Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 10:04

Səs yazısı şantaj alətinə çevriləndə. 'Hakimlər bu hüquqdan məhrumdur'


"Səsin gizli şəkildə yazılması şəxsi həyata müdaxilə kimi qiymətləndirilir".
"Səsin gizli şəkildə yazılması şəxsi həyata müdaxilə kimi qiymətləndirilir".

Keçmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) polkovniki, hazırda həbsdə olan Sahib Ələkbərov bu ilin fevralında məhkəmə iclasında deyib ki, onda Baş Prokurorluğun rəhbər vəzifəli şəxslərinə məxsus səs yazıları var. Əgər başına bir iş gəlsə, həmin səs yazıları lazım olan orqanlara təqdim olunacaq.

"Başıma bir iş gəlsə, təqdim eləyəcəklər, yer yerindən oynayacaq. Gəlməsə də, özüm eləyəcəm. Xəbərdarlıq edirəm - otursunlar yerlərində, mənimlə işləri olmasın. Məhkəmələrə müdaxilə edib barəmdə qanunsuz qərarlar qəbul elətdirməsinlər", – Ələkbərov bildirib.

Sabiq MTN polkovniki 8 il azadlıqdan məhrum edilməsi haqda Bakı Hərbi Məhkəməsinin hökmünü qanunsuz və əsassız sayırdı. Ancaq apreli əvvəlində Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb. Sabiq MTN-çilər rüşvət, hədə-qorxu ilə pul mənimsəməkdə ittiham olunurlar.

Sözügedən məhkəmə işində səs yazılarının dinlənilməsi ilə bağlı vəsatət verilməyib. Məhkəmə proseslərində səs yazılarının hədə-qorxu aləti kimi istifadəsi isə Azərbaycan üçün yad deyil. Bəs onlardan dəlil kimi istifadə oluna, araşdırıla bilərmi?

Hakim tələb edə bilməz

Keçmiş hakim Şükür Məmmədli AzadlıqRadiosuna səs yazılarının bəzən bütün məhkəmə prosesinə, qərarlara təsir edə biləcəyini deyir. Ancaq hakimlər bu faktı tələb etmək hüququndan bir çox hallarda məhrumdurlar: "Məhkəmə ifadələri könüllülük prinsipi əsasında olduğuna görə hakimin hər hansı sübutu tələb etmək haqqı olmur. Bir tərəf "bu səsi təqdim etsəm, filan qədər başlar yerindən qopar" kimi şantaj xarakterli cümlələr işlədə bilər. Bu halda hakim yalnız "proses lehinizə olsun deyə, səsləri göstərə bilərsiniz" kimi təklifləri irəli sürə bilər. Əgər qanunla məcburetmə səlahiyyəti olsa, məhkəmələrdə bu səlahiyyət nəticəsində fiziki zorakılıq daxil olmaqla, bir çox xoşagəlməz hallar yaşanar".

Keçmiş hakim səs yazılarının mötəbər mənbə hesab olunmadığını da sözlərinə əlavə edir. Bunu müasir dövrdə səs dəyişdirilməsi, yaxud da başqasının səsi ilə saxta fakt yaratmaq kimi halların istisna olunmaması ilə izah edir.

Azərbaycan Respublikasının Konstitusiyasına əsasən, səsin gizli şəkildə yazılması şəxsi həyata müdaxilə kimi qiymətləndirilir. Şükür Məmmədli də qeyd edir ki, qanun icazə vermədiyi üçün hakimlər ilə yanaşı, vəkillər də bununla bağlı vəsatət verməkdə çətinlik çəkir.

S.Vəkilov
S.Vəkilov

Səs yazmaq qanunsuzdur, amma…

Müvəkkil Hüquq Mərkəzinin sədri, hüquq müdafiəçisi Səməd Vəkilovun sözlərinə görə, bu hüquq cinayətin qarşısını almaqdan və ya cinayət işinin istintaqı zamanı həqiqəti üzə çıxarmaqdan ötrü məhdudlaşdırıla bilər. Yəni, əgər cinayət işinə birbaşa təsir edəcək səs yazıları varsa, bununla bağlı hakim məlumatları Baş Prokurorluğa təqdim edir, nəticəyə əsasən də sözügedən faktlar məhkəmədə tələb oluna bilir.

"Qanuna əsasən, insanlar yalnız öz səslərini yaza bilərlər. Bunun üçün onlara heç bir məhdudiyyət qoyulmur. Cinayət Məcəlləsində şəxsi həyatla bağlı maddəyə əsasən, gizli yazılmış səs yazılarının yayılması cinayət məsuliyyəti yaradır. Belə ki, şəxsi və ailə həyatının sirri olan səs yazılarının yayılması, habelə satılması və ya başqasına verilməsi, həmçinin qanunsuz toplanılması 100 manatdan 500 manatadək cərimə və ya 240 saatadək ictimai işlər və ya 1 ilədək müddətə islah işləri ilə cəzalandırılır. Eyni əməli vəzifəli şəxs edərsə, onu 3 ilə kimi həbs gözləyir", – hüquqşünas söyləyir.

Qanuna dəyişiklik təklifi

Hüquqşünas Elmir Səfərov isə sözügedən qanunvericiliyə dəyişiklik təklif edir. Onun sözlərinə görə, "pul mənimsənilməsi, eləcə də korrupsiya və rüşvət hallarının geniş yayıldığı ölkədə bu halları üzə çıxaracaq səs yazıları məhkəmələrdə hakimlər tərəfindən tələb edilməlidir".

"Transparency International" (Beynəlxalq Şəffaflıq) təşkilatının bu ilin əvvəlində açıqladığı Korrupsiyanı Qavrama İndeksində Azərbaycan 180 ölkə içində 157-ci yerdə qərarlaşıb. Hakimiyyət təmsilçiləri isə ölkədə korrupsiya ilə sistematik mübarizə aparıldığını deyirlər.

Boşanma qaydaları dəyişdi. 300 nəfər yeni işdə
Gözlə

No media source currently available

0:00 0:04:22 0:00

Hüquqşünas Səfərov Türkiyə təcrübəsini misal çəkir, bu ölkədə boşanma və xəyanət kimi ailə münasibətləri və cinayət işlərində səs yazısına icazə verildiyini vurğulayır: "Rüşvətxorluq da Türkiyədə cinayət kimi birbaşa araşdırılır deyə, bu mövzuda səs yazıları olanda hakim tələb edə bilir. Azərbaycanda isə pul mənimsənilməsini aşkarlayan səs gizli yazılıbsa, hakim bunu tələb edə bilmir. Gizli yazılmayıbsa, yenə vətəndaş istəmirsə, hakim tələb edə bilmir".

Xarici təcrübə

Rusiya Federasiyası Ali Məhkəməsində hakim məhkəmədə təqdim olunan səs yazısını sübut kimi qəbul, yaxud rədd edə bilir. Eləcə də şantaj predmeti olaraq göstərilən səs yazısının məhkəməyə təqdim olunmasını tələb etmək mümkündür.

ABŞ, Kanada, Yaponiya və digər bir sıra ölkələrdə məhkəmə işindən asılı olaraq səs yazıları proses zamanı hakimə və qərar verməyə təsiri olacaq şəxslərə təqdim edilməlidir. Səs yazısı üçün yalnız ictimai texniki vasitələrdən (telefonlar, səs yazıcılar və s.) istifadə edilə bilər. Vətəndaşlar tərəfindən xüsusi dinləmə vasitələrindən istifadə və onunla qeydə alınmış məlumatlar isə qanunsuz hesab edilir.

XS
SM
MD
LG