Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 22:16

Astan Şahverdiyev: “ABŞ gedib öz dərdini çəksin”


Prezident İlham Əliyev parlament seçkisində səsverməyə gələrkən. 1 noyabr 2015
Prezident İlham Əliyev parlament seçkisində səsverməyə gələrkən. 1 noyabr 2015

.

“AŞPA-nın bəyanatı bizim üçün göstərici deyil. Birinci dəfə deyil ki, Azərbaycan barədə qərəzli mövqedədirlər. Ona görə açığını deyim ki, mən onların nə dediyinə heç əhəmiyyət də vermirəm”.

Yeni Azərbaycan Partiyasından parlamentə millət vəkili seçilən, bundan öncə də Milli Məclisin İnsan Hüquqları Komitəsinin üzvü olan Astan Şahverdiyev bu fikirdədir. O, AzadlıqRadiosuna AŞPA-nın 3 müşahidəçisinin Azərbaycanda keçirilən parlament seçkiləri ilə bağlı qurumun bəyanatından fərqli mövqe səsləndirmələrinə münasibətini bildirib.

Söhbət AŞPA missiyasının 3 üzvünün seçkini “azad, ədalətli və demokratik seçkiyə doğru bir addım hesab edə bilmədikləri” barədə bəyanatından gedir.

Buna da bax: AŞPA müşahidəçiləri: “Demokratik seçkiyə doğru addım hesab edə bilmirik”

Bundan öncə isə AŞPA Müşahidə Missiyası adından yayılan ilkin hesabatda deyilirdi ki, səslərin sayılmasında nöqsanlar olub, amma bu amil seçkinin nəticəsinə təsir etməyib.

Missiyanın Almaniya Bundestaqından olan iki üzvü (Ute Finckh-KraemerFrank Schwabe) və İrlandiya Parlamentinin üzvü (Michael McNamara) hesab edirlər ki, azad və demokratik seçki üçün vacib olan ilkin şərtlər – siyasi azadlıqlar, media və ifadə, o cümlədən toplaşma azadlığı Azərbaycanda təmin olunmayıb.

Buna da bax: AŞPA: «Səslərin sayılmasında nöqsanlar olub, amma…»

İqbal Ağazadə
İqbal Ağazadə

“KONKRET FAKTLAR ORTAYA QOYSAYDILAR...”

Oxşar narahatlığı ABŞ Dövlət Departamenti də səsləndirib. Departamentin bəyanatında da deyilir ki, Azərbaycandakı məhdudlaşdırıcı siyasi mühit narahatlıq doğurur. Departament Azərbaycan hökumətini beynəlxalq öhdəliklərinə uyğun şəkildə dinc toplaşma və təşkilatlanma azadlıqlarına, media da daxil müstəqil səslərə hörmət etməyə və bu istiqamətdə ATƏT-lə birgə əməkdaşlığı çağrır.

Azərbaycanda parlament seçkisi bir neçə gün əvvəl – noyabrın 1-də keçirildi. İlkin rəsmi nəticə artıq açıqlanıb. Bu seçkini ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidəçiləri izləməyib, seçki əksər müxalifət partiyaları tərəfindən boykot edilib. Nəticədə əksər yerləri Hakim Yeni Azərbaycan partiyasından olan “stajlı” deputatlar qazanıb.

Hakimiyyət və Mərkəzi Seçki Komissiyası seçkiləri azad, ədalətli və demokratik sayıb “heç bir qanun pozuntusu olmadı” desə də, sosial şəbəkələrdə, mətbuatda seçki pozuntuları ilə bağlı xeyli video, foto fakt yer alıb.

Bu durumu ötən dövr millət vəkili olmuş, bu dəfə isə deputatlar siyahısından kənarda qalan Ümid Partiyasının sədri İqbal Ağazadə də narahatedici sayır. 17 dairədə seçkini izlədiklərini deyən İqbal Ağazadə bildirir ki, gəldikləri nəticə AŞPA-nın ilkin hesabatı ilə üst-üstə düşmür.

Buna da bax: ABŞ Azərbaycandan narahatdır, lakin onunladır

O ki qaldı AŞPA-nın Müşahidə Missiyasının 3 üzvünün fərqli fikir yürütməsinə, İqbal Ağazadə düşünür ki, onlar dairələr üzrə seçki pozuntuları ilə bağlı konkret faktlar ortaya qoysaydılar, bu, daha effektiv olardı:

“Buna oxşar mövqelər əvvəl də olub, Avropa Parlamentində də oxşar mövqelərdə çıxış edən kifayət qədər nümayəndələr var. Hesab edirik ki, Azərbaycanı sevən, Azərbaycanın mövqeyinə, dünyadakı yerinə maraqlı olanlar bu situasiyadan narahatdırlar.

Biz də hökumətdən bu məsələlərdə israrlı, qərarlı, Qərbə inteqrasiya yönümündə siyasi xətt yürütməyi tələb edirik. Hesab edirəm ki, ABŞ Departamenti də narahat olmaqda haqlıdır. Biz ondan da çox narahatıq”.

Buna da bax: Şamaxıda seçki etirazları

Astan ŞAhverdiyev
Astan ŞAhverdiyev

“AZƏRBAYCANI “LAXLADA” BİLMƏZLƏR”

Ölkədə azad seçki şəraitinin, ifadə, media və toplaşma azadlığının olmaması, insan haqlarının pozulması kimi iddiaları bir qayda olaraq rədd edən hakimiyyət nümayəndələri isə bu dəfə də Avropa və ABŞ-ı qərəzli olmaqda suçlayır. Astan Şahverdiyev deyir ki, bu cür bəyanatlar Azərbaycanı “laxlada” bilməz:

“ABŞ getsin, öz dərdini çəksin. Hər gün məktəblərində, universitetlərində, küçələrində atışmadır. Azərbaycan bu gün artıq elə bir dövlətdir ki, heç nə onu laxlada bilməz. Azərbaycan öz müstəqilliyini bərpa edib və davam etdirir, belə şeylər bir az Azərbaycanda keçmir açığı. Ona görə də mən əhəmiyyət vermirəm belə şeylərə”.

Buna da bax: Öncə hansı qanun gəbul edilsin? (Foruma yaz, fikirlərin yayılsın)

Fərəc Quliyev
Fərəc Quliyev

“ƏDALƏTSİZLİK EDİRLƏR”

Milli Məclisə yenidən deputat seçilən Milli Dirçəliş Partiyasının sədri Fərəc Quliyev də hesab edir ki, Qərb Azərbaycanı bu cür bəyanatlarla sıxışdırmaq yolunu düzgün seçməyib:

“Beynəlxalq qurumlardan kimsə ikili standartlarla Azərbaycana təsir göstərmək istəyirsə, məncə, bu alətdən istifadə etməməlidir. Azərbaycanın daha normal, daha yaxşı seçki keçirməsi üçün proporsional və majoritar seçkinin birgə tətbiqi üçün cəhdlər olsa, bu, daha doğru olar, nəinki Azərbaycanı sıxışdırmaq”.

AŞPA-nın 3 deputatının fərqli mövqeyinə gəlincə, deputat 1-2 nəfərin ayrı fikir yürütməsini subyektiv sayır:

“Həqiqətən də, ədalətsizlik edirlər. Əksər məntəqələrdə kameralar quraşdırılmışdı, canlı yayım var idi. Təbliğat kampaniyası zamanı da kim harda, necə görüş istədisə keçirdi.

Köhnə havanı çalmaq, kim harda döyülüb, əvvəllər nə olub məsələsini gətirib bu seçkiyə yapışdırmaq qərəzli münasibətdir. Seçki dönəmində heç kimə toxunulmayıb, heç bir QHT üzvünə, rəhbərinə və ya jurnalistə, namizədə təzyiq olmayıb”.

Fərəc Quliyev ABŞ Dövlət Departamentinin də narahatçılığını əsassız və yanlış adlandırır, ancaq deyir ki, bu cür mövqe iki ölkə arasındakı əməkdaşlığa kölgə sala bilməyəcək.

XS
SM
MD
LG