Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 15:12

İranda repçinin həbsi. ‘Uşaqlarımız gecə aç yatarkən’


Tumac Salehi
Tumac Salehi

Tumac Salehinin İranda etirazçılara lirik dəstəyi daha öncə də həbslə nəticələnmişdi. Ancaq bu dəfə populyar repçinin pərəstişkarları və yaxınları onun həyatına görə narahatdırlar.

32 yaşlı Salehi sentyabrın 30-da həbsindən cəmi bir neçə gün öncə ən son videosunu paylaşıb. Videoda o proqnoz verir ki, İranın dini rejimi hökumət əleyhinə etirazlara zorakı hücumlarını dayandırmasa, sonu pis olar.

“Aslan çaqqalı ovlayır”

"Mən öncədən görənəm, falçıyam”, – o, “Fal” adlı rep mahnısı üçün çəkilmiş videoda deyir. Videoda əlində qəhvə fincanı tutub.

"Qəhvə fincanında qəfəs gördüm – aslan çaqqalı ovlayır. Boz dibdən yüksələrək piramidanın başını hədəfə alacağıq”, – deyə o, ağlın fiziki gücə qalib gələcəyinə işarə edir.

Salehi daha sonra deyir ki, rejimi qoruyanlar, o cümlədən İslam İnqilab Keşikçiləri Korpusu (İİKK), Bəsic silahlı qruplaşması, Kəşfiyyat Nazirliyi və dövlət mediası ömrünü məhkəmədə bitirəcək.

Etirazçılarla birgə

Yeni bir videoda isə Salehi İsfahan əyalətindəki doğma şəhərində etirazçılarla birlikdə görüntülənib. Etnik lur olan repçi ötən il hökuməti tənqid edən başqa mahnılara görə həbs olunmuşdu. Bu dəfə də o, doğma şəhəri Şahinşəhrdə saxlanılan etirazçılar azad edilərsə polisə təslim olmağı təklif edib. Növbəti videoda isə hökumət qurumları haqda kəskin ifadələr işlədib.

Bundan az sonra Salehi yoxa çıxıb və o vaxtdan ondan xəbər yoxdur.

Sentyabrın 30-da dövlət mediası Salehinin həbs olunması xəbərini verib. İİKK-ya yaxın bir xəbər qurumu isə onun bir maşının içində gözü bağlanmış şəklini paylaşıb. İranın dövlət teleradiosuna bağlı press klubun paylaşdığı qısa videoda isə reper səhvini etiraf edir.

Bəziləri bu videonun saxta olduğunu, digərləri isə ona bu sözlərin zorla dedirdildiyini düşünür. Rəsmi xəbərlərdə isə reperin ölkənin qərb sərhədini qanunsuz keçməyə cəhd edərkən saxlanıldığı iddia edilir.

Salehinin yaxınları və rəsmi “Twitter” hesabı onun əslində qərb sərhədindən yüzlərlə kilometr aralıda, cənub-qərbi Çaharmahal və Bəxtiyari əyalətində həbs olunduğunu deyir.

İttihamlar

Salehinin dayısı Eğbal Eğbali açıqlamasında bacısı oğlunun sentyabrın 30-u səhər əyalətin Borujen şəhərində olduğunu deyib. Həmin vaxt o, qaldığı evin ətrafında “şübhəli hadisələr” baş verdiyini yazıbmış. Bundan az sonra Salehi ilə əlaqə kəsilib. Eğbali Salehinin qonşuları və dostlarından çox sayda təhlükəsizlik əməkdaşının həmin əraziyə gələrək repçini apardığını öyrənib.

Sentyabrın 30-da İran ədliyyə sisteminə yaxın “Mizan” xəbər agentliyi yaxınlıqdakı İsfahan əyalətinin prokuroruna istinadən Salehinin “ölkənin əyalətlərindən birində” həbs olunduğunu bildirib. Prokuror reperin “qarışıqlıq yaratmaq və İsfahan əyaləti və Şahinşəhrdə son dövrlərin qarışıqlıqlarının təşviqində mühüm rol oynadığını” iddia edib.

Rəsmi IRNA xəbər agentliyi isə İsfahan əyalətindən bir ədliyyə rəsmisinə istinadən Salehinin “hökumət əleyhinə təbliğatda, düşmən hökumətlərlə əməkdaşlıqda və ölkədə intizamın pozulması məqsədilə qanunsuz qruplar yaratmaqda” ittiham olunduğunu yazıb.

227 deputatın çağırışı

Salehi hökumətin etirazları yatırmaq məqsədilə son həftələr həbs etdiyi yüzlərlə tanınmış simadan biridir. Həbs olunanlar arasında hökumətin etirazçılara hücum və repressiyalarına qarşı çıxan ictimai fəallar, sənət adamları və idmançılar da var. Ümumən fəallar etirazların başlanmasından bəri hökumətin minlərlə insanı həbs etdiyini bildirirlər.

İranda dini hakimiyyətin mövcudluğunun təhlükə altında olduğunu anlayan parlament üzvləri bu həftə ədliyyə sistemini etirazçılara qarşı “daha qətiyyətli” davranmağa çağırıb. 290 parlament üzvündən 227-si bu çağırışa qoşulub.

Salehi son illərdə İran rəhbərliyinə qarşı açıq müxalifətdə olması ilə tanınırdı. O, İran gəncliyini narahat edən məsələləri musiqi və sosial media vasitəsilə gündəmə gətirirdi.

"Normal" adlı mahnısında yoxsulluqdan söz açır və İranın liderlərindən “uşaqlarımız gecə aç yatarkən” necə rahat yata bildiklərini soruşur.

“Tiranın müttəfiqi”

2021-ci ildə buraxdığı "Siçovul dəliyi” mahnısında o, media və sənət icmasının üzvlərini “tiranın müttəfiqi” olmaqda suçlayır. Repçi “Tiran” deyərkən İranın Ali dini lideri Əli Xameneyini nəzərdə tutur.

2021-ci ilin sentyabrında Salehi təhlükəsizlik qüvvələrinin onun İsfahandakı evində apardığı axtarışdan sonra saxlanılıb. “Human Rights Watch” onun "ifadə azadlığından istifadə etdiyi üçün” saxlandığını bildirib.

Salehi "dövlətə qarşı təbliğat yaymaqda” ittiham edilib, ancaq bir həftədən bir qədər çox keçmiş zaminə buraxılıb. Yanvarda altı aylıq həbs cəzasına məhkum edilən repçiyə oxunan hökm fevralda şərti cəza ilə əvəz edilib.

“Kiminsə cinayəti cəsur olmaq idi”

Azadlığa çıxdıqdan sonra da fəaliyyətini davam etdirən Salehi bu dəfə də hökumətin etirazçılara qarşı amansız hücumlarını qınayan "Fal" klipini buraxıb.

"Kiminsə cinayəti küləkdə saçı ilə rəqs etmək, kiminsə cinayəti cəsur olmaq idi”, – mahnıda deyilir.

Salehinin həbsi ölkə daxilində və xaricində ciddi qınağa səbəb olub. Fəallar “Twitter”də #FreeToojam həştəqi ilə çağırışlar yayırlar.

Hökumət Salehidən bir qədər öncə həbs olunan başqa bir repçi ilə bağlı məlumat yayıb.

Noyabrın 7-də ədliyyə sistemi ölkənin şimal-qərbində yerləşən və kürd əhalinin çoxluq təşkil etdiyi Kirmanşah əyalətindən olan repçi Səmən Yasinin İrana qarşı “müharibə aparmaqda” və ölkənin təhlükəsizliyinə zərər verməkdə ittiham edilərək həbs olunduğunu bildirib.

XS
SM
MD
LG