Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:13

Senat Ukraynaya 40 milyard dollarlıq yardım paketini qəbul etdi


enatdakı demokrat çoxluğun lideri Çak Şumer
enatdakı demokrat çoxluğun lideri Çak Şumer

Çak Şumer deyib: “Yardım, sözün əsl mənasında əhəmiyyətli yardım artıq yoldadır. Bu yardım ukraynalıları müzəffər etmək üçündür”

ABŞ Senatı Ukraynaya 40 milyard dollarlıq hərbi və iqtisadi yardım paketini böyük səs çoxluğu ilə qəbul edib.

Mayın 19-da keçirilən səsvermədə sözügedən sənəd 86 leyhinə, 11 əleyhinə nisbəti ilə qəbul olunub.

İndi prezident Co Bayden bu qanunun qüvvəyə minməsi üçün onu imzalamalıdır.

Senatdakı demokrat çoxluğun lideri Çak Şumer deyib:

“Yardım, sözün əsl mənasında əhəmiyyətli yardım artıq yoldadır. Bu yardım ukraynalıları müzəffər etmək üçündür”.

Senatın respublikaçı lideri Miç Makkonnel də yardım paketini dəstəkləyib və deyib ki, Ukraynanın məğlubiyyəti Amerikanın Avropadakı müttəfiqlərini çətin duruma salar, həm də ABŞ-ın Avropadakı hərbi xərclərini artırardı.

Senator deyib ki, bu yardımın edilməməsi regionda Çin kimi torpaqlar qəsb etmək istəyən ölkələri ürəkləndirərdi.

Makkonnel bildirib ki, suverenliyə, sabitliyə və çəkindirməyə çəkilən xərclər ağrılıdır, lakin bu xərcləri artıq çox gec olmadan çəkmək lazımdır.

Konqresin Nümayəndələr Palatası Ukraynaya hərbi yardım paketini ötən həftə 368 leyhinə, 57 əleyhinə nisbəti ilə qəbul edib.

Bayden bu qanunu imzaladıqdan sonra ABŞ-ın Ukraynaya müdaxilə başlanandan bəri Kiyevə verdiyi yardımların ümumi dəyəri 50 milyard dollara çatacaq.

Şumer mayın 18-də deyib ki, o Ukraynaya bu yardım paketinin sonuncu olacağından əmin deyil:

“Onlar döyüşürlər. Onlar həlak olurlar. Döyüşən və əzab çəkən onlardır. Bizim görəcəyimiz ən kiçik iş onlara ehtiyacları olan silahları verməkdir”.

Zelenski təşəkkürünü bildirib

Ukraynanın prezidenti Volodimir Zelenski ABŞ-dan verilən “əhəmiyyətli töhfə” üçün təşəkkürünü bildirib.

Prezident bu barədə yazdığı tvitdə qeyd edib ki, Senatın 40 milyard dollarlıq yardım paketini qəbul etməsi “Ukraynada, Avropada və dünyada sülh və təhlükəsizliyin bərpa olunmasına əhəmiyyətli töhfədir”.

Ukrayna prezindenti administrasiyasının rəhbəri Andriy Yermak deyib ki, bu yardım Rusiyanın Ukrayna tərəfindən məğlubiyyətə uğradılmasını şərtləndirəcək:

"Biz qələbəyə doğru inamlı və strateji hərəkət edirik. Müttəfiqlərimizə minnətdarıq”.

XS
SM
MD
LG