Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:28

Taleh Bağırovun oğluna doğum şəhadətnaməsi verilmir


Tale Bağırovun həyat yoldaşı
Tale Bağırovun həyat yoldaşı

“Müsəlman Birliyi” Hərəkatının sədri, ilahiyyatçı Taleh Bağırov-un həbsindən sonra dünyaya gəlmiş oğluna doğum haqqında şəhadətnamə verilmir. Keçən yay doğulan uşaq hələ də dövlət qeydiyyatına alınmayıb. Buna görə də ilahiyyatçının həyat yoldaşı Leyla İsmayılzadə məhkəməyə müraciət edib. Bu məsələyə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılır.

Leyla İsmayılzadə iddia ərizəsində göstərib ki, Taleh Bağırovla birgə nikahdan olan üçüncü oğlu iyulun 25-də dünyaya gəlib. Uşağa "Əbülfəzlabbas" adı verilib və doğum haqqında şəhadətnamə almaq üçün Yasamal rayon Qeydiyyat Şöbəsinə müraciət edib. Amma şöbənin rəisi İlahə Ələsgərovanın imzası ilə imtina məktubu alıb.

Bun ada bax: Azərbaycanda bu adlar qadağan olundu - [siyahı]

“SİYAHIDA BU AD YOXDU”

"Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutu tərəfindən tövsiyə olunan adlar siyahısında "Əbülfəzlabbas" adı mövcud deyil. Göstərilənlərə əsasən, övladınıza "Əbülfəzlabbas" adının verilməsi mümkün deyil", – məktubda belə yazılıb.

"Azərbaycan Konstitusiyası vətəndaşın şəxsi və ailə həyatına müdaxiləni qadağan edir. Eyni zamanda, Avropa Konvensiyası da şəxsi və ailə həyatına sayqı nəzərdə tutur. Ailə Məcəlləsinə görə, uşağa ad valideynlərinin razılığı ilə verilir. Dövlətin müəyyənləşdirdiyi qaydalara görə, uşağın mənafeyinə xələl gətirə bilən, cinsinə uyğun gəlməyən və ya gülünc adların qoyulmasına yol verilmir. Bizim uşağa verdiyimiz ad isə bu kateqoriyaya aid edilə bilməz", – Leyla İsmayılzadə bildirib.

İddia ərizəsində məhkəmədən də xahiş edib ki, Yasamal Rayon Qeydiyyat Şöbəsinin üzərinə uşağa "Əbülfəzlabbas" adı verilməsi vəzifəsinin qoyulması haqda qərar çıxarılsın.

Taleh Bağırov
Taleh Bağırov

XATIRLATMA

Taleh Bağırov 2015-ci il noyabrın 26-da Nardaran qəsəbəsində keçirilən xüsusi əməliyyat zamanı saxlanılıb. Həmin əməliyyatda ikisi polis olmaqla, 6 nəfər həlak olub. Rəsmi bilgilərə görə, 70-dən çox adam həbs edilib (hüquq müdafiəçilərinin siyahısında bu rəqəm 87 göstərilir). Daha yüngül maddələrlə ittiham edilənlərin məhkəməsi başa çatıb. Həmin şəxslər 1 il 6 aydan 6 il 6 ayadək həbs cəzası alıblar.

Buna da bax: Рrоkurоr Таle Ваğırоvun ömürlük аzаdlıqdаn məhrum еdilməsini istədi

Taleh Bağırov və daha 17 nəfərin mühakiməsi isə davam edir. Prokuror Taleh Bağırova ömürlük, qalanlarına isə 10 ildən 20 ilə qədər həbs cəzası istəyib.

Təqsirləndirilənlər ittihamları rədd edir, həbs olunarkən və ondan sonra DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işgəncələrə məruz qaldıqlarını, bu yolla onlardan yalan ifadə alındığını bildirirlər. İdarənin əməkdaşları isə "Nardaran işi"ndə həbs olunanlara işgəncə verilməsi ilə bağlı deyilənləri təkzib ediblər.

XS
SM
MD
LG