Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 10:08

SOCAR rəsmisi üçün 'qəpik aksiyası' keçirilir


A.Qəmbərov
A.Qəmbərov

SOCAR-ın «Kompleks Qazma İşləri Tresti»nin rəisi İsgəndər Şirəli ilə bu qurumun keçmiş işçisi Arif Qəmbərov arasında aylardır davam edən məhkəmə çəkişməsinin daha bir mərhələsi başa çatıb. Sabunçu Rayon Məhkəməsi A.Qəmbərovun üzərinə sabiq rəisinə 10 min manat ödəmək öhdəliyi qoymuşdusa, mayın 7-də Bakı Apellyasiya Məhkəməsi məbləği 10 dəfə azaldıb. SOCAR rəsmisinin işgüzar nüfuzuna xələl gətirməkdə suçlanan A.Qəmbərov apellyasiya məhkəməsinin qərarına əsasən, İ.Şirəliyə 1000 manat ödəməlidir.

SOCAR-ın idarə rəisi iddia edir ki, müxtəlif saytlarda onun haqqında yazılan məqalələri A.Qəmbərov yazdırıb. Həmin məqalələrdə trestdə rəhbərliyin işçilərin hüquqlarını pozması, onlara təzyiq göstərib məcburi ərizə yazdırılması, korrupsiya, qohumbazlıq hallarının hökm sürməsindən bəhs olunur, İ.Şirəlinin dövlət idarəsini özünün ailə şirkəti kimi idarə etdiyi bildirilir.

«Mətbuat 2009-cu ildən yazır»

Məhkəmədə A.Qəmbərov bildirib ki, qarşı tərəf tənqid olunduğu məqalələrə görə onu suçlayır, amma ortaya heç bir sübut qoymur:

***Buna da bax-SOCAR-ın trest rəisinə görə işçisi 10 min manat cərimələndi

«İddia edir ki, işdən çıxarılmağıma görə qisas almaq üçün mətbuata onun haqqında yalan məlumatlar vermişəm. Mən işdən 2017-ci ilin yayında çıxmışam. Amma onun əməlləri haqqında mətbuat hələ 2009-cu ildən yazır».

İddiaçı tərəf məhkəməyə müxtəlif saytlarda yayımlanmış xeyli material təqdim edib. Bakı Apellyasiya Məhkəməsi onlardan yalnız biri üzrə İ.Şirəlinin iddiasını əsaslı sayıb.

A.Qəmbərov Bakı Apellyasiya Məhkəməsinin qərarını da qəbul etmir. Bildirir ki, qarşı tərəfin iddiası tam əsassız idi.

A.Qəmbərov 30 il çalışdığı trestdən 2017-ci ilin yayında çıxarılıb. Onun sonuncu iş yeri «Günəşli» yatağında 8 saylı özüldə qazma üzrə rəis müavini vəzifəsi olub.

Trestdə özbaşınalığa etirazını bildirdiyi üçün rəhbərlik tərəfindən döyüldüyünü, təhqirə məruz qaldığını iddia edən A.Qəmbərovun sözlərinə görə, ötən yay ona aşağı vəzifəyə keçirilməsi üçün könüllü ərizə yazdırmaq istəyiblər. O isə bu tələbə əməl etməyib: «Onlar da qarşımda şərt qoydular ki, könüllü aşağı vəzifəyə keçməsəm, işimi yerli-dibli itirəcəm. Hətta bu barədə yaşadığım ünvana bildiriş də göndəriblər ki, imzalayım. Mənsə imzalamadım».

***Buna da bax-Neftçi: 'Könüllü ərizə yazdırmaq istədilər, hər şey bundan sonra başladı...'

A.Qəmbərov iddia edir ki, təcrübəli neftçilər işdən kənarlaşdırılır, onların yerinə bu sahədə təcrübəsi olmayan, ancaq vəzifədə qohum-qardaşı olanlar gətirilir. Dediyinə görə, 2017-ci il sentyabrın 14-də «Günəşli» İstehsalat Bölümünün rəisinin qəbuluna gedib, amma orada təhqir və zorakılığa məruz qalıb.

Dövlət Neft Şirkətindən isə bildirilib ki, A.Qəmbərovun şikayəti Xətai Rayon Prokurorluğunda araşdırılıb və onun iddiaları, o cümlədən döyülməsi haqda söylədikləri təsdiqini tapmayıb. Ona görə də məhkəməyə müraciət olunub.

«İnsan haqlarının pozulmasına diqqət çəkmək»

Neftçilərin Hüquqlarını Müdafiə Mərkəzinin rəhbəri Mirvari Qəhrəmanlı AzadlıqRadiosuna bildirib ki, A.Qəmbərovun üzərinə qoyulmuş kompensasiyanı ödəmək üçün «qəpik aksiyası»na başlayıblar. Məqsəd isə qəpik pullar vasitəsilə SOCAR rəsmisinə çatası məbləği toplamaqdır: «Əvvəla, Arif Qəmbərov kasıb adamdır, onun artıq pulu haradadır ki, aparıb İsgəndər Şirəliyə versin. İkincisi və ən əsası, bu yolla insan haqlarının pozulmasına diqqət çəkməkdir. SOCAR-da işçilərin başına açılan oyunlar, insanların əmək hüquqlarının tapdanması kimi problemlər diqqətdən kənarda qalmamalıdır».

Hüquq müdafiəçisinin sözlərinə görə, Gürcüstandan olan həmkarları da bu «qəpik aksiyası»na dəstək verəcəklərini bildiriblər: «Gürcü hüquq müdafiəçiləri də artıq qəpikləri toplamağa başlayıblar».

XS
SM
MD
LG