Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:42

Kiyevə tankların verilməsində razılaşma olmadı


Pentaqonun rəhbəri Lloyd Ostin (LLoyd Ostin) və Ukraynanın müdafiə naziri Oleksi Reznikov Ramştayn görüşündə
Pentaqonun rəhbəri Lloyd Ostin (LLoyd Ostin) və Ukraynanın müdafiə naziri Oleksi Reznikov Ramştayn görüşündə

Ukrayna üzrə kontakt qrupuna daxil müttəfiqlər ABŞ-ın Almaniyadakı Ramştayn hərbi bazasında keçirilən görüşdə Ukrayna Silahlı Qüvvələrinə Qərb istehsalı olan ağır döyüş tanklarının verilməsi məsələsində hələki razılığa gələ bilməyiblər.

Buna səbəb Almaniyanın bu məsələdə qəti bir mövqeyə gəlməməsi olub. Söhbət ilk növbədə Ukraynaya Almaniya istehsalı Leopard tanklarının verilməsindən gedirdi.

Müttəfiqlər bu məsələ üzrə danışıqları davam etdirəcəklərini bildiriblər.

Ukrayna tərəfi Qərb ölkələrindən ABŞ istehsalı Abrams və ya Almaniya istehsalı olan Leopard tanklarının verilməsini rica etmişdi.

Yanvarın 20-də Almaniyanın bu vəzifəyə yenicə təyin edilmiş müdafdiə naziri Boris Pistorius deyib ki, Almaniya Ukraynaya Leopard tanklarının verilməsi məsələsində hələ də qəti qərara gəlməyib və Berlin “leyhinə” və “əleyhinə” məqamları götür-qoy edir.

Almaniya kansleri Olaf Şolts bundan əvvəl bildirmişdi ki, Berlin Kiyevə Leopard tankları göndərməyə hazırdır, amma bunu yalnız ABŞ özünün Abrams tanklarını Ukraynaya göndərərsə edə bilər.

Almaniya tank verməsə də, icazə verəcəkmi?

Ramştayn görüşündən sonra çıxış edən ABŞ müdafiə naziri Lloyd Ostin deyib ki, Abrams tankları barədə nəsə təzə bir məlumat verə bilmir.

Buna baxmayaraq Polşa, Çexiya, Slovakiya və bir sıra başqa ölkələr Ukraynaya öz cəbbəxanalarında olan Leopard tanklarını göndərə biləcəklərini bildiriblər.

Burası da var ki, Leopard tanklarının göndərilməsi üçün onun istehsalçısı olan Almaniyanın icazəsi lazımdır.

Hərçənd bəzi ölkələr tankları bu icazə olmadığı təqdirdə belə göndərə biləcəklərini demişdilər.

Polşanın müdafiə naziri Mariuş Blaşşak Ramştayn görüşündən sonra deyib ki, cəbbəxanalarında Leopard tankları olan ölkələr bu texnikanın Ukraynaya verilməsi məqsədilə koalisiya yaradılmasını müzakirə edirlər.

Müharibə bu il qurtarmaya bilər?

Almaniya bildirib ki, bu yaz Ukraynaya veriləcək hərbi yardım paketi hazırlayıb.

Ümumi dəyəri 1 milyard dollar olan bu paketə hava hücumundan müdafiə sistemləri daxil olacaq.

Pistorius deyib ki, Berlin habelə Kiyevə Patriot raketləri, Gepard özüyeriyən artilleriya zirehliləri, Irıs raket sistemləri verəcək.

Finlandiya Ukraynaya 400 milyon dollarlıq hərbi texnika və başqa silahlar verəcəyini elan edib.

ABŞ Birləşmiş Baş Qərargahlar Komitəsinin komandanı general Mark Mili bəyan edib ki, Birləşmiş Ştatlar Ukraynaya işğal olunmuş torpaqlarının mümkün qədər çox hissəsini qaytarmaqda köməyini davam etdirəcək.

Lakin o əlavə edib ki, Kiyev üçün bütün işğal edilmiş ərazilərini bu il azad etmək elə də asan olmayacaq.

Bu isə o deməkdir ki, general müharibənin 2024-cü ilədək uzanacağını istisna etməyib.

XS
SM
MD
LG