Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:45

'Hökumət SOCAR-ı özəlləşdirməyə hələ hazır deyil'


SOCAR-ın yeni binasında, 30May2016
SOCAR-ın yeni binasında, 30May2016

Dövlət Neft Şirkəti - SOCAR özəlləşdirilə bilər. Azərbaycan prezidentinin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov bunun siqnalını verib. O, SOCAR səhmlərinin satışa çıxarıla biləcəyini söyləyib.

Prezident köməkçisi deyir ki, SOCAR-ın səhmləri satışa çıxarıla bilər...

Prezident köməkçisi vurğulayıb ki, günün birində SOCAR səhmlərinin bəlli bölümü satışa çıxara bilər. Əslində, SOCAR-ın özəlləşdirilməsini beynəlxalq maliyyə qurumları da tövsiyə etmişdi. Şirkət səhmlərin satılma məsələsi təbii suallar doğurub: Bu, şirkətin özəlləşdirilməsi ilə nəticələnə bilərmi? Təşkilatın indiki statusu, maliyyə durumu özəlləşməyə imkan verirmi? Və s.

Buna da bax:​ SOCAR səhmlərini satışa çıxara bilər

Azərbaycan prezidentinin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov
Azərbaycan prezidentinin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov

«Prezidentin köməkçisi SOCAR-ın səhmdar cəmiyyət olmadığını bilmir!»

İlham Əliyev: «SOCAR dövlətin strateji aktividir. Bu səbəbdən onun özəlləşdirilməsindən söhbət gedə bilməz».

Hüquqçu mütəxəssis Əkrəm Həsənov deyir ki, SOCAR-ın satmağa öncə səhmi olmalıdır: «Deyəsən, prezidentin köməkçisi SOCAR-ın səhmdar cəmiyyət olmadığını bilmir! Səhmdar cəmiyyət olmayanın səhmi də olmur ki, kiməsə satsın. Neçə vaxtdir ki, deyirəm: SOCAR-ın hüquqi statusu, təşkilati-hüquqi forması bəlli deyil. Bu qurum səhmdar cəmiyyəti bir yana, heç məhdud məsuliyyətli cəmiyyət və ya kooperativ statusuna da malik deyil».

«Belədirsə, bəyənilsin»

«Bundan ötrü, ilk növbədə, müəyyənləşdirilməlidir ki, SOCAR-ın səhm nəzarət paketi dövlətdə qalacaq, yoxsa özəl sahibkarda».

Ekspert indiki durumda hər hansı standart və ya korporativ idarəçilikdən söhbət getmədiyini bildirir və fikrini belə tamamlayır: «SOCAR bir nəfərin iradəsi ilə idarə olunan qurumdur. Bəlkə N. Əmirov bu çıxışı ilə SOCAR-ın səhmdar cəmiyyətə çevriləcəyinə eyham vurub? Belədirsə, bəyənilsin. Ən azı, SOCAR-in da bir qanuni statusu olar».

Prezident özəlləşmə olmayacağını söyləmişdi

Bu ilin yanvarında Davos İqtisadi Forumuna qatılan Azərbaycan prezidenti İlham Əliyev «RİA Novosti» agentliyinə müsahibəsində özəlləşdirməyə çıxarılacaq dövlət aktivlərindən söz açaraq, SOCAR-ın özəlləşdirilməyəcəyini bəyan etmişdi: «SOCAR dövlətin strateji aktividir. Bu səbəbdən onun özəlləşdirilməsindən söhbət gedə bilməz».

Buna da bax:​ Min dolları olan hər kəs SOCAR-ın istiqrazına sahib ola bilər

«SOCAR Azərbaycanda ən çox borc öhdəliyi olan dövlət müəssisəsidir»

«SOCAR kimi strateji müəssisələr özəlləşdirmədən öncə sağlamlaşdırılmalı və onların borcları tənzimlənməlidir».

İqtisadçı ekspert Qubad İbadoğlu dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması ilə bağlı prezident fərmanının imzalandığını yada salıb: «Ancaq bu SOCAR kimi strateji müəssisələrin özəlləşdirilməsinə yetərli deyil. Belə müəssisələr özəlləşdirmədən öncə sağlamlaşdırılmalı və onların borcları tənzimlənməlidir. SOCAR Azərbaycanda ən çox borc öhdəliyi olan dövlət müəssisəsidir».

Ekspertin fikrincə, SOCAR-ın və digər iri dövlət müəssisələrinin özəlləşdirilməsi mürəkkəb və çoxmərhələli prosesdir: «Bu prosesə onların maliyyə-təsərrüfat fəaliyyətinin sağlamlaşdırılmasından başlanılmalı və səhmləşdirilmədən sonra onların hissə-hissə satışı üçün hərraclar təşkil olunmalıdır. Bundan ötrü, ilk növbədə, müəyyənləşdirilməlidir ki, SOCAR-ın səhm nəzarət paketi dövlətdə qalacaq, yoxsa özəl sahibkarda. Bu, önəmli məsələdir».

Buna da bax:​ SOCAR 100 milyon dollar borclanacaq

«SOCAR Azərbaycanda ən çox borc öhdəliyi olan dövlət müəssisəsidir»

Q. İbadoğlu SOCAR-ın özəlləşdirilməsinin yalnız maliyyə məqsədlərinə xidmət etməli olmadığını deyir: «Səhmləşdirmə həm də SOCAR-ın hesabatlılığı və şəffaflığının artırılması baxımından əhəmiyyətlidir».

Onun qənaətincə, iri dövlət müəssisələrinin özəlləşdirilməsi üçün 3-cü dövlət proqramının qəbuluna ehtiyac var.

«Hökumət SOCAR səhmlərinin özəlləşdirilməsinə hələ hazır deyil»

Başqa bir ekspert Zöhrab İsmayıl düşünür ki, ölkədəki iqtisadi böhran belə qərarları labüdləşdirə bilər: «Amma indiki iqtisadi siyasət, bazar iqtisadiyyatına və idarəetməyə indiki münasibət qaldıqca, bu addımlar iqtisadiyyata xüsusi stimul verə bilməyəcək. Bununla belə, məncə, hökumət SOCAR səhmlərinin özəlləşdirilməsinə hələ hazır deyil».

Z. İsmayılın fikrincə, hətta səhmlərin 5-10 faizinin özəlləşdirilməsi də hökumətin öz SOCAR siyasətini dəyişdirməsi deməkdir: «Düşünmürəm ki, hakimiyyət sahibləri SOCAR-a nəzarəti kimlərləsə paylaşmağa hazır olsunlar».

XS
SM
MD
LG