Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:39

İnsanları girov götürmək istəyirdilər


Atatürk aeroportunu partlatmaqda şübhəli bilinənlər.
Atatürk aeroportunu partlatmaqda şübhəli bilinənlər.

Türkiyə rəsmiləri Atatürk aeroportunda 19-u əcnəbi olmaqla 44 nəfərin ölümü ilə nəticələnmiş terror aktını «İslam Dövləti» (İŞİD) qruplaşmasının təşkil etdiyini bildirirlər. Prezident Recep Tayyip Erdoğan deyib: «Onlar bunu İslam dini naminə etdiklərini söyləyirlər. Bunun İslama heç bir aidiyyəti yoxdur. Onların yeri cəhənnəmdir».

«Anadolu» agentliyinin yaydığı xəbərə görə, terror aktından dərhal sonra keçirilmiş əməliyyatlar nəticəsində 24 nəfər, o cümlədən 15 xarici vətəndaş saxlanılıb. Agentlik prokurorluq orqanlarındakı mənbəyə istinadən terrorçulardan ikisinin adını açıqlayıb. Bunlar Rakim Bulgarov və Vadim Osmanov-dur. Onların hansı ölkənin vətəndaşları olduqları açıqlanmayıb.

Bundan əvvəlki bəyanatlarında rəsmilər terroru törədən 3 intiharçının Rusiya, Özbəkistan və Qırğızıstan vətəndaşları olduğunu bildirmişdilər.

BİR NÖMRƏLİ DÜŞMƏN

Terror aktının təşkilatçısının isə Akhmed Chatayev olduğu bildirilir.İŞİD-in İstanbuldakı gizli qruplaşmasının rəhbəri olduğu söylənilən Chatayev-in bu il İstanbulun Sultan Ahmet rayonu və İstiqlal prospekti kimi turistlərlə bol ərazilərində törədilən iki qanlı terrorun da təşkilatçısı olduğu yazılır.

ABŞ Konqresinin Daxili Təhlükəsizlik Komitəsinin rəhbəri Michael McCaul Chatayev-i Şimali Qafqaz regionunda «bir nömrəli düşmən» kimi təsvir edib. «O, müxtəlif səbəblərlə dəfələrlə Suriyaya gedib. Orada İŞİD-in yüksəkrütbəli komandirlərindən biri səviyyəsinə qədər yüksəlib», -- konqresmen bunları CNN-ə açıqlamasında deyib.

İsveç məhkəməsinə aid sənədlərdən görünür ki, 36 yaşlı Chatayev 2008-ci ildə silah qaçaqmalçılığına görə 16 ay həbs yatıb. Həbsdən çıxandan sonra İsveçdən deportasiya olunub. Bundan əvvəl isə 2003-cü ildə ona Avstriyada siyasi sığınacaq verilibmiş.

Akhmad Chatayev Gürcüstanda
Akhmad Chatayev Gürcüstanda

Türkiyənin «Sabah» qəzetinin yazdığına görə, terrorçular aeroportda qabaqcadan kəşfiyyat aparıblarmış. Onların qətliam törətməzdən öncə xeyli sərnişini girov götürmək planı olub. Lakin terrorçulardan birinin polisin şübhəsini çəkməsi bu planı pozub.

Müşahidə kameralarının qeydə aldığı görüntülərdən aydın olur ki, yayın istisində əynində gödəkcə ilə gəzişən terrorçu polisin diqqətini çəkir. Polis ondan sənədini istəyər-istəməz, terrorçu ona atəş açır.

MƏNZİLDƏN QƏRİBƏ KİMYƏVİ İY GƏLİRMİŞ

Yerli medianın məlumatına görə, terrorçular İstanbulun Fatih rayonunda kirayə mənzil tutaraq, 24 min lirə (8300 dollar) illik kirayə haqqını da əvvəlcədən ödəyiblərmiş.Suriyadan və başqa ərəb ölkələrindən gələnlərin çoxu İstanbulun bu rayonunda yaşayır.

Mənzilin üst qonşusu kirayənişinlərin pəncərələrini daim qapalı saxladıqlarını, özlərini isə heç vaxt görmədiyini, lakin səslərin eşitdiyini söyləyib. Qonşunun sözlərinə görə, mənzildən qəribə kimyəvi iy gəlirmiş. Bununla bağlı o, məhəllədəki icra nümayəndəliyinə də şikayət edibmiş. Adı açıqlanmayan bir santexnik ustası isə terrorçulardan birinin evdəki su kranı xarab olduğuna görə ona müraciət etdiyini bildirib: «Türkcə pis danışırdı. Məni evə apardı, kranı təmir etdim. Mənzildə 3 nəfər vardı. Biri daim başımın üstündə dayanmışdı. Quldurlara oxşayırdılar».

ERDOĞAN-IN SURİYA SİYASƏTİ TÜRKİYƏNİ RİSK ALTINDA QOYDU

«The Economist» isə Atatürk hava limanında törədilmiş bu hücumu 2008-ci ildə Hindistanın Mumbai şəhərində «Laşkari Tayyiba» qruplaşmasının törətdiyi hücuma oxşadıb. «The Economist» yazır ki, bu cür hücum Avropanın hər hansı bir şəhərində də törədilə bilərdi: «Ancaq Türkiyə özünü asan hədəf halına gətirdi. Prezident Recep Tayyip Erdoğan-ın Suriya siyasəti Türkiyəni risk altında qoydu. 9 ay ərzində ölkədə baş verən terror hadisələrində 250 nəfər həyatını itirdi. Erdoğan hökuməti on minlərlə döyüşçünün Türkiyə sərhədlərindən Suriyaya daxil olmasına icazə verib. Türkiyə bu döyüşçülərin çoxunun radikal cihadçılar olduğunu bilirdi. Onların bir çoxu isə İŞİD-ə qoşuldu».

Ekspertlər partlayışların Türkiyənin Rusiya və İsraillə diplomatik münasibətləri normalaşdırması vaxtına təsadüf etməsinə də diqqət çəkir. Türkiyə İqtisadi Siyasət Araşdırma Vəqfinin rəhbəri Selim Koru deyir ki, belə bir hücum bir neçə günə planlaşdırıla bilməzdi. Ancaq o, belə bir halı da istisna etmir: «Bəlkə də bu hücumu hazırlayırdılar. Rusiya və İsraillə münasibətlərin normallaşması addımlarından bir gün sonra isə bunu sürətləndiriblər».

XS
SM
MD
LG