Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 18:48

Rəsmi açıqlama: 'Gözəl Bayramlının mənzilindən 1000 avro nağd pul tapılıb'


Gözəl Bayramlı aksiya zamanı saxlanarkən
Gözəl Bayramlı aksiya zamanı saxlanarkən

“Gözəl Bayramlını mayın 25-də Gürcüstandan Azərbaycana gələrkən 12 min dolları bəyan etməyərək əl yükünün içərisində gizlədilmiş halda keçirdikdən sonra Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsinin əməkdaşları saxlayıb”.

Dövlət Sərhəd Xidməti və Baş Prokurorluğun Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Gözəl Bayramlının həbsi ilə bağlı birgə məlumatında belə deyilir.

Buna da bax:​ Gözəl Bayramlının işindən şikayət verilib

Birgə məlumatda qeyd edilir ki, gömrük postundakı rentgen qurğusunda G.Bayramlıya məxsus sellofan paketə baxış keçirilib. Şübhəli predmet görüntüsü aşkar edildiyindən ona mütləq bəyan edilməli malların könüllü olaraq təqdim olunması təklif olunub. G.Bayramlı isə iddiaya görə, üzərində və əl yüklərində bəyan edilməli olan hər hansı bir malın olmadığını bildirib.

“Bundan sonra G.Bayramlıya məxsus əl yüklərinə baxış keçirilib və əl yükündəki sellofan torbanın içərisindən ümumilikdə 12 min ABŞ dolları məbləğində pul aşkar olunaraq götürülüb”, – açıqlamada yazılır.

Açıqlamada faktla bağlı Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanması, G.Bayramlı haqqında həbs qətimkan tədbirinin seçildiyi yada salınır.

Buna da bax:​ Müxalifət Gözəl Bayramlının müdafiəsi ilə bağlı addımları müzakirə edib

Evdə axtarış

Prokurorluq G.Bayramlının mənzilində axtarış aparılması barədə də bilgi verib. Bildirib ki, həmin axtarış zamanı onun mənzilindən 1000 avro məbləğində nağd pul götürülüb.

G.Bayramlının mənzilindən həmçinin, Gürcüstan banklarından 100 min rus rublu, 2 min dollar məbləğində nağd pulun alınmasını təsdiqləyən bank çıxarışlarının aşkar edilib götürüldüyü də bildirilir.

Prokurorluğun məlumatında o da iddia olunur ki, siyasətçinin mənzilindən 270 min rus rublu və 4 min 700 dollar məbləğində vəsaitlərin müvafiq olaraq manata dəyişdirilməsini təsdiqləyən 2015-ci ilin aprel ayına aid bank çıxarışları da tapılıb.

Buna da bax:​ Ə.Kərimli: “Azərbaycanı Şimali Koreyaya oxşadırlar”

Birgə açıqlamada G.Bayramlının 2015-ci ilin yanvarından bu yana 41 dəfə Gürcüstana səfər etdiyi, heç vaxt üzərində pul vəsaitinin olmasını bəyan etmədiyi vurğulanır.

Xatırlatma

Mayın 25-i axşam saatlarında AXCP sədrinin müavini G.Bayramlı Gürcüstandan qayıdarkən saxlanıb.

Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb.

Mayın 26-sı Səbail rayon Məhkəməsinin hökmü ilə o, 3 ay müddətinə həbs edilib.

Buna da bax:​ Gözəl Bayramlının evində axtarış aparılıb, evin sənədləri götürülüb

G.Bayramlı məhkəmədə deyib ki, həmin pulu hüquq-mühafizə əməkdaşları özləri onun əşyaları arasına atıblar, onun həbsi siyasi xarakter daşıyır. AXCP sədri Əli Kərimli isə Gözəl Bayramlının Gürcüstana müayinə məqsədi ilə getdiyini bildirmişdi. Əli Kərimli vurğulayırdı ki, Gözəl Bayramlı Gürcüstanda bir neçə dəfə əməliyyat olunub. Əllərində bunu təsdiqləyən sənədlər də var.

Müdafiə tərəfi həmçinin, bildirmişdi ki, Gözəl Bayramlının evində axtarış zamanı evin sənədləri də götürülüb. Ancaq rəsmi açıqlamada bu barədə bəhs edilmir.

AXCP sədrinin müavininə verilən ittiham təsdiqlənərsə, onu 5 ilə kimi həbs gözləyir.

XS
SM
MD
LG