Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 17:02

Tokayev: Qazaxıstan Ukraynadakı separatçıları tanımır


Qazaxıstan prezidenti Kasım Jomart Tokayev, Vladimir Putin və Marqarita Simonyan (arxa planda) Peterburq forumunda
Qazaxıstan prezidenti Kasım Jomart Tokayev, Vladimir Putin və Marqarita Simonyan (arxa planda) Peterburq forumunda

Qazaxıstan prezidenti deyib ki, onun ölkəsi Ukraynada Rusiyanın dəstək verdiyi qondarma Donetsk və Luqansk “xalq respublikalarının” - DXR və LXR-in müstəqiliyini tanımır

Qazaxıstan prezidenti Kasım Jomart Tokayev Peterburqda Vladimir Putinin iştirakilə keçirilən beynəlxalq iqtisadi forumunun plenar iclasında deyib ki, onun ölkəsi Ukraynada Rusiyanın dəstək verdiyi qondarma Donetsk və Luqansk “xalq respublikalarının” - DXR və LXR-in müstəqiliyini tanımır.

Tokayev bu bəyanatı plenar iclasın moderatoru, RT telekanalının baş redaktoru Marqarita Simonyanın sualına cavab olaraq səsləndirib.

Tokayev bildirib ki, Ukraynadakı müharibəyə Qazaxıstan cəmiyyətində müxtəlif baxışlar var, çünki bu, inkişaf etmiş vətəndaş cəmiyyətidir.

“Onda gərək dünyada 500-600 dövlət olaydı”

Qazaxıstan prezidenti DXR və LXR-dən danışarkən deyib ki, burada BMT Nizamnaməsinin iki prinsipi – xalqların öz müqəddəratını təyin etməsi və ölkələrin ərazi bütövlüyü prinsipləri ziddiyyətə daxil olub:

"Hesablayıblar ki, öz müqəddəratını təyin etmək prinsipi bütün dünyada tətbiq olunsa, 193 dövlətin yerində 500-600 dövlət yaranar. Bu, xaos olardı. Bu səbəbdən də biz nə Tayvanı, nə Kosovonu, nə Cənubi Osetiyanı, nə də Abxaziyanı tanımırıq. Bizim nəzərimizcə bu yanaşma Luqansk və Donets kimi kvazidövlətlərə də şamil olunmalıdır”.

AzadlıqRadiosunun Rus xidməti yazır ki, Tokayevin bəyanatları elə həmin iclasda danışan Putinin dedikləri ilə uyğun gəlməyib.

Putin bundan az əvvəl demişdi ki, DXR və LXR Ukrayna hökumətindən icazə almalı deyildilər.

Rusiya prezidenti sözünə qüvvət olaraq Kosovonu misal gətirib.

Bu da qeyd olunmalıdır ki, Rusiyanın özündə ölkənin ərazi bütövlüyünə qarşı yönəlmiş hərəkətlər cinayət əməli hesab olunur.

Bu cür hərəkətlərə görə Cinayət Məcəlləsində 5 ilədək həbsxana cəzası nəzərdə tutulur.

Putin: “Ukrayna da özünü Qazaxıstan kimi aparsaydı...”

Tokayev bunu da qeyd edib ki, bəzi Rusiya millət vəkillərinin, jurnalist və mədəniyyət xadimlərinin Qazaxıstan haqqında səsləndirdikləri bəyanatlar “destruktiv qüvvələrin dəyirmanına su tökür”.

Qazaxıstan prezidenti bildirib ki, bu məsələni Putinlə söhbətində qaldırıb.

Bu məqamda Marqarita Simonyan deyib ki, Tokayevin dedikləri ilə razıdır və hətta onun nəzərdə tutduğu adamlardan birini şəxsən tanıyır.

Belə görünür ki, Simonyan öz əri Tiqran Keosayanı nəzərdə tuturdu.

Çünki Keosayan Qazaxıstanda 9 may paradının keçirilməməsi ilə bağlı Qazaxıstan hakimiyyətini “nankorluqda” və “satqınlıqda” ittiham etmişdi.

Bundan sonra Qazaxıstan XİN Keosayana səfər qadağını qoyub.

Putin Qazaxıstanı “qardaş ölkə” adlandırıb və deyib ki, “Ukrayna hakimiyyəti də özünü belə aparsaydı, xüsusi əməliyyata və bəlkə hətta Krımın ilhaqına da ehtiyac olmazdı”.

XS
SM
MD
LG