Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:32

Türkiyə-İsrail yaxınlaşması: Azərbaycan və başqa maraqlar


Türkiyə prezidenti Recep Tayyip Erdoğan (sağda) və İsrailin baş naziri Benyamin Netanyahu
Türkiyə prezidenti Recep Tayyip Erdoğan (sağda) və İsrailin baş naziri Benyamin Netanyahu

“Amerikanın səsi” radiosu yazır ki, İsrail və Türkiyə arasındakı münasibətlərdə ciddi yaxınlaşma baş verə bilər.

Türkiyə ilə İsrail arasında ikitərəfli danışıqların getdiyini və diplomatik münasibətlərin mart ayınadək bərpa oluna biləcəyini prezident Recep Tayyip Erdoğanın müşaviri də təsdiqləyib.

Ölkələr arasında münasibətlər 2017-ci ildə pozulmuşdu.

Türkiyə prezidentinin siyasi məsələlər üzrə müşaviri Mesut Caşın bu barədə deyib:

"Əgər Türkiyə bir addım atsa, Türkiyə bəlkə də iki addım atar. Əgər biz yaşıl işıq görsək Türkiyə səfirliyini yenidən açacaq və səfirimizi İsrailə qaytaracağıq. Bəlkə də mart ayınadək biz tam diplomatik münasibətlərimizi bərpa edə bilərik. Niyə də yox? Sülh və təhlükəsizliyin bərqərar edilməsi İsrail və Türkiyə üçün çox mühümdür. Mavi Marmaradan sonra biz İsraillə aramızda daha bir insidentin baş verməsini istəmirik”.

Mavi Marmara 2010-cu ildə fələstinlilərə humanitar yardım daşıyan 6 Türkiyə gəmisindən ən böyüyü idi. Bu gəmidə İsrail blokadasını yarmağa çalışan fələstinyönlü fəallar vardı. Bu, İsrailin həmin gəmiyə reyd keçirməsinə və 9 Türkiyə vətəndaşının ölümünə səbəb olmuşdu.

Trampdan Baydenə keçid

Ovaxtdan bəri Birləşmiş Ştatların bütün vasitəçilik cəhdlərinə baxmayaraq Türkiyə-İsrail münasibətləri bərpa olunmayıb.

ABŞ prezidenti Donald Tramp Yerusəlimi İsrailin paytaxtı kimi tanıdıqdan və İsrailin təhlükəsizlik qüvvələri Fələstin etirazçıları üzərinə hücumlar etdikdən sonra iki ölkə səfirlərini geri çağırmışdı.

Çaşın etiraf edib ki, ABŞ-da Baydenin prezident seçilməsi İsrail və Türkiyəni yaxınlaşmaya sövq edən faktorlardan biridir.

Türkiyə prezidenti Erdoğanın Trampla münasibətləri yaxşı olsa da, Bayden prezidentliyinin Ankara üçün çətinliklər yarada biləcəyi proqnozlaşdırılır. Türkiyə-İsrail müsnasibətləri üzrə ekspert Selin Nasi deyib:

"Türkiyə-Amerika münasibətləri ən azı başlanğıcda çətin dövrünə daxil olur. Çünki Bayden administrasiyası üçün demokratiya və insan haqları həssas məsələdir. ABŞ Konqresində anti-Türkiyə əhval-ruhiyyəsinin hökm sürdüyü nəzərə alınarsa, Türkiyə bu halın İsrailin neytrallaşdıracağına və Türkiyənin yenidən Vaşinqtonun diqqətini cəlb edəcəyinə ümid edə bilər”.

Qarabağ müharibəsində eyni cənhədə

Məqalədə deyilir ki, Türkiyə və İsrail bu yaxınlarda baş vermiş Ermənistan-Azərbaycan müharibəsində ortaq məxrəcə gəlmişdilər.

Bəzi mülahizələrə görə İsrail və Türkiyə dronları bu müharibədə Azərbaycanın İran tərəfindən dəstəklənən Ermənistan üzərində qələbəsini təmin edib.

Selin Nasi bildirir ki, İsrail və Türkiyəni yaxınlaşdıran motivlər var:

"İsrailin Türkiyə ilə münasibətləri yaxşılaşdırmasındakı motivini müəyyən etmək çətindir, amma məlum olan budur ki, bu iki ölkənin Yaxın Şərqdə İranın qüdrət və təsirini neytrallaşdırmaq da daxil çulğalaşan maraqları var. Üstəlik İsrailin bir neçə ərəb ölkəsi ilə münasibətlərini normallaşdırdığı bir vaxtda Türkiyənin də bu sıraya daxil olması onun barışçı imicini gücləndirə bilər”.

Türkiyənın qazancı daha çox olacaq

Türkiyə prezidentinin müşaviri Çaşın deyir ki, İsrailin bu normallaşmadan qazanacaqları çoxdur:

“Türkiyə İsraildən çoxlu silah alıb. Biz bunu yenidən gerçəkləşdirə bilərik. Türkiyə və İsrailin müdafiə sənayeləri yanaşı addımlaya bilər. İkincisi isə enerji resurslarıdır. Onlar neft və qaz tapıblar. Yaxşı, İsrailin əhalisi 8 milyondur. Onlar qazı və nefti kimə satacaqlar? Ən böyük bazar Türkiyədir. Türkiyə İsrail üçün onu kəmərlərlə Avropa İttifaqı bazarına bağlayan dəhliz ola bilər”.

Məqalədə deyilir ki, İsrail və Türkiyənin münasibətlərində ən mürəkkəb məqam İsrailin Türkiyənin regional rəqibləri olan Misir və Yunanıstanla müttfəiq münasibətləridir.

Bu üç ölkə öz müttəfiqliyini enerji və müdafiə üzərində qurur. Bəzi müşahidəçilər bildirirlər ki, əslində bu üçlüyün yaxınlaşması bir növ Türkiyənin regionda artan aktivliyinə cavab reaksiyasıdır.

Təhlilçilər bilirirlər ki, İsrail Misir və Yunanaıstanla bu yaxnlarda dərinləşmiş münasibətlərini korlamaq istəməz.

Erdoğanın müsəlman sentimenti

Lakin İsrail-Türkiyə münasibətləri üçün ən böyük maneə Ankaranın İslam Qardaşlığı və Həməs təşkilatlarını dəstəkləməsidir.

Global Source Partners analitik mərkəzindən Atilla Yeşilada deyir ki, bu səbəbdən Türkiyə bəzi addımları atmalı ola bilər:

"İsrailin nöqteyi-nəzərindən Türkiyə Yerusəlimin statusu ilə bağlı qıcılanmasını dayandırmalı və İsrailin terrorçu kimi baxdığı elementlərə dəstəyini kəsməlidir. Türkiyə Həməs və Müsəlman Qardaşlığı ilə bağlarını kəsməlidir”.

Özünü müsəlman haqlarının qlobal müdafiəçisi kimi göstərən Erdoğan Yerusəlimin İsrail paytaxtı kimi beynəlxalıq tanınmasına qarşı olan qüvvələrin başındadır.

Türkiyə güzəştlərə hazırdır

Ankara Yaxın Şərq Texniki Universitetinin beynəlxaql münasibətlər professoru Hüseyin Bağcı düşünür ki, Ankara güzəştlərə hazırdır:

"Ankara bu qruplara dəstəyini azaldacaq. Türkiyə Müsəlman Qardaşlığını açıq dəstəkləməyəcəyini vəd edib. Erdoğanın sözçüsü İbrahim Kalın Brüsselə səfər edərkən yəqin ki, buna bənzər vədlər verib. Buna görə də Türkiyənin islahatları həyata keçirəcəyinə, Müsəlman Qardaşlığını dəstəkləməyəcəyinəgözləntilər böyükdür”.

Lakin bütün hallarda münasibətlərdəki hər hansı yaxınlaşma Erdoğanla İsrailin baş naziri Benyamin Netanyahu arasındakı düşmənçiliyə üstün gəlinməsini tələb edəcək.

İki lider ara-sıra bir-birlərini acılayırlar. Müşahidəçilər bunun seçki elektoratlarına ünvanlanmış oyun olduğunu deyirlər. İsraildə isə böyük bir ehtimalla qarşıdan yeni seçkilər gəlir.

XS
SM
MD
LG