas bildirib ki, əgər iddia müddəti ötübsə, sahibkar bu müddəti bərpa etməyə çalışmalı və kompensasiya tələbini hüquq müstəvisinə çıxarmalıdır.

Niyaz Niyazov ölkə başçısına da müraciət edib. O, İlham Əliyevə sahibkarlıq fəaliyyətinə yaradılmış əngəllərin özünə və ailəsinə vurduğu zərbələrdən yazıb.

XS
SM
MD
LG