Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 19:09

Ukrayna hərbi xidmətə çağrılan yaşlı kişilərə konsulluq xidmətini dayandırır


Ukraynalı kişilər dəyişikliklər qüvvəyə minənədək Polşadakı konsulluq və pasport xidmətlərindən istifadə etməyə tələsirlər.
Ukraynalı kişilər dəyişikliklər qüvvəyə minənədək Polşadakı konsulluq və pasport xidmətlərindən istifadə etməyə tələsirlər.

Ukrayna ötən həftənin əvvəlində hərbi çağırış yaşlı kişi vətəndaşlara konsul xidmətlərini mayın 18-dək dayandırıb. Hökumət Ukraynanın Rusiyaya qarşı ölüm-dirim savaşına heç bir yardım göstərmədən dövlətdən kömək uman xaricdəki ukraynalıları tənqid edib.

Rusiyanın daha böyük və daha yaxşı silahlanmış ordusuna qarşı müharibədə kəskin canlı qüvvə çatışmazlığı ilə Ukraynanın üz-üzə olduğu vaxtda yüz minlərlə hərbi qulluq yaşlı ukraynalı xaricdə yaşayır.

"Hazırda bu necə görünür: hərbi çağırış yaşlı kişi xaricə gedib, beləcə, dövlətinin həyatda qalıb-qalmayacağı ilə maraqlanmadığını göstərib, sonra da qayıdıb dövlətdən xidmətlər almaq istəyir",- xaric işlər naziri Dmitro Kuleba X-də deyib. "Bu, belə işləməz. Ölkəmiz müharibədədir… Xaricdə qalmaq vətəndaşı vətən qarşısındakı vəzifələrindən azad etməz".

Onun sərt tonu Kiyevin xaricdə yaşayan və müharibəyə töhfə verməyən ukraynalı kişilərdən narazılığını əks etdirirdi.

Çağırışdan yayınanların ölkədən qaçması halları məlumdur

Bu ilin yanvarına aid bilgidə Avropa Birliyi ölkələrində 4.3 milyonadək ukraynalının yaşadığı bildirilir. "Eurostat"ın məlumat bazasının hesablamasına görə, onların 860 min nəfəri yetkinlik yaşındakı kişilərdir.

Bu yeni qanun o deməkdir ki, indi xaricdə yaşayan hərbi qulluq yaşındakı kişilər vaxtı keçən pasportlarını yeniləyə, yaxud yeni pasport və ya rəsmi sənədlər, məsələn, nikah şəhadətnaməsi ala bilməyəcəklər.

Xarici İşlər Nazirliyi bildirir ki, bu konsul xidmətlərinin dayandırılması səfərbərlik qanununun qüvvəyə minəcəyi 18 may tarixinədək qüvvədə qalacaq.

Səfərbərlik qanununa görə, bütün hərbi çağırış yaşlı kişilərin 60 gün içində sənədlərini yeniləmək üçün şəxsən gəlməsi və ya gəlməsə də, çağırış idarələrinə xəbər verməsi tələb olunacaq. Xaricdə yaşayan çağırış yaşlı kişilərin konsul xidmətlərindən yararlanmaq istədikləri zaman həmin sənədlərə ehtiyacı olacaq.

Bu qayda o deməkdir ki, səfərbərlik qanununun qüvvəyə minməsinədək konsul xidmətlərindən yararlanmağa tələsənlər bunu edə bilməyəcəklər.

Kiyevdə yaşayan siyasi fəal Volodimir Fesenko deyir ki, bu addım kişiləri qüvvəyə minən yeni qanuna tabe etdirmək və cari şəxsi məlumatlarını hərbi qurumlara təhvil verməyə məcbur etmək cəhdi kimi görünür. O bu addımın effektiv olacağına inanmır.

Ancaq gec-tez bir çox kişi Ukrayna vətəndaşlığını təsdiqləyib-təsdiqləməyəcəyinə dair seçim etməli olacaq.

Ukrayna tammiqyaslı müharibənin başlanğıcında hərbi vəziyyət elan edərək 18-60 yaşlı kişilərin ayrıca icazəsiz xaricə səyahətini yasaqlayıb və kişi cinsindən olan mülki şəxslərin silahlı qüvvələrə səfərbər edilməsinə başlayıb.

"Bu addımı qanunsuz, yaxud yanlış adlandıra bilmərəm"

Ukrayna ordusunun üzləşdiyi artilleriya mərmiləri qıtlığından və Ukrayna əsgərlərinin taqətdən düşməsindən yararlanan Rusiya qoşunları Ukraynanın şərqində yavaş-yavaş irəliləyir. Bəzi Ukrayna əsgərləri savaş başlanandan bəri döyüşlərdədir. Müharibədən öncə döyüşməyə başlayanlar da var.

Varşavada yaşayan və adının çəkilməsini istəməyən bir ukraynalı kişi "Reuters"ə telefon müsahibəsində deyib ki, onun fikrincə, bu qayda Kiyevə sadiq vətəndaşları vətəndən soyudacaq.

Başqa bir ukraynalı, Kanadada oxuyan 21 yaşlı Anatoli Nezqoduk deyir ki: "Ölkəmizdə müharibə getdiyini çox yaxşı anlayıram. Bu üzdən həmin addımı qəribə, qanunsuz, yaxud yanlış adlandıra bilmərəm. Bu, bəlli anlamda məni Ukraynanın xaricdəki rəsmi nümayəndəliyindən uzaqlaşdırır".

XS
SM
MD
LG