Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 18:54

Qocalar evindəki pilləkənin altında məskunlaşıb


Sara Əliyeva
Sara Əliyeva

«Pilləkənlərin altında yatıram. Ac qalıram, çıxıram, gəzib dolaşıb quru çörək tapıb yeyirəm. Binanın içərisindəki tualetə də buraxmırlar, qaş qaralanda həyətdəki ağacların dibinə gedirəm».

Sara Əliyeva Bilgəhdəki Qocalar Evinin həyətində – ötən il əlillərin köçürüldüyü yeni korpusun girişindəki pilləkənin altında məskunlaşıb. Getməyə yeri yoxdur.

«DEDİLƏR, QALMAQ İSTƏMİRSƏNSƏ...»

Deyir, əvvəllər əlillərin məskunlaşdığı Mərdəkan Müalicə Pansionatında yaşayırmış. Ora təmirə dayananda sakinlər başqa müəssisələrə köçürülüblər.

Sara Əliyeva:

«Məni də Göygöldəki bir müəssisəyə göndərdilər. Ruhi xəstələrlə bir yerdə qalırdım. Dözmək mümkün deyildi. Rəhbərlik dedi, «qalmaq istəmirsənsə, özün könüllü ərizə yaz, çıx». Mən də yazıb çıxdım. Bir müddət rəfiqəmin evində yaşadım. Ancaq orda da çox qala bilmədim. Çıxdım gəldim ki, Qocalar Evinə sığınım. Qəbul eləmədilər, dedilər, «get, nazirliyə müraciət elə». Nazirliyə gedirəm, deyirlər, «yaşın 60-a çatmadığı üçün Qocalar Evinə götürülməyin mümkün deyil». Ancaq bilirəm ki, məni yaxalarından uzaqlaşdırmaq üçün belə deyirlər. Qocalar Evində məndən yaşca kiçik insanlar yaşayır».

BƏLKƏ VAXTINDA QAYĞI GÖSTƏRİLSƏ...

Sara xanım deyir, yetimlik alnına doğulandan yazılıb. Uşaqlığı uşaq evində keçib, oradan çıxanda getməyə yeri olmadığından elə Qocalar Evinə sığınıb, 35 il orada yaşayıb. Bir neçə il əvvəl çıxarılıb və Mərdəkan Müalicə Pansionatına yerləşdirilib. İndi yenə son ümid yeri Qocalar Evidir. Ancaq qapısının üzünə açılmasından ötrü hələ, azı, 1 il gözləməlidir – 59 yaşı var.

15 gündür ki, burada məskunlaşan Sara xanım möhkəm soyuqlayıb, hərarəti düşmür, binadakı əlillərin verdiyi dərmanlar da köməyinə çatmır. Deyir, nəinki bir il, heç bircə ay da yaşamaq ümidi qalmayıb. Bəlkə də vaxtında qayğı göstərilsə, həyatını xilas etmək olar.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məsələyə münasibət öyrənmək, hələlik, mümkün olmayıb. AzadlıqRadiosu əməkdaşlarının davamlı telefon zənglərini qurumun mətbuat xidmətindən cavablandıran tapılmayıb.

XS
SM
MD
LG