Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 12:12

Vergilər Nazirliyi 'Turan' agentliyinə cinayət işi açıb


Vergilər Nazirliyi
Vergilər Nazirliyi

Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti «Turan» İnformasiya Agentliyinə cinayət işi açıb. Artıq ibtidai istintaqın başlandığı bildirilir.

Bu haqda AzadlıqRadiosuna agentlikdən bildiriblər.

Nazirlik, eyni zamanda, avqustun 8-də agentliyin fəaliyyətinin səyyar vergi yoxlamasına başlayıb.

Agentlikdən deyiblər ki, vergi yoxlaması qərarı Bakı Şəhəri Lokal Gəlirlər Departamentinin agentliyə 37 min manatdan çox borc hesablanması haqqında qərarına əsaslanır. Departament hesab edir ki, agentlik gəlirlərini az göstərib. Hər iki departament agentlikdən bütün vergi sənədlərini tələb edirlər.

«Turan» İnformasiya Agentliyi bütün iddiaları təkzib edib.

«İddiaları qətiyyətlə təkzib edirik. Adıçəkilən qurumların əməlləri qanunazidd və açıq-aşkar qərəzlidir», - agentlikdən bildiriblər.

Artıq «Turan» agentliyi vergi yoxlaması ilə bağlı 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə iddia ərizəsi ilə müraciət edib. Məhkəmədən agentliklə bağlı nazirliyin çıxardığı qərarların, o cümlədən səyyar vergi yoxlamasının keçirilməsinin qanunsuz və etibarsız sayılması istənilib.

Agentlik hesab edir ki, bütün bu addımlar onların fəaliyyətinə mane olmaq, işlərini iflic vəziyyətə salmaq məqsədi daşıya bilər.

«Turan» agentliyi məhkəməyə müraciətində vergi orqanlarının hərəkətlərinin həm milli qanunvericiliyə, həm də Azərbaycanın ifadə azadlığı ilə bağlı tərəfdar çıxdığı beynəlxalq öhdəliklərə zidd olduğunu vurğulayıb. Agentliyi məhkəmədə Fuad Ağayev müdafiə edir.

Vergilər Nazirliyindən hələlik agentliyə cinayət işi açılmasına şərh almaq mümkün olmayıb.

XS
SM
MD
LG