Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 05:47

Türkiyə ABŞ-ın xəbərdarlığına ‘hikkəli’ cavab verib - Qərb mediası


Türkiyənin maliyyə naziri Nureddin Nebati
Türkiyənin maliyyə naziri Nureddin Nebati

Ankara bildirib ki, Türkiyə Qərb sanksiyalarından yayınmaya imkan verməyəcək

Türkiyənin maliyyə naziri avqustun 26-da ABŞ Maliyyə Nazirliyinin Ankaraya sanksiya xəbərdarlığını “mənasız” adlandırıb.

ABŞ Maliyyə Nazirliyi xəbərdarlıq etmişdi ki, sanksiyalar altında olan Rusiya şirkətləri ilə əməkdaşlıq edən Türkiyə şirkətləri sanksiya riski ilə üzləşə bilərlər.

Reuters agentliyi yazır ki, NATO üzvü olan Türkiyə Rusiya Ukraynaya hərbi müdaxilə edəndən bəri Moskva və Kiyev arasında kövrək balansı saxlamağa çalışır.

Türkiyə Rusiyaya qarşı beynəlxalq sanksiyalara qoşulmasa da, Moskvanın Ukraynaya müdaxiləsini pisləyib və eyni zamanda Ukrayna ilə hərbi sənaye sahəsində əməkdaşlıq edir.

Ankara habelə Rusiya ilə ticarət və enerji sahələrində əməkdaşlığını davam etdirir.

Türkiyənin maliyyə naziri Nureddin Nebati avqustun 26-da Twitter-də yazıb ki, Türkiyə “sanksiyaların toxunmadığı çərçivədə” qonşuları ilə iqtisadi-ticari əlaqələrini inkişaf etdirir.

Reuters yazır ki, Qərb partnyorlarının Rusiyadakı aktivlərini alan və ya bu niyyətdə olan bir sıra Türkiyə şirkətləri olub.

Lakin Ankara bildirib ki, Türkiyə Qərb sanksiyalarından yayınmaya imkan verməyəcək.

Kobud cavab

ABŞ Maliyyə Nazirliyi bu həftə həm Türkiyənin ən böyük biznes qrupu TUSAID təşkilatına, həm də cənab Nebatinin nazirliyinə xəbərdarlıq edərək bildirmişdi ki, Rusiya şirkətləri Qərb sanksiyalarından yan keçmək üçün Türkiyədən istifadəyə cəhd göstərirlər.

Lakin Nureddin Nebati bu xəbərdarlığa cavab olaraq giley və bir qədər də “kinayə” tonunda yazıb:

"Türkiyə biznes qruplarına məktubla müraciət edərək biznes çevrələrində narahatlıq yaratmaq mənasız hərəkətdir. Biz müttəfiqimiz və ticarət partnyorumuz olan Birləşmiş ŞtatlarIarın öz şirkətlərini bizim iqtisadiyyatımıza investisiya qoyulmasına dəvət etməsindən çox məmnun olardıq”.

Nazir daha sonra qeyd edib ki, “Türkiyənin iqtisadiyyatı azad bazar prinsiplərinə bağlıdır və qlobal ticarətdə daha böyük pay əldə etməyə can atır”.

Nebati vurğulayıb ki, hökumət bu yolda biznesi tamamilə dəstəkləyir.

Ekspert: Belə cavab Türkiyəni sanksiyalara hədəf edə bilər

BlueBay Asset Management firmasından Tim Eş Reuters agentliyinə deyib ki, Nebatinin cavabı Vaşinqtonu əsəbiləşdirə və Türkiyəni sanksiyalara hədəf edə bilər:

"Onun yazdığından belə məna çıxır ki, “yankilər, bura baxın, Türkiyə dövləti bizə qarşı hər hansı hərəkətə duruş gətirmək üçün çox güclüdür”.

Rusiya və Ukrayna ilə dəniz sərhədi olan Türkiyə bildirib ki, Rusiyaya qarşı sanksiyalara qoşulmaq Türkiyənin onsuz da gərginlik altında olan iqtisadiyyatına zərbə vura bilər.

Ankara bundan başqa Rusiya və Ukrayna arasında vasitəçilik rolu oynamağa can atır.

Reuters yazır ki, Türkiyə Qərb ölkələrinin aviaşirkətlərinə Rusiyaya uçuşların qadağan edilməsindən də fayda götürür. Beləki Rusiyadan Türkiyəyə böyük turist axını var.

Bu ay metallurgiya ixracatı qruplarından biri bildirmişdi ki, Rusiyada Türkiyə istehsalından olan mallara tələbat artıb.

Məlumatda bu da qeyd olunurdu ki, bəzi Avropa biznesləri Rusiyaya ixracı Türkiyə vasitəsilə həyata keçirmək istəyirlər.

XS
SM
MD
LG