Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 22:02

Putin Qərblə proksi müharibəyə ‘hazırlaşır’ – Qərb mediası


ABŞ-da Putinə qarşı etiraz aksiyası, arxiv fotosu
ABŞ-da Putinə qarşı etiraz aksiyası, arxiv fotosu

Qəzet Moskvayla Kiyev arasında sülh danışıqlarına vasitəçilik edənlərə istinadla yazır ki, Putinin Ukrayna dövlətçiliyinə son qoymaq hədəfi dəyişməz qalır

Rusiyanın Ukraynaya qarşı müharibəsi artıq iki aydan çoxdur davam edir. Tərəflərin sülh danışıqları dalana dirənib. Kreml Ukraynadakı ilkin hədəflərini ölkənin şərqindəki Donbası tam tutmağa yönəldib. “The Financial Times” qəzeti Moskvanın Ukraynaya qarşı “xüsusi əməliyyat”ı Qərblə “müharibə”yə çevirmək ehtimalından yazır.

Cüdoçu

Müəllif Maks Seddon qeyd edir ki, Ukraynanın müdafiəsini qıra bilməməsinə, ağır itkilər verməsinə, hərbi məğlubiyyətlərə baxmayaraq, Kreml dediyindən dönmür: Prezident Vladimir Putinin işğal hədəfləri tam yerinə yetiriləcək.

Qəzet Moskvayla Kiyev arasında sülh danışıqlarına vasitəçilik edənlərə istinadla yazır ki, Putinin Ukrayna dövlətçiliyinə son qoymaq hədəfi dəyişməz qalır. Bu isə o deməkdir ki, o, uzadılmış münaqişəyə hazırlaşır, Donbasın “azad olunması” ilə kifayətlənənə oxşamır. Putin Ukraynanın cənub-şərqini tutaraq ölkənin Qara dənizə çıxışını kəsmək, gələcək hücumlar üçün platforma yaratmaq istəyir, həmin şəxslər belə deyirlər.

“O taktikdir… cüdoçudur, yalan manevr edərək səni çiyninin üstündən atmaq istəyir”, – danışıqlardan xəbərdar şəxslərdən biri Putinin cüdo sevgisindən söz açır. Onun fikrincə, Putin sağlam mühakimə yürütmür, beynində dünyanın təhrif olunmuş mənzərəsi var və ssenariləri dəyişib: “İştaha yeməklə gəlir”.

Proksi müharibə

Moskvada yaşayan nüfuzlu bir maqnat da münaqişənin davam edəcəyini düşünür, çünki Putin bunu ölkədə uğur kimi təqdim edir.

Müstəqil hərbi təhlilçi Pavel Luzin cəbhədə baş verənləri yuxarıya dəqiq çatdırılmadığını düşünür. Onun fikrincə, bu, Rusiyanın hücumunu əngəlləyəcək, gələn ay əməliyyatlara fasilə verməyə məcbur edəcək.

Ukrayna rəsmiləri daha öncə deyirdilər ki, Putin mayın 9-da – 2-ci Dünya müharibəsində sovet qələbəsinin ildönümündə zəfərini elan etmək istəyir. Ancaq indiyədək hərbi uğurların sayı çox deyil, sülh danışıqları dayanıb. Bu arada Kremlin uzunmüddətli münaqişəyə hazırlaşmasının əlamətləri görünür. Moskva buna Qərblə proksi müharibə kimi baxır.

Artıq dövlət televiziyasının ritorikası da dəyişib. Aparıcılar müharibədə uğurun azlığını Qərbin Ukraynaya dəstəyinə bağlayırlar.

Canlı qüvvə

“Royal United Services Institute” təhlil mərkəzindən Cək Uotlinq deyir ki, cəbhədə üstünlük qazanmaq üçün Rusiya canlı qüvvə sayını əhəmiyyətli dərəcədə artırmalıdır. Bundan ötrü çağırışçılar qalmaq şərtilə rezervistlər, könüllülər də səfərbər olunmalıdır. Bu zaman Kreml artıq “xüsusi əməliyyat” deyil, tammiqyaslı müharibə apardığını etiraf etməlidir.

Digər tərəfdən, Donbas hücumu müharibəni bitirməkdənsə, onu genişləndirə bilər. Elə ötən həftə Rusiya generalı Rüstəm Minnikayev qonşu Moldovaya hücuma eyham vururdu.

Müharibənin ilk günlərində Ukrayna paytaxtı Kiyevi tutmağa çalışan Rusiya qüvvələri sərt müqavimətlə üzləşib, geri çəkilməli olub.

Hazırda Kreml Ukraynanın şərqi Donbas regionunu tam tutmağa çalışır. 2014-cü ildə Krımı ilhaq edən Rusiya Donbasdakı separatçıları dəstəkləməyə başlayıb. Bu ilin fevralında Donetsk və Luqanskda qondarma qurumların müstəqilliyini tanıyan Putin Ukraynaya hücum əmri verib.

XS
SM
MD
LG