Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 06:09

Həmin evi özülündən təzədən tikdilər


Sumqayıtda obyekt söküntüsü (arxiv fotosu)
Sumqayıtda obyekt söküntüsü (arxiv fotosu)

“İcra hakimiyyəti vətəndaşın tikinti qaydalarına uyğun olaraq quruma yazdığı məktubu niyə cavabsız qoyub?” İş orasındadır ki, qurum bu sualın cavabını araşdırmağa çalışan “Qaynar xətt”in sualını da cavabsız buraxıb.

“Qonşuluqda bir evi sökmüşdülər. Həmin adam prokurorluğa şikayət etdi. İcra hakimiyyətinin işçiləri həmin evi özülündən təzədən tikdilər. Adama da yalvarırdılar ki, “get, şikayətini geri götür”. Düzü, bunları görəndən sonra düşündüm ki, icra hakimiyyətinin işçiləri bundan sonra vətəndaşın qanunla tikdiyi evi sökməyə cəsarət etməzlər. Ancaq belə olmadı”.

“BU BOYDA QANUNU NİYƏ QƏBUL ETMİŞDİLƏR?”

Qarabağ müharibəsi veteranı Süleyman Süleymanov oğluna məxsus yarımçıq tikilinin Abşeron rayon icra-hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin işçiləri tərəfindən söküldüyünü deyir. Onun sözlərinə görə, yeni şəhərsalma və tikinti qaydalarına uyğun bütün prosedurları həyata keçirsələr də, icra hakimiyyəti tikilini sökməkdə israrlı olub və söküb:

“Biz qanunlara riayət edən insanlarıq. Ona görə də qanunvericilikdə nəzərdə tutulan bütün addımları atmışıq. Bu il martın 2-də İcra Hakimiyyətinə ərizəylə müraciət etmişik. Ərizəyə evin memarlıq planlaşdırma layihəsini və qanunvericilikdə nəzərdə tutulan digər bütün sənədləri əlavə etmişik. Ərizədə ünvan və telefon nömrələrini aydın göstərmişik. Bizə heç bir məktub göndərilməyib. Qanunda nəzərdə tutulan müddəti gözlədikdən sonra tikinti işlərinə başlamışıq. Əgər bundan sonra da icra hakimiyyəti gəlib tikilini yerlə-yeksan edəcəkdisə, niyə baş sındırıb bu boyda qanun qəbul etmişdilər?”

“ƏRİZƏ AZLIQ EDİR...”

Süleyman Süleymanovun deməsinə görə, ərizəni quruma təqdim edərkən onlara 10 gündən sonra memarlıq şöbəsinə yaxınlaşmaları bildirilib. Süleymanov səbəbi ilə maraqlandıqda ona müraciətlərin çox olduğunu, qurum işçilərinin müraciətlərin hamısı ilə maraqlanmaq imkanında olmadığını bildirilib. Deyiblər ki, ərizə azlıq edir, gərək şöbənin rəisi Akif müəllimin şəxsən qəbuluna düşüb razılıq alına.

Şikayətçi:

“Təbii ki, burada “icazə” deyiləndə rüşvət nəzərdə tutulurdu. Xatırladım ki, torpağın həm çıxarışı, həm də texniki pasportu var. Təxminən bir ay olar işə başlamışdıq. Heç bir xəbərdarlıq eləmədən icra hakimiyyətindən beş maşın nümayəndə töküldü. Ev yiyəsinin xəbəri olmadan 10 dəqiqənin içində evi sökdülər. Qonşuluqda yaşayan qızım mane olmağa çalışsa da, kobudluq ediblər. Halbuki, qızım onlara bütün sənədləri təqdim edib, sənədlərə gözlərinin ucu ilə də baxmayıblar”.

Süleyman Süleymanov icra hakimiyyətinin işçiləri tərəfindən dağıdılmış tikiliyə istifadə olunmuş materialları veteran təqaüdünü toplamaqla aldığını deyir. O, ailəsini şumlanmış ərazi ilə baş-başa qoyub getmiş qurum işçilərinə qarşı hansı addımı atsın, bilmir.

“MƏHKƏMƏYƏ MÜRACİƏT ETSİN”

Hüquqşünas Vaqif Alıyev tikintiyə başlamaq qaydalarından danışır:

“Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinə əsasən, vətəndaş yerli icra hakimiyyətinə müvafiq sənədləri də təqdim etməklə göndərdiyi məktuba bir ay ərzində cavab almadıqda tikintiyə başlaya bilər. Bu məcəllənin 80-ci maddəsinə əsasən, mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir. Onların tikintisi üçün tikinti layihəsinin yalnız memarlıq-planlaşdırma bölməsinin hazırlanması tələb olunur. Barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur. Məktubla müraciət etdikdən sonra 1 ay müddətində cavab verilməzsə, bu o deməkdir ki, işə başlamaq olar”.

Hüquqşünas quruma göndərilmiş tikintiyə dair müvafiq sənədlər məktubun qəbzini də tikməklə məhkəməyə müraciət etməyi məsləhət görür.

Elə Abşeron rayon icra hakimiyyəti də vətəndaşa məhkəmənin yolunu göstərir. Qurumdan “Qaynar xətt”ə bildirilib ki, yarımtikili sökülübsə, deməli, tutarlı səbəb olub. Ola bilsin ki, vətəndaş hansısa sənədi quruma təqdim etməyib. Ancaq nəyə görə qurum bu barədə vətəndaşa məktub yazmaqla bildirməyib, bax, bu sual cavabsız qalıb. Əvəzində “getsin, məhkəməyə müraciət etsin” bildirilib.

XS
SM
MD
LG