Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 06:26

'Taliban' qüvvələri kimdir?


"Taliban" döyüşçüləri Əfqanıstanın paytaxtı Kabildə Həmid Karzai Beynəlxalq Hava Limanının qarşısında keşik çəkirlər
"Taliban" döyüşçüləri Əfqanıstanın paytaxtı Kabildə Həmid Karzai Beynəlxalq Hava Limanının qarşısında keşik çəkirlər

"Taliban" daha əvvəl 1996-2001-ci illərdə Əfqanıstanda hakimiyyətdə olub və ölkədə İslam qanunlarının sərt formasını tətbiq edib. Qrupun inancları və tarixi haqqında əsas faktlar bunlardır.

"Taliban" qruplaşması necə yaranıb

"Taliban" Sovet İttifaqının 1990-cı illərdə Əfqanıstandan çıxmasından sonra ölkədə vətəndaş müharibəsində döyüşən qruplardan biri idi. Qrup 1994-cü ildə Əfqanıstanın cənubunda yerləşən Qəndəhar şəhərində yaranıb. "Taliban"ın əsası şəhərin yerli imamı Molla Məhəmməd Ömər tərəfindən qoyulub. O, 2013-cü ildə ölümünə qədər militant qruplaşmaya rəhbərlik edib.

"Taliban"ın ABŞ ilə əlaqəsi nədir

"Taliban" qruplaşmasının ilk üzvləri 1980-ci illərdə sovet qüvvələrinə qarşı mübarizədə ABŞ tərəfindən dəstəklənən Əfqanıstan müqavimət hərəkatının "mücahidlər" adı ilə tanınan keçmiş döyüşçüləri olub.

"Taliban" döyüşçüləri paytaxt Kabil yaxınlığında. 1996
"Taliban" döyüşçüləri paytaxt Kabil yaxınlığında. 1996

"Taliban" hakimiyyətə necə gəlib

1989-cu ildə Sovet İttifaqının Əfqanıstandan çıxmasından və Əfqanıstan hökumətinin süqutundan sonra ölkədə vətəndaş müharibəsi başlayıb. "Taliban" nizamı və ədaləti bərpa etmək vədləri ilə dəstək qazanıb. Onlar 1994-cü ildə Qəndəhar şəhərini çox az müqavimətlə ələ keçirib və 1996-cı ildə paytaxt Kabili də ələ keçirməyə nail olub.​

"Taliban" nəyə inanır

"Taliban" hakimiyyəti İslam şəriət qanununun sərtləşdirilmiş qaydalarına əsaslanıb. İctimai edamlar və şallaq vurulması "Taliban" dövründə adi hallar idi, qadınlara isə əsas etibarilə işləmək və ya oxumaq qadağan olunmuşdu və onlar ictimai yerlərdə burqa taxmaq məcburiyyətində idilər. "Taliban" Qərb kitabları və filmlərini qadağan etmiş və digər ənənələrə aid olan mədəni abidələri, o cümlədən mərkəzi Bamian vadisində yerləşən 1500 illik nəhəng Budda heykəllərini məhv etmişdi.

Bamian vadisində 55 metrlik Budda heykəli dağıdılmamışdan əvvəl və sonra. 1997
Bamian vadisində 55 metrlik Budda heykəli dağıdılmamışdan əvvəl və sonra. 1997

"Taliban"ın "əl-Qaidə" ilə əlaqəsi nəcədir

"Taliban" hakimiyyəti dövründə o zaman Üsamə bin Ladenin rəhbərlik etdiyi "əl-Qaidə" silahlı qruplaşmasına sığınacaq vermişdi. "Əl-Qaidə" ABŞ-a qarşı, 2001-ci ildə 11 Sentyabr hücumları da daxil olmaqla, bütün dünyada terror hücumlarını hazırlamaq üçün Əfqanıstanda təlim düşərgələri yaratmışdı.

Onlar hakimiyyəti necə itirdi

11 Sentyabr hücumlarından bir ay keçməmiş ABŞ və müttəfiqləri Əfqanıstana müdaxilə etdi. Dekabrın əvvəlində "Taliban" hökuməti süquta uğradı və ABŞ demokratik bir hökumət qurmaq üçün əfqanlarla işləməyə başladı.

Türkiyənin 'Taliban'la işbirliyi necə olacaq?
Gözlə

No media source currently available

0:00 0:04:12 0:00

Daha sonra nə baş verdi

Məğlub olduqdan sonra "Taliban" liderləri Əfqanıstanın cənub və şərqindəki istinadgahlara və ya Pakistan sərhədinə qaçdı. Militant qruplaşma daha sonra Əfqanıstanın ABŞ-ın dəstəklədiyi yeni hökumətinə qarşı əldəqayırma bombalardan istifadə edərək və intihar hücumları keçirərək üsyana rəhbərlik etdi.

Ötən il ABŞ hökuməti Əfqanıstanda 20 ildən artıq hərbi müdaxilədən sonra "Taliban"la razılaşma əldə etdi. Bu razılaşmaya əsasən, "Taliban"ın amerikalılara qarşı hücumlarını dayandırması və Əfqanıstan hökuməti ilə danışıqlara başlaması qarşılığında ABŞ əsgərlərinin ölkədən çıxarılması üçün vaxt müəyyən edildi. Ancaq "Taliban"la Əfqanıstan hökuməti arasında aylarla davam edən danışıqlar hansısa bir sülh müqaviləsinin bağlanması ilə nəticələnmədi.

"Taliban" hansı ölkələr tərəfindən tanınıb

Pakistan, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı da daxil olmaqla, 1996-2001-ci illərdə hakimiyyətdə olan "Taliban" hökumətini yalnız bir neçə ölkə tanıyır. Əksər ölkələrin yeni bir "Taliban" hökumətini tanıyıb-tanımayacağı aydın deyil. Lakin ABŞ Dövlət katibi Entoni Blinken ötən ay bildirib ki, əgər "Taliban" zorla hakimiyyəti ələ keçirib vəhşiliklər törətsə, Əfqanıstan təcrid olunmuş dövlətə çevrilə bilər.

XS
SM
MD
LG