Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 15:16

Beynəlxalq QHT-lər Əfqanıstandan gedir


Qadınların ali təhsil almasına qadağaya etiraz aksiyası, Kabil, 22 dekabr, 2022-ci il
Qadınların ali təhsil almasına qadağaya etiraz aksiyası, Kabil, 22 dekabr, 2022-ci il

Talibanın qadınlara yerli və beynəlxalq qeyri-hökumət təşkilatlarında (QHT) işləməyi qadağan etməsini bütün dünya pisləyir. Dekabrın 25-də azı dörd xarici qurum bu ölkədə fəaliyyətini dayandıracağını bildirib.

İsveçrədə yerləşən CARE, ABŞ-ın “Save the Children” təşkilatları və Norveç Qaçqın Şurası bu qərardan sonra Əfqanıstandan gedəcəklərini açıqlayıblar.

Birgə bəyanat

Talibanın qərarında deyilir ki, ya bütün QHT-lər qadınları işdən çıxarmalıdırlar, ya da onların fəaliyyət lisenziyası dayandırıla bilər.

“Qadın əməkdaşlarsız Əfqanıstanda ümidsiz vəziyyətdə olan uşaqlar, qadınlar və kişilər effektiv əlaqə qura bilmərik”, – üç yardım qrupu birgə bəyanatında vurğulayıb.

Nyu Yorkda yerləşən Beynəlxalq Xilasetmə Təşkilatı (IRC) da “Talibanın son qərarından məyus” olduğunu, bu ölkədə fəaliyyətini dayandıracağını açıqlayıb. Bu qurum Əfqanıstanda 1988-ci ildən işləyir.

Talibanın reaksiyası

Qərb ölkələri və beynəlxalq qurumlar Talibanın addımını pisləyiblər. BMT bildirib ki, bu qərar “ölkəni geri atır”. ABŞ, Almaniya, Avropa İttifaqı bu addımı tənqid ediblər.

Talibanın sözçüsü Zabihulla Mücahid isə Twitter postunda yazıb ki, “Amerika rəsmiləri bizim daxili işlərimizə müdaxiləni dayandırmalıdırlar. Əfqanıstanda işləmək istəyən bütün qurumlar ölkəmizin qayda və qanunlarına əməl etməyə məcburdurlar”.

Talibanın İqtisadiyyat Nazirliyinin dekabrın 24-də göndərdiyi məktubda deyilir ki, yerli və beynəlxalq QHT-lər bütün qadın işçiləri işdən çıxarmalıdır, çünki qadınlar məcburi baş örtüyü olan hicab qaydasına əməl etmirlər.

Ailənin tək qazanc yeri

Daha öncə Talibanın qadınların universitetdə təhsil almasını yasaqlaması isə ölkədə nadir etirazlara səbəb olub.

Mərkəzi Daikundi vilayətində bir QHT-də işləyən qadın AzadlıqRadiosunun Radio Azadi xidmətinə deyib ki, Talibanın qərarını eşidib gecəni yata bilməyib.

“Ailəyə tək çörək gətirən mənəm. Ailəmizdə başqa işləyə bilən adam yoxdur, bütün həyatım işimdən asılıdır. Ailəmin başqa gəliri yoxdur”, – təhlükəsizlik səbəbindən adının çəkilməsini istəməyən qadın söyləyib.

Taliban ötən ilin avqustunda Əfqanıstanda hakimiyyəti ələ keçirəndə daha yumşaq siyasət vəd etsə də, qadınların hüquqlarını məhdudlaşdırmağa davam edib. Qadın hüquqları Talibanın 1990-cı illərin ortalarında birinci hakimiyyət dönəmində də məhdudlaşdırılırdı.

XS
SM
MD
LG