Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 18:30

T.Bağırovun Türkiyədən gətirilən dostuna narkotik ittihamı verildi


A.Cabbarov
A.Cabbarov

Türkiyədə saxlanaraq Azərbaycana təhvil verildiyi bildirilən «Müsəlman Birliyi» Hərəkatının üzvü Anar Cabbarova qarşı narkotik ittihamı irəli sürülüb. Bu barədə AzadlıqRadiosuna inanclı fəalın anası Hökumə Cabbarova məlumat verib.

«15 gündür axtara-axtara qalmışdıq. Dəfələrlə Kürdəxanı təcridxanasına da getmişdik. Aprelin 4-də səhər saatlarında bizə xəbər verildi ki, artıq təcridxanaya köçürüblər. Gəlib təcridxanadan dəqiqləşdirdik, dedilər ki, burdadır, narkotiklə rəsmiləşdiriblər», - H.Cabbarova bildirib.

A.Cabbarova qarşı CM-in 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddəsi ilə ittiham irəli sürülüb. Bu maddədə 5 ildən 12 ilə qədər həbs cəzası nəzərdə tutulub.

Amma anası ittihamı rədd edir və oğlunun narkotiklə heç bir əlaqəsi olmadığını bildirir. Onun sözlərinə görə, oğlu martın 16-da sənədlərində problem olması bəhanəsi ilə Türkiyədə saxlanılıb, 5 gün ərzində Deportasiya İdarəsinə, Azərbaycanın İstanbuldakı konsulluğuna aparılıb-gətirilib: «Bu müddətdə konsulluqda sənəd hazırlayıb, Azərbaycana təhvil veriblər. Martın 22-də də Bakıya gətiriblər. Anar Türkiyədə ailəsi, üç uşağıyla yaşayırdı, kiçik ticarətlə məşğul olurdu. O, saxlanılan kimi oradakı dostları ona vəkil tutmuşdular. Vəkil dəfələrlə Deportasiya İdarəsinə gedib orada onunla görüşüb, deyiblər, sənəd problemi düzəlsin, buraxılacaq. Axırda da belə elədilər. Dediyim odur ki, ortada türk vəkil və başqa şahidlər var axı. Necə yalan yazırlar ki, guya Bakıda üstündən narkotik çıxıb?».

A.Cabbarov «Müsəlman Birliyi» Hərəkatının sədri, həbsdə olan ilahiyyatçı Taleh Bağırovun ailəvi dostudur. Ailəsi hesab edir ki, onu məhz bu səbəbdən cəzalandırırlar.

A.Cabbarovun Bakıya gətirildikdən sonra DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlandığı bildirilirdi. Ailə üzvləri isə dəfələrlə həmin idarəyə getsələr də, A.Cabbarovun orada olub-olmaması barədə konkret cavab almadıqlarını, müqavilə bağladıqları vəkilin də onunla görüşə bilmədiyini deyirdilər. Bununla əlaqədar bir neçə dəfə Daxili İşlər Nazirliyinə və Baş Prokurorluğa da müraciət olunub.

Daxili İşlər Nazirliyi A.Cabbarovun saxlanma səbəbləri və yeri barədə heç bir açıqlama verməyib.

Xatırlatma

«Müsəlman Birliyi» Hərəkatının sədri T.Bağırov da daxil, təşkilatın onlarla üzvü həbsdədir. Onların əksəriyyəti 2015-ci il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakının Nardaran qəsəbəsində keçirdiyi əməliyyat zamanı və ondan sonrakı günlərdə həbs olunub. Əməliyyat nəticəsində ikisi polis olmaqla, altı nəfər həlak olub. Rəsmi ittihama görə, radikal silahlı dəstə polis əməkdaşlarına silahlı müqavimət göstərib.

Həmin vaxt Nardaranda və bundan bir qədər əvvəl Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verən hadisələrə görə 70-dən çox (hüquq müdafiəçilərinin siyahısında bu rəqəm 80-dən çox göstərilir) adam həbs olunub. Onların bir qisminə silah saxlama ittihamı ilə ilyarımdan 6 il 6 ayadək həbs cəzası kəsilib. 40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib.

İlahiyyatçı T.Bağırov 20 il həbs cəzasına məhkum edilib.

Nardaran olayları ilə bağlı həbs edilənlərin əksəriyyəti məhkəmələrində tutularkən və ilkin dindirilmədə ağır işgəncələrə məruz qaldıqlarını bildiriblər.

XS
SM
MD
LG