Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 09:52

Trotskinin qatili necə ələ alınıb, necə  hazırlanıb və o, qətli necə törədib...


Trotskini qətlə yetirən ispaniyalı Ramon Merkader, İspaniyakı vətəndaş müharibəsi dövründə
Trotskini qətlə yetirən ispaniyalı Ramon Merkader, İspaniyakı vətəndaş müharibəsi dövründə

Lev Trotskinin 1940-cı ilin avqustunda Meksikada öldürülməsindən uzun illər keçir. Bu mövzuda çoxlu məqalələr, kitablar yazılsa da, sənədli və bədii filmlər çəkilsə də hələ də yeni məlumatlar üzə çıxmaqdadır.

Bu qətldə İspaniya vətəndaşları iştirak etdiyindən son illər bu ölkənin mətbuatında, xüsusən də Kataloniyanın mətbuatında (qətlin iştirakçıları bu bölgədən olublar) həm arxiv sənədlərindən, həm də veteranların xatirələrindən götürülmüş yeni, hələ də naməlum detallar dərc olunmaqdadır.

Lev Trotski
Lev Trotski

Azadlıq Radiosunun rus xidmətinin (radiosvoboda) Madriddə yaşayan müəllifi Viktor Çeretski üzə çıxan yeni məlumatlardan istifadə edərək icmal hazırlayıb.

Sənədlərdən məlumdur ki, Trotskini öldürən 30-cu illərin ikinci yarısında İspaniyada baş verən vətəndaş müharibəsi zamanı NKVD (Sovet İttifaqı Xalq Daxili İşlər Komissarlığı)sıralarına cəlb edilmiş İspaniya Respublika ordusunun 27 yaşlı mayoru Xayme Ramon Merkader del Riodur.

O da məlumdur ki, Trotskinin qatili törətdiyi bu əməldən 20 il sonra Lenin ordeni və Sovet İttifaqı Qəhrəmanı Qızıl Ulduzu ilə təltif edilib.

Merkaderin tərcümeyi-halını araşdıran İspan tədqiqatçısı Alvaro Martinezun məlumatlarına görə, o, İspaniyada burjua ailəsində anadan olub. Atası tekstil sənayesi ilə maraqlanan kataloniyalı sənayeçi idi.

Anası Karidad del Rio Kubada anadan olub və valideynləri ilə birlikdə Barselonaya mühacirət edib. Çoxsaylı mənbələr onun ekssentrik xarakterə malik olduğunu, ciddi psixi xəstlikdən əziyyət çəkdiyini göstərir.

Kardidad Merkader
Kardidad Merkader

Psixiatrik xəstəxanaya yerləşdirilən və bir neçə dəfə intihara cəhd edən Karidad ailəsindən boşanaraq (gələcəkdə Trotskni qətlə yetirəcək oğlu )uşaqla Fransaya köçür. Siyasətlə maraqlanmağa başlayan Karidad bu zaman kommunistlərlə yaxınlaşır.

İspan, fransız, ingilis və katalan dillərini bilən Ramon Merkader isə otel idarəçiliyi məktəbini bitirəndən sonra 1931-ci ildə İspaniyaya qayır və Barselonadakı Ritz otelində işləməyə başlayır. Eyni zamanda kommunist gənclər təşkilatları ilə tanış olur. İnqilabi mübarizədə iştirak etməyə başlayır. O, həbs edilir və bir neçə ay Valensiya həbsxanasında saxlanılır.

General Frankonun 1936-cı il iyulun 18-də qaldırdığı hərbi üsyandan sonra Merkader özünü yalnız həmin ilin fevralında yaradılmış sol Xalq Cəbhəsi hökumətinin müdafiəçilərinin önündə tapır.

Araqon cəbhəsindəki xidmətlərinə görə leytenant rütbəsi alır. 24 yaşında könüllülərdən ibarət batalyon təşkil edir və həmin batalyonla Madrid cəbhəsinə göndərilir. Qısa müddətdə ona mayor rütbəsi verilir. Bu arada Merkaderin anası Karidad da İspaniyaya qayıdır və aktiv siyasi fəaliyyət göstərir. Onun adı Xalq Cəbhəsinin müdafiəçilərinin düşərgəsində geniş tanınır.

Vətəndaş müharibəsinin başlaması Merkaderin uşaqlıqdan hərbçi olmaq arzusunu reallaşdırır. Müxtəlif cəbhələrdə döyüşən Merkader iki dəfə yaralanır və 1937-ci ilə Barselonaya gəlir. Bu zaman onun NKVD tərəfindən ələ alındığı güman edilir. Beləki həmin vaxt Xalq Cəbhəsi tərəfdarları arasında çaxsaylı sovet NKVD nümayəndələri olub. Onardan biri də ispanları ələ alan NKVD-nin ''General Kotov'' təxəllüsü ilə tanınan nümayəndəsi Naum Eytingon olub. Məhz Merkadenin anası Karidadı oğluna daha çox təsir etmək imkanını nəzərə alaraq o ələ alıb.

Naum Eytingon
Naum Eytingon

''General Kotov'' Merkaderi Sovet İttifaqının xeyrinə gizli iş üçün uyğun bir şəxs kimi çox bəyənir. Ramon ordudan uzaqlaşdırılır və o casus kimi yetişdirilməyə başlanılır.

Anasının oğluna yazdıqlarından: ''Sən öz taleyini seçmək hüququna sahib deyisən, bizim heç birimizin belə haqqı yoxdur. Biz [kommunist] partiyamızın bizə dediyini edirik. Birdəfəlik yadında saxla: sən fikirləşməməlisən, itaət etməlisən, özbaşına hərəkət etməməlisən. Sən heç nəyə qərar vermirsən, sadəcə əmrlərə əməl edirsən. Mənim vəsiyyətim yoldaş Stalinin vəsiyyətidir. Stalin isə hamımız üçün düşünür." Ananın oğluna məsləhəti belə idi.

NKVD nümayəndəsi Naum Eytingonun Merkaderin anasını özünəməxsus şəkildə ələ alıb. İki dəfə evlənən, üç uşaq atası olan ''General Kotov'' növbəti dəfə Stalinin ideyaları uğrunda özünü Karidadınin sevgilisi elan edir. Məhz elə bir ailəni ələ almağı bacaran Naum Eytingon Sovet İttifaqının ən yüksək ordeni olan Lenin ordeni ilə təltif edilir. Eyni orden Kremldə Merkaderin anası Kardidada da verilib.

NKVD-nin ələ almasından sonra Ramon Merkaderin adı dəyişdirilir və o Jak Mornar olur. Qurulan uydurma tərcümeyi hala görə, o, fotoqrafdır, varlı Belçika ailəsinin əsillindəndir. Atası diplomatdır.

Tədbirlər planı tərtib edilir. O, Mornar adı ilə həm də fotoqraf kimi 1938-ci ildə Parisdə Trotskinin təsdiqi ilə Dördüncü İnternasional yaratmaq niyyətində olan trotskiçi qruplarla təmasa girir. Bu konqresə müxtəlif ölkələrdən, o cümlədən ABŞ-dan qonaqlar qatılır. Mornar Nyu-Yorkdan gələn yəhudi əsilli trotski tərafdarı, ixtisasca psixoloq olan Silvia Ageloff adlı xanımı aldadaraq ələ almağa nail olur.

Silvia Ageloff
Silvia Ageloff

Tanış olduqları ikinci gün bir-birlərinə dəlicəsinə aşiq olurlar, lakin qısa müddət sonra Silvia Nyu-Yorka qayıtmalı olur. Merkader ona aşiq olduğunu, hər şeydən əl çəkib evlənməyə hazır olduğunu deyir. Bir müddət sonra, artıq İkinci Dünya Müharibəsi başlayandan sonra o, sevgilisini axtarmaq üçün Amerikaya yollanır. NKVD niyə məhz bu qadını Merkader üçün seçdi? Çünki onun bacılarından biri Rut Aqeloff Meksikada Trotskinin kargüzarı idi. Bu, ''düşmən''ə yaxınlaşmaq və onu öldürməyə hazırlaşmaq üçün yaxşı imkan idi.

Meksika və ABŞ prokurorluğunda aparılan araşdırmalardan o da üzə çıxıb ki, rus dilində danışa bilən Silviya heç də sevgi ilə aldadılmış biri olmayıb. O, Merkaderin nə ilə məşğul olduğunu çox yaxşı bilib və ona bu işdə fəal yardım edib. Məhkəmə araşdırmalarından aydın olub ki, Merkaderdən 4 yaş böyük olan amerikalı xanım elə Merkader kimi NKVD-nin agenti olub. Bu tarixçəni araşdıran ekspertlərin rəyinə görə, Silviya Ramonla Parisdə yaxın rəfiqəsi, qatı stalinçi və NKVD-yə işləyən Rubi Vayl vasitəsi ilə tanış olub.

Silviyanın ailəsi oktyabr çevrilişindən əvvəl Rusiyadan mühacirət etmiş, sonra isə bolşeviklərə rəğbət bəsləmiş bir ailə olub.

Nadejda Krupskaya, 1938
Nadejda Krupskaya, 1938

Onun böyük bacısı Hilda 1930-cu illərin əvvəllərində Moskvaya səfər edib və Leninin həyat yoldaşı Nadejda Krupskayadan müsahibə götürüb. Bundan başqa onun Amerika mətbuatında Sovet Rusiyasının "böyük uğurları" haqqında yazıları böyük səs-küyə səbəb olub. Merkaderi Trotskinin evinə gətirən, onu tam etimada layiq bir şəxs kimi - özünün qanuni həyat yoldaşı və trotski pərəstişkarı kimi təqdim edən Silvia Ageloff olub.

Nyu Yorkda Merkader və Silviyanın romantikası davam edib. Beləliklə, bütün dostları Ramonun həqiqətən ona ehtirasla aşiq olduğuna əmin olublar. Sonra Silviya, zahirən öz təşəbbüsü ilə kiçik bacısının yanında olmaq və liderin, yəni Trotskinin ideyalarını daha yaxşı öyrənmək üçün Mexikoya getməyə qərar verir.

Merkaderə gəlincə, o vaxta qədər o, adını və soyadını yenidən dəyişmişdi. İndi o, Kanadadan olan mədən mühəndisi Frenk Ceksondur. O, ad dəyişikliyini Belçikada hərbi xidmətə çağırılmaq istəməməsi ilə izah edir. Bu dəfə uydurulmuş əhvalata görə, Trotskizmə açıq-aşkar maraq göstərməyən Silviyanı ardınca Meksikaya aparır. 1940-cı illərin əvvəllərində Trotski ilə görüşəndə o, özünü bizneslə məşğul olan sahibkar kimi təqdim edir. Eyni zamanda, Merkader trotskiçilər arasında tanışlıq dairəsini genişləndirir və indi onların liderinin inqilabi ideyalarına valeh olduğunu bəyan edir. O, Trotskiyə sui-qəsd edənə qədər onunla təxminən 10 dəfə görüşür.

Səsləndirilən digər bir ehtimala görə Merkader əvvəlcə Trotskini öldürmək üçün təyin edilməyib. Onun missiyasına yalnlz Trotskidə etimad qazanmaq, onun iqamətgahında baş verən hər şeyi müşahidə etmək və məlumatlandırmaq daxil olub. Lakin rəssam David Siqueirosun başçılıq etdiyi bir qrup meksikalı stalinist tərəfindən 1940-cı ilin mayında Trotskiyə qarşı uğursuz sui-qəsd cəhdindən sonra vəziyyət dəyişib. Əməliyyatın rəhbəri Eytingon, onun ən yaxın silahdaşları - Lev Vasilevski və Pavel Sudoplatov nə edəcəklərini bilmirlər. Hətta Trotskinin gecə-gündüz mühafizə olunan evini bombalamaq üçün pilot tutmaq istəyirlər. Sonda Eytingon qətli Merkaderə həvalə etmək qərarına gəlir.

Bəzi mənbələr isə iddia edirlər ki, qətl sifarişçisi roluna namizədliyini Markeder özü təklif edib. Məlumatlara görə, o, qatil olmaq istəməyib, lakin Stalinin tapşırığını yerinə yetirməməsinin əməliyyatda iştirak edən bütün NKVD qrupuna, o cümlədən anası Karidada olan inamın itirilməsi ilə nəticələndiyini tam bilib. Bu əməliyyata şəxsən Lavrenti Beriya nəzarət edib. Alvaro Martinez də hesab edir ki, başqa şeylərlə yanaşı, onun yoldaşlarının və anasının taleyi Merkaderdən asılı olub.

Oğlunun fəaliyyət göstərdiyi qrupa daxil olan ana da həmin vaxt Meksikada olub. Belə qərara alınır ki, Trotskini ancaq Merkader öldürə bilər. O, NKVD rəhbərliyinin tam etimadından bəhrələnərək missiyanı yerinə yetirir.

Trotskiyə inqilabi ideyaları əks etdirən məqalələr yazdığını və onu oxumaq üçün liderə vermək istədiyini bildirir. O maşınla Trotskinin yanına gedəndə bu zamanı onu anası və Eytingonla digər NKVD zabitlərinin olduğu iki maşın müşayət edir.

Merkaderin xüsusi tikilmiş daxili ciblərində buz baltası, xəncər və revolver olur. Trotski öz kabinetində məqaləni oxuyarkən, Markader missiyasını səssizcə başa çatdırıb aradan çıxmaq üçün hazırlıqlara başlayır. Balta ilə Trotskiyə arxadan güclü zərbə endirsə də Trotski bu zərbədən dərhal ölmür və qışqırmağa başlayır. Mühafizəçilər içəri girib Merkaderi tuturlar. Başından ağır yaralalan Trotski huşunu itirir və ertəsi gün özünə gəlmədən ölür.

Roman Merkader, Trotskiyə sui-qəsdən dərhal sonra mühafizəçilər onu tutanda xəsarətlər yetiriblər
Roman Merkader, Trotskiyə sui-qəsdən dərhal sonra mühafizəçilər onu tutanda xəsarətlər yetiriblər

Mühafizəçilər Merkaderi döyürlər, sonra o, həbs edilərək polis bölməsinə aparılır. Bir müddət sonra onun sevgilisi də tutulur. İstintaq onun qətldə əli olduğuna əmin olsa da Aqeloff cəzadan qurtula bilir və Amerikaya qayıdır. Onun azad edilməsinin iki versiyası var. Birincisi, işə Meksikaya gələn və qızının azad edilməsi üçün kifayət qədər pul ödəyə bilən varlı ata təsir edə bilər. İkinci versiyaya görə, Amerika kəşfiyyat xidmətləri sonradan ABŞ-ın özündə trotskiistlərin hərəkətləri haqqında məlumat mənbəyi kimi istifadə etmək üçün ona kömək edə bilərdi.

Həbs edilən zaman Merkaderin hərəkətinin motivlərini izah edən və özünü tək qisasçı adlandıran qeyd tapılır. Həmin qeyddə deyilir ki, Trotski inqilaba xəyanət edib və o, Jak Mornard - Merkader keçmiş təxəllüsünə qayıdır - lider kimi ondan məyus olub. Guya o, əmin olub ki, lider yalnız öz zövqü üçün yaşayır və trotskiist fəallardan şəxsi məqsədləri üçün istifadə edir. Sonra o da aydın olub ki, bu qeydləri ona Trotskini gözdən salmaq və ən əsası onun qətlində SSRİ-nin rolunu gizlətmək üçün NKVD hazırlayıb.

Daha sonra yeni versiya ortaya çıxır. Merkader Trotskini Silviyadan ayırmaq istədiyi üçün öldürdüyünü iddia edir. Məlumatlarda o da bildirilir ki, 7 ay polis komissarlığının zindanlarında işgəncələrə məruz qalsa Merkader əslində kim olduğunu və həqiqi adını etiraf etməyib. Həbsxana nəzarətçilərinin qeydlərinə görə, həbsxanada qaldığı müddətdə sovet tərəfi vəkil vasitəsilə ona yaxşı fotoaparat, yemək, kitab və jurnallar verə bilir.

Merkaderin Moskvadakı məzarı
Merkaderin Moskvadakı məzarı

Merkaderin vəkili Eduardo Seniceros uzun illər sonra İspaniyanın „Vanguardia“ qəzetinə verdiyi müsahibədə müdafiə etdiyi şəxsi mərhəmətli, emosional, mədəni və öz əqidəsinə sadiq bir insan kimi təsvir edir. Vəkilin sözlərinə görə, Merkader həbsxanada boş oturmayıb - o, meksikalı məhbuslara oxumağı və yazmağı öyrədib.

Moskva öz agentini həbsdən azad edib Sovet İttifaqına aparmağa çalışır. Həkim adı altında həbsxanada mütəmadi olaraq ona baş çəkməyə başlayan Merkaderə çox bənzəyən bir adam tapılır. Bu adam axsadığı üçün Merkader onu təqlid etməyi öyrənir. Plana görə, bir gün Merkader həkim adı ilə həbsxanadan çıxıb gizlənməli, əsl həkim isə həbsxanada qalmalı idi. Həkim növbəti dəfə həbsxanaya gəlmədiyi və həm də Meksika hakimiyyətinin plandan xəbər tutması səbəbindən qaçış alınmır.

Onun saxlanma şəraiti sərtləşdirilir, təkadamlıq kameraya salınır. Bundan başqa həbsxana rəhbəri dəyişdirilir. O, 20 illik həbs cəzasını sona qədər çəkməli olur.

1960-cı ildə azadlığa çıxan qatil Kuba və Çexoslovakiya vasitəsilə Moskvaya gəlir və orada Sovet İttifaqı Qəhrəmanı adına layiq görülür.

Roman Merkader, Moskva, 1970-ci illər
Roman Merkader, Moskva, 1970-ci illər

O, paytaxtda məskunlaşır və hər cür imtiyaz alır - dörd otaqlı mənzil, bağ evi, maşın, general təqaüdü, Kreml klinikasından istifadə etmək və s. Moskvada yaşadığı müddətdə ispan mühacirlərlə əlaqə saxlayır, İspaniya vətəndaş müharibəsi tarixinə dair kitabın nəşrinə kömək edir. Bütün bunları o, təxəllüsü ilə edir - əsl adından heç vaxt istifadə etmir. Hətta onun Moskva qəbiristanlığında məzarının üstündə də “Ramon İvanoviç Lopez” yazılıb.

Merkader bir müddət Kubada Daxili İşlər Nazirliyində məsləhətçi işləyir, penitensiar müəssisələrlə məşğul olub. Ağır xəstələnəndə Kuba lideri Fidel Kastro tez-tez xəstəxanada ona baş çəkib. O, 18 oktyabr 1978-ci ildə 65 yaşında xərçəng xəstəliyindən vəfat edir.

Onun qalıqları xüsusi təyyarə ilə Moskvaya aparılaraq Kuntsevo qəbiristanlığında dəfn edilib. Həyat yoldaşı xatirələrində qeyd edib ki, Ramon Trotskinin öldürülməsi barədə heç vaxt danışmayıb, kimsə bu mövzuda onun yanında söz açanda o, bu söhbətlərə çox əsəbiləşirmiş.

XS
SM
MD
LG