Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 12:22

Tarantino qatillərdən, Eastwood qəhrəmanlardan film çəkməkdə davam edirlər


Quentin Tarantino
Quentin Tarantino

Kinorejissor Quentin Tarantino təsdiqləyib ki, onun 8-ci filmi Amerikanın ən səs-küylü qətllərindən biri barədədir.

The Telegraph” qəzetinin yazdığına görə yeni film rejissorun 2015-ci ildə çəkdiyi “Rəzil səkkizlik” (The Hateful Eight) filminin bir növ davamı olacaq və 1969-cu ildə baş vermiş Manson qətli hadisəsinə söykənəcək.

1969-cu ildə özünü təriqət başçısı elan etmiş Charles Manson Los Ancelesdəki bir evdə 5 nəfəri öz müridlərinə işgəncələrlə öldürtmüşdü.

Qurbanların arasında rejissor Roman Polanskinin aktrisası Sharon Tate də vardı. Qətlə yetiriləndə o səkkiz aylıq hamilə idi.

Roman Polanski və Sharon Tate
Roman Polanski və Sharon Tate

Manson hazırda həmin qətllərə və daha dörd başqa qətlə görə ömürlük həbs cəzası çəkir.

Deyilənlərə görə, Tarantino hələlik ssenari üzərində işləyir və əsas diqqətini Tate obrazına yönəldib.

Bu da xəbər verilir ki, o bu rolda çəkilmək üçün Margot Robbie və Jennifer Lawrence də daxil bir neçə aktrisaya təkliflə müraciət edib.

Çəkilişinə 2018-ci ildə başlanacaq bu film Tatantino-nun real hadisəyə söykənən ilk işi olacaq.

Real qəhrəmanlar kino qəhrəmanı oldular

Bu arada başqa bir tanınmış aktyor və rejissor, Clint Eastwood qatillər yox, qəhrəmanlar mövzusuna müraciət edib.

Clint Eastwood
Clint Eastwood

Eastwood-un “15:17 Paris qatarı” (The 15:17 to Paris) filminin motivlərini də real hadisələr və real insanlar təşkil edir.

Bu filmdə 2015-ci ildə Paris qatarında terrorçunun ram olunmasında iştirak etmiş üç amerikalıdan bəhs olunacaq.

Lakin ən maraqlısı budur ki, Clint Eastwood-un bu filmində rolları hadisəni yaşamış insanların özləri oynayacaqlar.

Bu hadisə zamanı silahlı terrorçu Əyyub Xəzzani 21 avqust 2015-ci ildə Fransa qatarında atəş açmışdı.

Fransa prezidenti Francois Hollande Alek Skarlatos (ortada) və Spencer Stone (sağda) Legion ordeni ilə təltif edir
Fransa prezidenti Francois Hollande Alek Skarlatos (ortada) və Spencer Stone (sağda) Legion ordeni ilə təltif edir

Lakin həmin qatarda olan üç cəsur amerikalı – təyyarəçi Spencer Stone, Oreqon ştatı milli qvardiyasının əsgərləri Anthony Sadler və Alek Skarlatos terrorçunu yerə yıxaraq həbs etmişdilər.

O vaxt üçlüyün 22-23 yaşları vardı.

Fransanın legion ordeninə layiq görülmüş və prezident Obama tərəfindən də mükafatlandırılmış bu üç nəfər əvvəllər heç vaxt, heç bir tamaşa və ya filmdə oynamayıb.

Lakin filmin ssenarisi bu üç nəfərdən bəhs edən eyniadlı kitabın motivləri əsasında yazılır.

Variety jurnalı yazır ki, filmdə qəhrəmanların özlərini çəkmək ideyası dərhal yaranmayıb. Əvvəlcə uzun aktyor axtarışı olub, lakin axırda rejissor real şəxsləri kino qəhrəmanı etmək qərarına gəlib.

Eastwood qəhrəmanlıq mövzusuna sadiq qalır. O bundan əvvəl ABŞ veteranı Chris Kyle-dan bəhs edən “Amerika snayperi” (American Sniper) filmini çəkib.

XS
SM
MD
LG