Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 06:13

Təzad: Türkiyə “yaşasın çiyələk” deyir, Azərbaycan tütünə üz tutur…


Illüstrasiya
Illüstrasiya

►Bəs tütünə qarşı mübarizə?

«Tütünə qarşı mübarizə haqqında» Çərçivə Konvensiyasına qoşulmuş Azərbaycan əməli addım atmaq əvəzinə məşğulluğu artırmaq üçün çıxış yolunu tütünçülüyün inkişafında axtarır

Hökumət məşğulluğu artırmaq məqsədilə tütün istehsalına dəstək verəcəyini bəyan etdi. Bu il tütünçü sayının 2 dəfə artırılaraq, 8 min nəfərə çatdırılması nəzərdə tutulur.

Mütəxəssislər hökumətin bu addımına birmənalı yanaşmırlar. Məsələ burasındadır ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) «Tütünə qarşı mübarizə haqqında» Çərçivə Konvensiyası üzv ölkələrdən tütün yetişdirilməsini məhdudlaşdırmaq istiqamətində əməli addımlar gözləyir. Azərbaycan da 2005-ci ildən bəri həmin Konvensiyaya qoşulubsa, məşğulluğu artırmaq üçün çıxış yolunu nədən məhz tütünçülüyün inkişafında axtarır?

“Yerli tütündən yararlanmaqla xaricə valyuta axınının önünü kəsmək olar”

Qeyd etmək lazımdır ki, 2001-ci ildə qəbul edilən “Tütün və tütün məmulatı haqqında”” qanunda tütünə dair dövlət siyasətinin əsas istiqamətləri sırasında “qiymətli və yüksək keyfiyyətli tütün məhsulunun yetişdirilməsi, ixracın artırılması, idxal olunan tütün xammalının yerli xammalla əvəz edilməsi” qeyd olunub.

“Vaxt vardı Azərbaycanda ildə 17 min tütün yetişdirilirdi. Indi bu rəqəm 1,4 min tona düşüb. Yəni, biz bu istiqamətdə müəyyən nəticələr əldə etmişik. Amma insanların məşğulluğu da ön sırada olmalıdır”.

Bunu AzadlıqRadiosuna Kənd Təsərrüfatı Nazirliyinin bitkiçilik idarəsinin müdiri İmran Cümşüdov deyib.

Onun sözlərinə görə, Şəki-Zaqatala bölgəsində tütün plantasiyalarının genişlənməsi ölkəyə valyuta axınınına yol açacaq. Siqaret istehsalında yerli tütündən yararlanmaqla xaricə valyuta axınının önünü kəsmək olar.

Nazirliyin rəsmisi bildirib ki, iqtisadi çətinliklərin gözə çarpdığı bir zamanda əməktutumlu sahələrin dəstəklənməsi hökumətin öncəliklərindəndir:

“Hazırda ölkənin regionlarında bitkiçilik sahəsində ixtisaslaşma prosesi gedir. Məhsuldarlıq nəzərə alınmaqla müxtəlif bitkilərin yetişdirilməsində fermerlərə tövsiyələr verilir”.

____________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

“Heç də uğurlu qərar deyil”

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində əhalinin sağlamlığı şöbəsinin müdiri Tofiq Musayev hökumətin sözügedən addımını uğurlu saymır:

“Tütün yetişdirilməsini genişləndirmək heç də uğurlu qərar deyil. Bir neçə il öncə Türkiyə tütün istehsalından imtina etdi və alternativ olaraq çiyələk yetişdirməyə başladı. Fermerlərin gəlirləri qat-qat artdı”.

Türkiyə mənbələri yazır ki, əvvəllər tütün yetişdirən kəndlilər indi çiyələkdən qat-qat artıq qazanc götürürlər.

Kənd təsərrüfatı Nazirliyində də deyirlər ki, Azərbaycanda çiyələk istehsalına yetərincə resurs var, amma bu imkandan istifadə olunur. (Ardı aşağıda)

Aranda çiyələk becərən qadın sahibkar
Gözlə

No media source currently available

0:00 0:02:28 0:00

Hər hektardan 5 ton “Viktoriya çiyələyi…”

Yeri gəlmişkən, 2010-2013-cü illərdə İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyinin 1,5 milyon dollar həcmində maliyyə yardımı ilə “Oksfam-Azərbaycan” təşkilatı çiyələk istehsalının inkişafına yönəlmiş layihə icra edib.

“SMART- imkansız fermerlərə dəstək” adlı bu layihənin icrası nəticəsində məhsuldarlığı hektardan 5 ton olan “Viktoriya» çiyələk sortu Bərdə, Tərtər və Ağdam rayonlarında geniş yayılıb.

“SMART Layihəsi” çərçivəsində gerçəkləşən araşdırmaya görə, Azərbaycanda ildə təxminən 600 ton çiyələk yetişdirilir. Bunun yarısı Cəlilabad fermerlərinin payına düşür. Xaricdənsə ölkəyə ildə 900 ton çiyələk gətirilir.

Ancaq rəsmi məlumatlarda bu rəqəm xeyli aşağı göstərilib. Dövlət Gömrük Komitəsinin hesabatına görə, ötən ilin 9 ayında ölkəyə 25 ton çiyələk gətirilib. İxracsa bundan 29 ton çox olub. Çiyələyin bir tonunun xaricə satışından fermerlər 2 min dollar gəlir götürüblər.

Tütün yarpağından yanacaq alındı
Gözlə

No media source currently available

0:00 0:01:32 0:00

XS
SM
MD
LG