Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 09:03

Medvedev Ukraynada irəliləməyə çağırır


Kurskda dağılmış ev
Kurskda dağılmış ev

Rusiyanın keçmiş prezidenti, hazırda isə Təhlükəsizlik Şurası sədrinin müavini olan Dmitri Medvedev Rusiya əsgərlərini Ukraynanın dərinliklərinə girməyə çağırıb. Moskva Kursk vilayətini hədəfə alan Ukrayna dronları və raketlərini tutduğunu açıqlayıb.

Kurskun qubernatoru vəzifəsini icra edən Aleksey Smirnov avqustun 7-də fövqəladə vəziyyət elan edib. Bu arada Ukrayna quru hücumunu davam etdirib, Rusiya isə hücumun tankların, zirehli texnika və artilleriyanın dəstəyi ilə aparıldığını deyib.

Kursk və Belqorod üzərində dronlar, raketlər vurulur

Rusiyanın Müdafiə Nazirliyi avqustun 8-də bildirib ki, Kursk vilayəti üzərində altı dron və beş raket, Belqorod vilayəti üzərində isə 14 dron vurulub.

Ukraynanın Kursk vilayətinə girməsini şərh edən Medvedev vurğulayıb ki, Moskva Rusiyanın özününkü saydığı ərazilərdən kənara çıxmalıdır. O, Ukraynanın Odessa, Xarkov, Dnepr, Nikolayev və Kiyev vilayətlərində irəliləməyə çağırıb.

Rusiya prezidenti Vladimir Putin isə bundan öncə Kiyevi Kurskda mülki və yaşayış hədəflərini vurmaqda ittiham edib. Rusiyanın müharibəni təbliğ edən blogerləri Ukrayna qüvvələrinin bir neçə kəndi ələ keçirdiyini yazıblar.

Avqustun 7-də hökumətin iclasında çıxış edən Putin bu hərbi əməliyyatı “daha bir irimiqyaslı provokasiya” adlandırıb.

Zelenskinin, Qərbin reaksiyası

Ukrayna rəsmiləri Kurska müdaxiləni şərh etməyiblər. Amma Ukrayna prezidenti Volodimir Zelenski avqustun 7-də deyib ki, düşmənin məhvini davam etdirmək vacibdir, “əsgərlərimiz bunu necə etməyi bilirlər, elə effektiv edirlər ki, nəticə verir”.

Onun sözlərinə görə, Rusiyaya daha çox təzyiq göstərildikcə, sülh daha yaxın olacaq, “Güc vasitəsilə sülh kimi. Bunu təmin edən hər kəsə təşəkkürlər”.

Aİ-nin sözçüsü Piter Stano (Peter Stano) AzadlıqRadiosunun Ukrayna xidmətinə deyib ki, blok döyüş əməliyyatlarını şərh etmir, amma inanır ki, “Ukraynanın özünü müdafiə etmək, eləcə də təcavüzkarı öz ərazisində vurmaq hüquqi var”.

ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Körbi (John Kirby) avqustun 7-də deyib ki, Ağ ev Kursk vilayətində vəziyyəti “daha yaxşı anlamaq” üçün Ukrayna ilə əlaqə saxlayıb.

Dövlət Departamentinin sözçüsü Metyu Miller (Matthew Miller) isə avqustun 7-də ABŞ silahlarının Ukrayna tərəfindən sərhəddə, yaxud Rusiya hərbi obyektlərinə qarşı istifadəsinə dair Vaşinqtonun siyasətinin dəyişmədiyini təsdiqləyib.

Baş verənlər “bizim siyasətimizi pozmur”, Miller əlavə edib.

XS
SM
MD
LG