Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 22:55

Rusiyalı milyonçu şairi Azərbaycanda kimlər aldadıb?


Milyonçu şair Gülağa Qəmbərov (Tənha)
Milyonçu şair Gülağa Qəmbərov (Tənha)

“Bakıda keçirilən Avropa Oyunlarına da 8 milyon pul vermişəm...”

Rusiyada yaşayan azərbaycanlı milyonçu, “Gülağa Tənha” təxəllüsüylə tanınan şair Gülağa Qəmbərov Bakıda məhkəmə önünə çıxıb. O, keçmiş MTN generallarının cinayət işi üzrə zərərçəkən sayılan, ancaq özü də dələduzluqda suçlanaraq həbs olunan İlham Qasımovun məhkəməsində dindirilib. “Real” Mənzil-Tikinti Kooperativinin rəhbəri olan İlham Qasımov inşa etdirdiyi binalarda eyni mənzili bir neçə nəfərə satmaqda günahlandırılır.

Bu iş hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır. Gülağa Qəmbərov da zərərçəkmiş qismində tanınıb. Amma o, binada mənzil alan zərərçəkmişlərdən deyil. Milyonçu şair İlham Qasımovla birgə iş görmək istəyib, dediyinə görə, nəticədə 19,5 milyon dollar itirib.

Buna da bax: Pensiyası yubanan təqaüdçü: Formula-1 keçirdilər. . .

“Milyonlarla dollar verəsən, sonra da... təhdid olunasan”

“Mən belə olmasını istəməzdim. İlhamı da dəmir barmaqlıq arxasında görəndə, pis oluram. İlhama bir ay ərzində ümumilkdə 19 milyon 500 min dollar pul vermişəm. Bu günədək heç bir azərbaycanlıyla şərikli iş görməmişəm. Amma İlhama inandım, birlikdə iş görmək təklifini qəbul elədim. Sonra aramızda problemlər yarandı. Birinci verdiyim 10 milyon dollara bina tikilməli idi. Binanın tikintisi gedə-gedə, evlər satılacaqdı, amma mən hazır olandan sonra satılmasını istədim. Üç milyondan çox əlavə pul da verdim. Sonra metronun “Nizami” stansiyasının arxasında yarımtikili bir yeri göstərib dedi ki, orda da bina tikə bilərik. Demişdi ki, o yer “Real” MTK-nındı. Buna da pul ayırdıq”, - Gülağa Qəmbərov deyib.

Buna da bax: Ən azı 4 milyarda başa gələn Avropa Oyunları

Şairin sözlərinə görə, mənzil almaq istərkən aldadılan adamlar onun üstünə şikayətə gəliblər. O da belə şikayətlərdən bezdiyindən, İlham Qasımovdan şikayətçi olub. Özü aldadıldığını isə Cəbrayıl adlı dostuyla söhbətdən sonra anlayıb: “Dostum dedi ki, “Nizami” metrosunun arxasındakı yer problemlidi, oradan uzaq olum. Oranın sahibi Şakir adlı şəxs olub və çox adama qarşı dələduzluq etdiyinə görə həbs edilib, elə həbsxanada da ölüb. Mən də araşdıranda gördüm ki, o yer həqiqətən İlhamın deyilmiş. Aldadıldığımı başa düşdüm. Pulumu tələb eləyəndə də hədələndim, söyüldüm. 19 milyon 500 min dollar pul verəsən, sonra da söyüləsən, ailənlə təhdid olunasan…”.

Gülağa Qəmbərov pulunu geri almaq üçün sonadək mübarizə aparacağını söyləyir. Geri alınca, o vəsaitə kimsəsizlərə bina tikdirəcək: “Mən həmişə dövlətçiliyə xidmət etmişəm, xeyirxah işlərlə məşğul olmuşam. Bakıda keçirilən Avropa Oyunlarının təşkilinə də 8 milyon pul vermişəm”.

Milyonçu şairin dediyinə görə, İlham Qasımov, heç olmasa, 1 milyon gətirib, üzr istəsəydi, səhv etdiyini desəydi, onu bağışlardı: “Amma İlham söyüş söyüb ki, mənə 1 manat da verməyəcək. Mən də bu işin sonunadək gedəcəyəm”.

Buna da bax: Fəhlələrə deyirlər, pul yoxdu, «oyunlara xərclənib»

“Yalandan deyiblər ki, “İlham səni aldadır”

İlham Qasımov şairə yalan xəbər çatdırdıqlarını və kimsəni söymədiyini deyir: “Mən Gülağanı türkiyəli biznesmen dostum vasitəsilə tanımışam. İşini əla bilən biznesmendi, amma hamıya inanır. Mən onu söyməmişəm, bunu kişi kimi deyirəm. Bizim Gülağa ilə heç bir problemimiz yox idi. İşlər qaydasında gedirdi, amma bəziləri aramıza girdi. Yalandan Gülağaya dedilər ki, “İlham səni aldadır”. Araya bir işadamı girdi. O, Gülağadan 6 milyon aldı. Sonra həmin adamı “Beynəlxalq Bank işi”nə görə həbs elədilər. Həmin pul da batdı…”.

Məhkəmə oktyabrın 13-də davam edəcək.

XS
SM
MD
LG