Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 04:26

Səməd Seyidov: 'Hələ heç kim ittiham olunmayıb'


Səməd Seyidov
Səməd Seyidov

Avropa Sabitlik Təşəbbüsü təşkilatı (ingiliscə qısa adı – ESI) «Kürü diplomatiyası» adlı araşdırmasının ikinci hissəsini də açıqlayıb. Sənəddə Azərbaycan hakimiyyətinin avropalı deputatlara rüşvət verdiyi, bununla da Azərbaycan əleyhinə qətnamə və sənədlərin qəbulunu önlədiyi bildirilir. Haqqında cinayət işi açılan AŞPA-nın İtaliyadan olan deputatı Luca Volontè-nin isə vasitəçilik etdiyi deyilir. O, istintaqa bu məqsədlə 3 milyon avro alaraq deputat həmkarlarına verdiyini söyləyib. Sənəddə istər Azərbaycandan, istərsə də Avropadan olan konkret deputatların adları hallanır.

Buna da bax-'Balaca avtokratik Azərbaycan' böyük Avropanı necə əyə bilib?

Bu deyilənlərlə bağlı AzadlıqRadiosu Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovla söhbət edib.

– Səməd müəllim, sənəddə iddialar var ki, Azərbaycandan olan deputatlar rüşvət verərək Avropa Şurasında ölkə əleyhinə qətnamələrin qəbul edilməməsinə nail olublar, o cümlədən də siyasi məhbuslar üzrə məruzəçi Christoph Strässer-in hazırladığı hesabat eyni aqibətlə üzləşib. Bu iddialara Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri kimi cavabınız nədir?

– Azərbaycanın mövqeyi nə qədər güclənəcəksə, sözü keçəcəksə, bir o qədər bu ölkəni sevməyən qüvvələr tərəfindən ona təzyiqlər, ittihamlar da çoxalacaq. Təəccüblü deyilmi, yeni seçilmiş ABŞ prezidenti dünən (dekabrın 19-u – red.) Seçici Kollegiyasında son səsvermədən keçib, onunla bağlı qərar verilsə də, yenə də bəyanatlar verilir ki, Trump Rusiya vasitəsilə seçilib və sair və ilaxır. Yəni uduzan tərəfin gücsüzlüyünün bir əlaməti də ondan ibarətdir ki, əsassız, həqiqətəuyğun olmayan bəyanatlarla çıxış edirlər. O ki qaldı, adını çəkdiyiniz şəxs barədə İtaliyada gedən istintaqla bağlı dediklərinizə, mən bilən, istintaq hələ bitməyib, hələ heç kim ittiham olunmayıb. Hakim qərarını vermədən kimisə necə ittiham etmək olar? Birincisi, istintaqın bitməsini gözləmək lazımdır, ikincisi, bu istintaqdan siyasi dividentlər əldə etmək istəyən insanları da ciddi təhlil etmək lazımdır. Niyə bu adamlar bu məsələlərdən istifadə edirlər? Bir daha deyirəm ki, Azərbaycanın mövqeyi nə qədər güclənəcəksə, bu cür ittihamlar da çoxalacaq.

– Siz bunu «Azərbaycanı sevməyənlərin işi» kimi təqdim edirsiniz, amma ortada hüquqi araşdırma gedir.

– Avropa İnsan Haqları Məhkəməsi Azərbaycanın haqq sözü ilə bağlı iki dəfə qərar çıxarıb. Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi haqda hər hansı sənəddə bu məhkəmənin qərarı qeyd edilmir. Amma Azərbaycanda insan haqları ilə bağlı hansısa bir qərarı dərhal dünyada yayırlar. Bu da həmin təşkilatların dəyərlərinə uyğun gəlmir.

– Siz Azərbaycan torpaqlarının işğalı, insanların torpaqlarından köçkün düşməsi ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinin iki qərar çıxardığını dediniz. Amma Azərbaycanda insan haqlarının pozulması ilə bağlı qəbul edilən qərarlarsa onlarladır, bəlkə...

– Siz həmin qərarların müzakirə edilməsini, yerinə yetirilməsini eşitmisiniz? Yaxud baş katibin bununla bağlı bəyanatını, yəni Ermənistanın bu sənədin tələblərini yerinə yetirməməsinə etirazına rast gəlmisiniz? Və ya başqa beynəlxalq qurumların tələbini eşitmisiniz?

– Baş katibin, Nazirlər Komitəsinin İlqar Məmmədovla bağlı çağırışlarını eşitmişik. Bəlkə bu çağırışlara əməl edilsəydi, yəni insan haqları sahəsindəki problemlər yoluna qoyulsaydı, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində istədiyi dəstəyi ala bilərdi?

– Bir dəqiqə. Bu, Avropa İnsan Haqları Məhkəməsidir. Siz deyən şəxslə bağlı məsələ qaldırılırsa, o biri məsələni də qaldırsın. Artıq İnsan Haqları Məhkəməsi işğal faktına mövqeyini bildirib, buna başqa təşkilatlar da mövqeyini bildirsin. Və ya belə deyək, Azərbaycanda insan haqları məsələsini qabardırlarsa, bu məsələyə də mövqelərini bildirsinlər. Dağlıq Qarabağda qanunsuz məhkəmənin qərarı ilə iki Azərbaycan vətəndaşı girov saxlanılır. Onlarla bağlı danışan var? Hansı korrupsiya nəticəsində bunlar haqda danışılmır? Ancaq hələ məhkəmə qərar çıxarmamış 20-səhifəlik sənədi hazırlayıb dünyaya yaymaqla bunlar elə bilirsiniz bizə problem yaradırlar? Öncə həmin beynəlxalq qurumların özlərinə problem yaradırlar. Suriyada, Türkiyədə, Almaniyada baş verənlərə baxın, bunlar ikili standartların nəticəsidir.

– Qayıdaq Azərbaycandan olan deputatların rüşvət verməsi haqda ittihamlara...

– Görürsünüz, sizi dünyada baş verənlər maraqlandırmır. Ancaq təsdiqini tapmayan ittihamlar haqda danışmaq istəyirsiniz. Məqsəd bir balaca da qaşıyıb-qaşıyıb qan çıxarmaqdır. Yer kürəsində ideal dövlət yoxdur. Elə söhbət ola bilməz. Ancaq hansısa ölkəyə barmaq göstərəndə bilin ki, yerdə qalan dörd barmaq da ölkənin özünü göstərir. Necə olur Avropa Şurasında Ermənistanda korrupsiya, prezident seçkiləri zamanı namizədin güllələnməsi, terrorçuların binaları tutması və sairə haqda danışmırlar, ancaq Azərbaycan haqda danışırlar? Ona görə ki, Azərbaycanın bu gün mövcudluğu bu ölkəni sevməyənlərin marağında deyil. O ki qaldı sual verdiyiniz sənədə, kimsə məhkəməyə də çəkilə bilər, cinayət işi də qaldırıla bilər, ancaq məhkəmə olmadan, hökm çıxmadan danışmaq müdaxilədir, bu məhkəməyə təzyiqdir, bu, qətiyyən yolverilməzdir. Amma görün nə tez, nə gözəl, nə yüksək səviyyədə 20-səhifəlik sənəd hazırlayıb ortaya atıblar. Bu nədir? Hakimlərə təsirdir. Azərbaycana qarşı provokasiyadır.

XS
SM
MD
LG