Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 13:42

Taleh Bağırov: 'Abbası gözümün qabağında döyüb apardılar'


A.Hüseynov
A.Hüseynov

«Dünən Abbası gözümün qarşısında döyüb qanına qəltan elədilər. Sonra da sürüyə-sürüyə apardılar. Məncə, heç Qobustan həbsxanasında deyil, harasa başqa yerə aparıblar onu...», – ilahiyyatçı Taleh Bağırov yanvarın 14-də ailəsi ilə telefon əlaqəsi zamanı danışarkən belə deyib.

Bu haqda AzadlıqRadiosuna danışan ailə üzvlərinin sözlərinə görə, ilahiyyatçı Abbas Hüseynovun yaxınlarına və ictimaiyyətə Qobustan həbsxanasında onun başına gətirilənlər barədə məlumat verilməsini istəyib.

«Qobustan həbsxanasında saxlanan daha bir Nardaran məhbusu Cabbar Cabbarovdan isə xəbər yoxdur. Özü haqda isə yalnız bunları dedi ki, onunla birlikdə kamerada saxlanılan məhkumun yerini dəyişiblər. Cəza çəkdiyi dövrdə başqa bir məhkumu yandırdığına görə təkrar cəzalandırılan şəxsi onun kamerasına gətiriblər. Üç gün öncə vəkillə görüşə aparıb-gətirəndə qoluna qanlı qandal vurublar. Həmin qandalı da elə sıx bağlayıblar ki, əlləri zədələnib», – T.Bağırovun yaxınları bildirib.

Nardaran məhbusu A.Hüseynovun anası Rəhimə Hüseynova AzadlıqRadiosuna bildirib ki, hər həftənin bazar ertəsi Abbasın evə telefonla zəng etdiyi gündür. Yanvarın 14-də gözləsələr də, ondan zəng gəlməyib: «Son vaxtlar Qobustan həbsxanasında Hacı Talehin başına gələnləri nəzərə alıb, onsuz da narahat idik. Zəng gəlməyəndə narahatlığımız bir az da artdı. Az əvvəl Abbasın vəhşicəsinə döyülməsi xəbərini aldıq. Bu qədər zülm, bu qədər qəddarlıq olarmı? Bunlar nə istəyir mənim övladımdan? Öldürmək, yox eləmək istəyirlərsə, birdəfəlik açıq desinlər».

Anası hesab edir ki, yanvarın 10-da Siyasi Məhbusları Müdafiə Mərkəzinin toplantısında etdiyi çıxışa görə Abbasdan intiqam alırlar. R.Hüseynova bildirib ki, Penitensiar Xidmətə, Beynəlxalq Qırmızı Xaç Komitəsinə, Ombudsman Aparatına və başqa aidiyyəti qurumlara müraciət edəcək.

R.Hüseynova həmin tədbirdə Qobustan həbsxanasında oğlunun, digər məhbusların durumundan danışmışdı.

Penitensiar Xidmət isə istər A.Hüseynovun döyülməsi, istərsə də T.Bağırova müxtəlif formalarda təzyiqlər barədə deyilənləri təkzib edir. Qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov AzadlıqRadiosuna bildirib ki, bu məlumatların heç bir əsası yoxdur: «Adlarını çəkdiyiniz şəxslər vaxtaşırı bəyanatlar verib gündəmdə qalmaq istəyirlər. Onlar da başqa məhkumlar kimi, daxili intizam qaydalarına uyğun cəzalarını çəkməlidirlər. Bu şəxslər qanunla nəzərdə tutulan qaydada vəkilləri, yaxınları ilə görüşürlər, telefonla danışırlar. Onlara qarşı hansısa qərəzdən söhbət gedə bilməz».

Xatırlatma

«Müsəlman Birliyi» Hərəkatının sədri T.Bağırov və A.Hüseynov 2015-ci il noyabrın 26-da DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakının Nardaran qəsəbəsində keçirdiyi əməliyyat zamanı həbs olunub. Həmin əməliyyatda ikisi polis olmaqla, altı nəfər həlak olub.

Nardaranda və Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verən hadisələrə görə 70-dən çox (hüquq müdafiəçilərinin siyahısında bu rəqəm 80-dən çox göstərilir) adam həbs olunub. Onların bir qisminə silah saxlama ittihamı ilə ilyarımdan 6 il 6 ayadək həbs cəzası kəsilib.

40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib.

Həbs olunanların işi üç qrupa ayrılıb. A.Hüseynov birinci qrupda «Müsəlman Birliyi» Hərəkatının sədri T.Bağırov və daha 16 nəfərlə birlikdə mühakimə olunub. T.Bağırov və A.Hüseynovun hər birinə 20 il, digərlərinə isə 10 ildən 19 ilə qədər həbs cəzası verilib.

Nardaran olayları ilə bağlı həbs edilənlərin əksəriyyəti məhkəmələrində tutularkən və ilkin dindirilmədə ağır işgəncələrə məruz qaldıqlarını bildiriblər. Onlar verilən ittihamları qəbul etməyiblər.

Polislər isə işgəncə iddialarını təkzib ediblər.

XS
SM
MD
LG