Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 12:41

Ermənistan parlamentinin spikeri də KTMT tədbirinə qatılmayacaq


Alen Simonyan
Alen Simonyan

Ermənistan Milli Məcsilinin spikeri Alen Simonyan noyabrın 22-də deyib ki, o da ölkəsinin Rusiyanın rəhbərlik etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) bu həftə Minsk şəhərində keçirilən iclasında iştirakdan imtina etmiş baş naziri və başqa vəzifəli rəsmiləri kimi bu təşkilatın dekabr ayı üçün planlaşdırılan başqa bir tədbirinə qatılmayacaq.

Simonyan deyib ki, qərarı barədə KTMT ölkələri üzrə həmkarlarını məlumatlandırıb:

“Onlardan indiyədək cavab yoxdur. Düşünürəm ki, heç olmayacaq da...Əminəm ki, mənim iştirak etməmək barədə qərarımın səbəbi onlara aydındır”.

Lakin spiker əlavə edib ki, bu, “münasibətlərin dondurulması” anlamına gəlmir:

“Ermənistanın KTMT-dən çıxmağa dair qərarı yoxdur, amma inanıram ki, mənim bu tədbirdə iştirakım hazırkı situasiyada münasib hərəkət olmazdı. Situasiya isə belədir ki, KTMT öz öhdəliklərinə əməl etmir, heç keçmişdə də əməl etməyib”.

Bundan əvvəl

Bundan iki gün əvvəl təşkilatın baş katibi İmanqali Taşmaqambetov sözü gedən sammitə ev sahibliyi edəcək Belarusun avtoritar lideri Alyaksandr Lukaşenka ilə görüşündə demişdi ki, Yerevan KTMT-dən təşkilatın Ermənistana hərbi yardımı məsələsinin sammitin gündəliyindən çıxarılmasını rica edib.

Ermənistanın KTMT-nin Minsk sammitində iştirakdan imtinasını izah edərkən baş nazir Nikol Paşinyan deyib ki, təşkilat Ermənistanda "hansı ərazi üçün de jure məsuliyyət daşıdığını təsdiqləməkdən imtina edir":

“Belə bir şəraitdə bizim iştirakımız o demək olardı ki, biz Ermənistanın ərazi bütövlüyü və suverenliyini şübhə altına alan məntiqə qoşuluruq. Biz buna yol verə bilmərik və iştirak etməmək qərarını qəbul etməklə biz KTMT-yə və özümüzə növbəti addımlarımızı götür-qoy etmək üçün vaxt veririk".

Rusiya prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov noyabrın 22-də Paşinyanın KTMT-nin Minsk sammitində iştirak etməmək qərarından təəssüf bildirib.

Lakin o deyib ki, Kreml Ermənistanın KTMT çərçivəsində işi davam etdirəcəyini gözləyir.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub.

Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib.

2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib. Regiona Rusiya sülhməramlı kontingenti yerləşdirilib.

Bakı bu il sentyabrın 19-20-də Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib. Separatçı qurumun bir çox liderləri saxlanaraq Bakıya gətirilib.

XS
SM
MD
LG