Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 13:41

Keçmiş nazir milyonlarla 'putyovka pulu'nun yeyintisində suçlanır


Yeni nazir kimini sevindirdi, kimini əliboş yola saldı
Gözlə

No media source currently available

0:00 0:02:25 0:00

Yeni nazir kimini sevindirdi, kimini əliboş yola saldı (2013)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki sanatoriyalarda müəyyən kateqoriyalardan olan şəxslərin dincəlməsi üçün ayrılan putyovka (yollayış) məbləğlərinin bir hissəsinin mənimsənildiyi iddia olunur. Bu məsələ də keçmiş nazir Səlim Müslümovla bağlı cinayət işində əksini tapıb. Həmin sanatoriyalarda çalışan şəxslər də yeyintini təsdiqləyirlər. Deyirlər ki, o pulların bir hissəsi toplanıb nazirliyə çatdırılırdı. Onlar bu barədə noyabrın 21-də keçmiş nazirin məhkəməsində danışıblar.

Hazırda ev dustaqlığında olan Səlim Müslümovun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Müslümova qarşı 27 milyonluq yeyinti və rüşvətalma ittihamının bir hissəsi məhz putyovka pullarının mənimsənilməsi ilə bağlıdır.

Məhkəmədə şahid kimi dindirilən işçilər danışır ki, məsələn, adambaşına putyovka üçün 600-700 manat sanatoriyanın hesabına köçürülürdü. Lakin bu məbləğin bir hissəsi – təxminən 150 manatı yeyinti məqsədilə ayrılırdı. Ayrılmış bu vəsaitlər toplanıb, mütəmadi nazirliyə çatdırılırdı.

3 milyon manatın 1 milyonu

Cinayət işinin materiallarında iddia olunur ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə bağlı araşdırma aparılan dövrdə "Möcüzəli Naftalan" sanatoriyasına putyovka xərcləri üçün nazirlikdən 3 milyon manat vəsait köçürülüb. Bu vəsaitin 1 milyon manatı mənimsənilib. Bunu "Möcüzəli Naftalan"ın rəhbəri Elşən Əmiraslanovun oğlu Qoca Əmiraslanov da təsdiqləyib. Deyib ki, atasının vəzifələrini faktiki o icra edirdi. Onun sözlərinə görə, putyovkaların "otkat" hissələri toplanır, nazirlikdə maliyyə və icmal büdcə şöbəsinin müdiri Şəlalə Cəfərovaya çatdırılırdı.

Əmiraslanov sadalayıb ki, 499 min manatlıq köçürmənin 125 mini, 500 min manatlıq köçürmənin 200 mini, 970 min manatlıq köçürmənin 240 mini, 1.3 milyon manatın 319 mini, 480 min manatın 120 mini nazirliyə qaytarılıb.

"Sonuncu dəfə 29 min 509 manat "otkat" verməliydik. Sonradan eşitdik ki, Səlim Müslümov işdən çıxıb. Həmin pul bizdə qaldı", – Əmiraslanovun sözləridir.

1 milyon manat "otkat"

Başqa bir sanatoriyanın – "Sehrli Naftalan"ın əməkdaşı olmuş Ehtiram Əhmədov deyir ki, putyovkalardan onun vasitəsilə nazirliyə ümumilikdə təxminən 1 milyon manat "otkat" çatdırılıb.

Məhkəmədə şahid Elçin Ağayevin dediyinə görə, təkcə o, işlədiyi Kürdəmirdəki sanatoriyadan dörd il ərzində nazirliyə 204 min manat "putyovka otkatı" çatdırıb.

Keçmiş nazir Müslümov sanatoriyalardan nazirliyə göndərilən vəsaitlər haqda şahidlərin səsləndirdiyi iddialara heç bir münasibət bildirməyib.

Xatırlatma

1961-ci il təvəllüdlü Səlim Müslümov 2000-2002-ci illərdə Dövlət Gömrük Komitəsinin sədr müavini, ardınca 11 il Dövlət Sosial Müdafiə Fondunun sədri vəzifəsində işləyib. 2013-cü ildə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri təyin edilib. Həmin vaxt Dövlət Sosial Müdafiə Fondu da bu nazirliyin tabeliyinə verilib.

2018-ci ildə nazir vəzifəsindən azad edilən Müslümov 2021-ci ilin fevralında Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən saxlanılıb, Səbail rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qərarı çıxarılıb. İl yarıma yaxın DTX-nın istintaq təcridxanasında saxlanılan sabiq nazir 2022-ci ilin mayında ev dustaqlığına buraxılıb. O, ev dustaqlığına buraxılarkən səhhətindəki problemlər əsas gətirilib. Lakin yayılan məlumatlara görə, yeyinti nəticəsində dövlətə dəymiş ziyanın bir hissəsini (təxminən 20 milyon manat) ödəməsi onun həbsdən çıxmasında rol oynayıb.

Səlim Müslümova Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə və ya israfetmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3 (təkrar külli miqdarda rüşvət alma) maddələri ilə ittiham verilib. Bu maddələrdə 14 ilə qədər həbs cəzası nəzərdə tutulub.

XS
SM
MD
LG