Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 22:27

Bu seçkidə yeni nə vardı?


Azerbaijan -- parliamentary elections - 01Nov2015
Azerbaijan -- parliamentary elections - 01Nov2015

.

Bu dəfəki seçkilərdə də namizədlər pozuntulardan – karusel əməliyyatından, qutulara topa bülleten atılmasından şikayətləndilər. Bu dəfə də büdcə təşkilatlarında çalışanların müxtəlif məntəqələrə getməsi haqda məlumatlar daxil oldu. Bu dəfə də xəstə, əlil seçicilərin evlərinə qutu aparılarkən saxtakarlıqlar haqda xəbərlər gəldi.

“Ənənəvi pozuntular müşahidə edildi” deyir deputatlığa namizəd Üzeyir Cəfərli. Ancaq bu dəfəki seçkilərdə xırda-para yeniliklər də müşahidə edildi. Məsələn, bu dəfə karusel əməliyyatını gerçəkləşdirənlər işlərinə bir balaca yaradıcı yanaşıblar, deyəsən. 30 saylı Suraxanı birinci seçki dairəsindən

Vurğun Əyyub
Vurğun Əyyub

deputatlığa namizəd Vurğun Əyyubun səlahiyyətli nümayəndəsi Rövşən Dəmirli deyir ki, karusel əməliyyatının iştirakçıları müxtəlif məntəqələrə gedərkən paltarlarını da dəyişiblər:

“Bəzən həmin işçiləri evə göndərirlər ki, paltarlarını dəyişib başqa məntəqədə səs versinlər”.

Bundan başqa, Rövşən Dəmirlinin dediyinə görə, bu dəfə müşahidəçilər də saxtakarlığa alət ediliblər: “Məntəqələrdə müşahidəçi adı altında öz adamlarını oturdublar, onların əliylə bülletenləri topayla qutulara atdırırlar”.

Natiq Cəfərli
Natiq Cəfərli

NATİQ CƏFƏRLİDƏN EKSPERİMENT

Amma namizədlərin iddialarına inansaq, ümumən seçki pozuntuları eynidir. Namizədlər bölgələrdə yaşayanların paytaxtda, paytaxtın başqa ərazisində qeydiyyatda olduğu halda ayrı rayonda səs verənlərə də rast gəliblər. REAL-ın namizədi Natiq Cəfərli eksperiment aparıb. Qeydiyyatda olmadığı ərazidəki məntəqələrin birinə girib səs verib:

“Yeni Yasamalda 286 nömrəli məktəbdə yerləşən 12 saylı dairənin məntəqəsindən indicə çıxdım. Yaxınlaşdım ki, səs vermək istəyirəm, vəsiqəmə baxdılar, əlavə bir jurnala yazdılar adımı, bülleten verdilər, mən də özümə səs verdim, halbuki tamam başqa yerdə qeydiyyatdayam”, yazır Natiq Cəfərli sosial şəbəkədə.

MSK: “ŞİKAYƏT DAXİL OLMAYIB”

Mərkəzi Seçki Komissiyasına isə indiyədək qanun pozuntuları və ya saxtakarlıqlarla ilə bağlı heç bir şikayət daxil olmayıb. Qurumun mətbuat katibi Şahin Əsədli AzadlıqRadiosuna belə deyib. Onun sözlərinə görə yalnız qaynar xəttə sorğu xarakterli müraciətlər daxil olub.

“Vətəndaşlardan daxil olan bu cür müraciətlər həmişə olub. Onların sayı 92-dir. Ancaq rəsmi qaydada heç bir şikayət daxil olmayıb”, deyə mətbuat katibi əlavə edib.

Məhərrəm Zülfüqarlı
Məhərrəm Zülfüqarlı

“PROTOKOLUN SURƏTİNİ 24 SAAT ƏRZİNDƏ GƏLİB GÖTÜRƏRSİNİZ”

“Biz seçkiləri müstəqil qurum kimi müşahidə etdik və ciddi qanun pozuntularına rast gəlmədik”. Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının seçki qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı belə söyləyir:

“Seçki günü elə də ciddi qanun pozuntuları olmayıb. Amma bəzi texniki qüsurlar baş verib. Məsələn, səhər saatlarında bəzi müşahidəçilərin qeydiyyata alınmasında problemlər yaranmışdı. Məntəqə sədrlərinə qanunu başa salandan sonra onlar qeydiyyata alındılar. Müəyyən məntəqələrdə səssayma qurtarandan sonra müşahidəçilərə evə getməyi məsləhət görüblər ki, 24 saat ərzində gəlib protokolun surətini götürərsiz. Bu da qanuna ziddir. Biz MSK ilə əlaqə saxladıq. MSK mətbuat katibi ilə danışdıq, operativ şəkildə reaksiya verildi və problem yoluna qoyuldu. Bundan başqa, ciddi qanun pozuntusu qeydə alınmayıb”.

O ki qaldı karusel əməliyyatının aparılması, bəzən qutulara topa-topa bülleten haqda namizədlərin və ya seçkidə iştirak edən siyasi qurumların bəyanatlarına, Məhərrəm Zülfüqarlı bildirir ki, AVCİYA müstəqil qurum olaraq müşahidə aparır, namizədlərinsə siyasi maraqları var:

“Namizəd sizə istənilən məlumatı verə bilər. Bu, onun müşahidəsinin nəticəsidir. Ancaq onu da deyim ki, elə namizəd var qərəzlidir, eləsi var, reklam üçün bundan istifadə edir, eləsi də ola bilər dediyinin əsası var. Amma tam səmimi deyirəm ki, bizim müşahidə apardığımız Binəqədidə yerləşən məntəqələrdə ciddi pozuntu olmayıb”.

Şahin Hacıyev
Şahin Hacıyev

“KÖHNƏ HAMAM, KÖHNƏ TAS”

“Turan” informasiya agentliyinin redaktoru Şahin Hacıyev isə bu seçkilərdə ənənəvi pozuntuların təkrarlandığını söyləyərkən köhnə el məsələni xatırladı:

“Köhnə hamam, köhnə tas. Yeni bir şey baş vermədi. Köhnə qanun pozuntuları idi. Yaddaqalan odur ki, bu dərəcədə sönük seçki olmamışdı. Şikayətlərə baxanda hiss olunur ki, ən populyar pozuntular karusel idi. Mən səs vermək üçün səhər getdim məntəqəyə, saat 10-a yaxın idi. Artıq qutular dolu idi. İnandırıcı deyil ki, səhər 9-da 300-400 nəfərə gəlib səs verib getmişdi.

Qalan pozuntular da həmişəki kimi. Pozuntuları müşahidə edən müşahidəçi, jurnalist təzyiqə məruz qalırdı. Təcrübə göstərir ki, əsas pozuntu məntəqə bağlandıqdan sonra baş verir. Əsas qutuya 5-10 saxta səs atmaq deyil. Əsas odur ki, yekun protokol necə tərtib olunur”.

“ƏSAS SAXTAKARLIQ SƏSVERMƏDƏN SONRA BAŞLAYIR”


Mərkəzi Seçki Komissiyasında bir müddət Vətəndaş Həmrəyliyi Partiyasının nümayəndəsi olan Ənvər Əliyev də bu dəfəki seçkilərdə əvvəlki illərdə gedən canlı mübarizəni, rəqabəti sezməyib. O da ötən illərdəki qanun pozuntularının baş verdiyini deyir. Hərçənd o da Şahin Hacıyev kimi o fikirdədir ki, əsas saxtakarlıq adətən səsvermə bitəndən sonra, səssayma başlayanda başlayır.

XS
SM
MD
LG