Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 21:38

Namizədlər yenə icra hakimiyyəti orqanlarının müdaxilələrindən şikayətlənirlər


6 noyabr seçkiləri
6 noyabr seçkiləri
Son parlament seçkilərindəki pozuntulara görə Avropa Şurası Parlament Assambleyası (AŞPA) Azərbaycan nümayəndə heyətinə qarşı tədbir görməyi müzakirə edəndə, nümayəndə heyətinin rəhbəri Səməd Seyidov dedi ki, bizə şans verin. İndi bu şans parlamentdə boş qalan 10 yerə mayın 13-dəki təkrar seçkilərdir. 10 yerə 154 namizəd var idi, indi 147-si qalıb. Öz xoşu ilə namizədliyini geri götürən də var, seçki qanunlarını pozduğuna görə namizədliyi ləğv olunan da

10 dairədə keçiriləcək parlament seçkilərinin təşviqat mərhələsinin artıq 2 həftəsi geridə qalıb. 150-yə yaxın namizədin mübarizə apardığı bu marafonda pozuntuların baş verməsi ilə bağlı bir sıra iddialar səslənməkdədir. Ancaq bu pozuntular parlament seçkilərinin əsas mərhələsində baş verən özbaşınalıqlardan xüsusi olaraq fərqlənmir. Söhbət ən çox icra hakimiyyəti orqanlarının bəzi namizədlərin tərəfini tutmağından gedir.


Bu seçkilərin monitorinqinə qoşulan qeyri-hökumət təşkilatlarından olan Korrupsiyaya qarşı Mübarizə Fondu bildirilir ki, 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsində icra strukturları professor Musa Qasımlının təşviqatında yaxından iştirak edirlər. Həmin təşkilatın iddialarına görə, Musa Qasımlının martın 17-də Cəlilabad rayonunun Kövüzbulaq kəndində, martın 24-də isə həmin rayonun Göytəpə şəhərində keçirilən görüşünə icra hakimiyyətinin işçiləri ilə yanaşı, dərs vaxtının olmasına baxmayaraq məktəb müəllimləri də cəlb ediliblər.


Musa Qasımlının özü isə monitorinq qrupunun iddialarını böhtan adlandırır: "Siz fikir versəniz görərsiniz ki, mənim həmin görüşlərim məktəblilərin tətil dövrünə düşür. Yəni deyilənlər heç bir həqiqətə söykənmir".


"Bu məsələlərlə bağlı iki dəfə MSK-ya şikayət göndərmişəm. Ancaq hələ ki, nəticə yoxdur".
Oxşar iddiaları 110 saylı Zaqatala rayon seçki dairəsiylə də bağlı eşitmək mümkündür. Bu dairədən namizədliyini irəli sürən Müsavat partiyası başqanının müavini Arif Hacılı deyir ki, icra hakimiyyəti Yeni Azərbaycan partiyasından olan namizədin tərəfini tutur. Onun sözlərinə görə, hətta bir sıra kənar namizədlərin konsertlərinə belə icazə verilməyib: "Bu məsələlərlə bağlı iki dəfə MSK-ya şikayət göndərmişəm. Ancaq hələ ki, nəticə yoxdur".


Mərkəzi Seçki Komissiyasında (MSK) isə Arif Hacılının şikayətlərinə baxılmamasını onların təlimata uyğun olaraq dairə seçki komissiyasına göndərilməsi ilə izah edirlər. Seçkilərin əsas mərhələsində də MSK dairələrdən gələn şikayətləri baxılmaq üçün təkrarən dairələrə qaytarırdı.


Dairə seçki komissiyasında da Arif Hacılının şikayətinə hələ ki, baxılmayıb. Bununla belə Zaqatala rayon İcra Hakimiyyətində ümumi şöbənin müdiri Arif Ramazanov deyir ki, onların seçki prosesinə müdaxilə etmələri ilə bağlı şikayətlər həqiqət deyil: "Biz seçkinin gedişinə müdaxilə etmirik. Bir namizəd o birini nədəsə günahlandırırsa, bunda icra hakimiyyəti günahkar deyil ki...".


Arif Hacılını isə dediyinə görə, şikayətlərə baxılmamasından da çox əhalinin təkrar seçkilərə az maraq göstərməsi narahat edir. Onun sözlərinə görə, yerli hakimiyyət orqanları əhalinin passivliyindən istifadə edərək ciddi-cəhdlə öz namizədlərinin qələbəsini təmin etməyə çalışırlar. Arif Hacılı hesab edir ki, əgər beynəlxalq təşkilatlar da bu seçkilərə az maraq göstərsələr, onda 6 noyabrda olduğu kimi saxtakarlıqlar baş alıb gedəcək.

"Çox güman ki, yenə də seçkilərdə çox ciddi saxtakarlıqlar olacaq".
«Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə deyir ki, əslində 10 dairədə təkrar seçki Azərbaycan hakimiyyətinə verilən şansdır. Hakimiyyət seçkinin əsas mərhələsindən fərqli olaraq bu dəfə kobud saxtakarlıqlara imkan verməsə, həm əhalidə az da olsa seçkilərə inam hissini bərpa edər, həm də beynəlxalq təşkilatların rəğbətini qazana bilər.


Elxan Şahinoğlunun sözlərinə görə, məntiqlə də 10 dairədə güzəştə getməklə hakimiyyət heç nə itirmir. Çünki bütün hallarda yenə parlamentdə hakimiyyət tərəfdarları çoxluqda olacaq: "Ancaq mənə az inandırıcı görünür ki, hakimiyyət bu məntiqin diktəsi ilə pozuntuların qarşısını alsın. Çox güman ki, yenə də seçkilərdə çox ciddi saxtakarlıqlar olacaq".


Elxan Şahinoğluna görə, hakimiyyəti çəkindirən odur ki, 10 dairədə seçkilər demokratik olarsa, yerlərin əksəriyyətini müstəqil şəxslər qazana bilər. Onda isə parlament seçkilərinin əsas mərhələsində ciddi pozuntulara yol verildiyi bir daha təsdiqlənmiş olar. Elxan Şahinoğlu ehtimal edir ki, hakimiyyətdaxili bəzi qruplar da dövlət başçısına təsir edərək onu güzəştə getməməyin düzgünlüyünə inandırmaq istəyirlər. Bununla belə, o hesab edir ki, dövlət başçısında kifayət qədər iradə olarsa, bu 10 dairədə beynəlxalq standartlara cavab verən seçki keçirmək mümkündür.


XS
SM
MD
LG