Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 05:25

Türkiyədə çalışanlar vətənə qayıtmağa qorxur


İstanbul aeroportu, 2016
İstanbul aeroportu, 2016

Türkiyədə çalışan bir çox tacikistanlı əmək miqrantı ölkələrinə qayıtmağa qorxur. Onlar deyirlər ki, ölkənin hüquq-mühafizə orqanları Türkiyədən gələn miqrantlara şübhəylə yanaşır.

Sayfiddin Emomov hazırda qardaşı və həyat yoldaşı ilə birlikdə Türkiyənin şəhərlərindən birində çalışır. O, AzadlıqRadiosu-nun tacik bürosuna müsahibəsində son iki il ərzində vətənə getmədiyini deyib. Onun sözlərinə görə, hökumət qurumları dəfələrlə onun yaxınlarını çağıraraq onun yeri barədə bilgi almağa çalışıblar.

Sayfiddin deyir ki, hüquq mühafizəçilərinin onun şəxsinə marağı xaricdə ekstremist qruplaşmalara qoşulması haqda şayiələrdən sonra başlayıb. Onun sözlərinə görə, günahsızlığını sübut etməyə qadir olsa da, vətənə qayıtmaqdan ehtiyatlanır.

Buna da bax:​ Azərbaycanlı miqrantlar vətənə qayıdır

HÖKUMƏTİN QORXUSU

«Əvvəlcə həyat yoldaşımın yanıma gəlməsinə icazə vermədilər. Sonra icazə verdilər. Buna görə onlara minnətdaram. İndi qardaşımın həyat yoldaşının ölkədən çıxmasına icazə vermirlər. Ancaq biz hansısa qruplaşmaların, yaxud partiyaların üzvü deyilik, axı. Türkiyədə qanuni şəkildə işləyirik. Çox xahiş edirik, bizə təzyiq etməsinlər və vətənə sərbəst gəlməyimizə imkan versinlər», – Sayfiddin deyib.

Türkiyədə çalışan Sayfiddin Emomov və onun arvadı, İstanbul, 9Mart2017
Türkiyədə çalışan Sayfiddin Emomov və onun arvadı, İstanbul, 9Mart2017

Sayfiddin qardaşı ilə birlikdə çörək bişirir və ayda 600 dollar qazanır.

Tacikistanın Khatlon vilayətinin 26 yaşlı sakini Shahboz Rahimov il yarım bundan öncə Rusiyadan deportasiya edilib. Bundan sonra o, dolanışıqdan ötrü Türkiyəyə üz tutub. Burada müxtəlif tikinti obyektlərində çalışıb. Shahboz AzadlıqRadiosu-nun tacik bürosuna bildirib ki, xaricdə olduğu müddətdə hüquq-mühafizə orqanlarının əməkdaşları tez-tez onun evinə gələrək yaxınlarından yerini soruşublar. Yaxınları Shahbozun Türkiyədə işlədiyini deyəndə hökumət strukturları bu məlumatı qorxuyla qarşılayıblar.

Tacikistanlı gənc bu yaz vətəninə gedərək toy eləmək istəyir, ancaq hüquq-mühafizə orqanları tərəfindən dindirilməkdən qorxur.

SƏRHƏDDƏN KEÇMƏYƏ “TANIŞ” TAPIRLAR

Tacik əmək miqrantlarının çoxu Türkiyədə tikintidə və ticarət mərkəzlərində çalışır. Alijon Rahimov adlı tacikistanlı miqrant artıq üç ildir ki, Türkiyədə işləyir. Bu müddət ərzində o, yaxınları ilə görüşməyə bir dəfə vətənə gedib. Onun sözlərinə görə, Düşənbə hava limanında sərhəd xidməti əməkdaşının sualına cavab olaraq iş yeri ilə bağlı sənədlərini göstərib və bundan sonra daha onu heç kəs narahat etməyib.

Buna da bax: Yarım milyon adam miqrantlar üçün küçələrə çıxdı

«Sənədlərim qaydasındadır. Ancaq bir çox həmvətənlər Türkiyədə qeyri-qanuni çalışır. Buna görə də Türkiyədə həqiqətən də dolanışıq üçün yaşadıqlarını sübut edə bilmirlər. Burada baş vermiş terror aktlarından sonra davamlı yoxlama və axtarışlara görə işimiz çətinləşib», – Alijon deyir.

O, hər ay tacik miqrantların Türkiyədən deportasiya edilməsinin şahidi olduğunu deyir.

«Əslində, bir çoxları üçün Türkiyə Suriyanın sinoniminə çevrilib. Türkiyədə işləyənlər vətənə dönməzdən öncə Tacikistan sərhədini keçən zaman hər hansı problemlərlə üzləşməməkdən ötrü «tanışlar» axtarırlar», – gənc fəal Fakhriddin Tohirov deyir.

Tacik hüquq-mühafizə orqanları hesab edirlər ki, son illər Türkiyə tacik müxalifətçilərinin toplaşma yerinə və Suriya və İraqa gedən tacikistanlıların tranzit yoluna çevrilib.

Buna da bax:​ Miqrantlar taksi sürə bilməyəcək

Düşənbə aeroportu
Düşənbə aeroportu

98% TÜRKİYƏDƏN KEÇİR

Hüquq-mühafizə orqanlarındakı mənbə radioya bildirib ki, Yaxın Şərqdəki hərbi əməliyyatlara qatılan gənc taciklərin 98%-i oraya Türkiyədən keçərək gediblər. Onun sözlərinə görə, son ilyarım ərzində taciklərin Suriyadan Türkiyəyə qayıdaraq, oradan gizli şəkildə başqa ölkələrə keçməyə cəhd göstərməsiylə bağlı 8 hal qeydə alınıb.

«Gənclər Suriyadan qaçırlar. Ancaq Ukrayna və başqa ölkələrdə ələ keçirlər. Yəni onlar Türkiyə sərhədlərini sərbəst keçirlər. Qorxuya səbəb olan da məhz elə bu faktdır. Dindirilmə və söhbətlər də buna görə aparılır. Ancaq heç kəsi əsassız saxlamırlar. Kim qanun qarşısında təmizdirsə, rahatca vətənə qayıda bilər. Hətta hər hansı günahı olan da günahını etiraf edərək qayıda bilər. Onlara münasibətdə amnistiya tətbiq oluna bilər», – deyə mənbə bildirib.

Buna da bax:​ Levada Mərkəzi: 'Rusiyanın hər 3 sakinindən biri qafqazlıları istəmir'

Rusiyada miqrasiya qanunvericiliyinin sərtləşməsindən sonra bir çox tacik dolanışıqdan ötrü Türkiyəyə üz tutublar. Tacikistanın Əmək Nazirliyinin məlumatına görə, Türkiyədə 2 min – 5 min arasında tacik əmək miqrantı çalışır.

XS
SM
MD
LG