Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 09:23

Ukrayna dronları belə işləyir. ‘3 min 500 fotoşəkli təhlil edirik’


Donetskdə dron idarə edən hərbçi
Donetskdə dron idarə edən hərbçi

Dronlar Ukrayna müharibəsində mühüm rol oynayır. Hər iki tərəf məlumat toplamaq, artilleriya zərbələrini dəqiqləşdirmək və bomba atmaq üçün çox sayda drondan yararlanır.

“Xartiya” batalyonunun dron birliyinin komandiri Yaroslav Markevıç hücum əməliyyatlarında dronlarla artilleriyanın birgə işini “ən vacib cütlük” adlandırır. O deyir ki, bu, Ukraynanın sentyabrda Xarkov regionunda əkshücum əməliyyatlarının uğurunun əsas səbəblərindən biridir.

"Məhz dronlara görə çox tez irəliləmək olur”, – o deyir.

Ermənistanda itkin düşmüş 29 əsgərin yaxınları cavab gözləyirlər
Gözlə

No media source currently available

0:00 0:02:44 0:00

Süni zəkanın rolu

Ukrayna hər ay yüzlərlə dron operatoru hazırlayır. Ukrayna sosial mediası hərbi birliklər üçün dron almağa pul toplayan könüllülərlə doludur.

Adətən Yaroslav və döyüş yoldaşları kameralı dronu rus mövqelərinə tərəf uçurur, daha sonra geri qaytarır, onun topladığı məlumatı öz kompüterlərinə yükləyib təhlilə başlayırlar.

Rus hərbi maşın və avadanlıqlarının yerini aşkarlamaq çox çətin prosesdir. Onlar rusların çox vaxt yaxşı kamuflyaj etdiyi avadanlığı dronun çəkdiyi görüntülərdən tapmaq üçün əvvəlcə süni zəkadan faydalanırlar. Öncə süni zəka düzbucaqlı obyektləri aşkar edir. Bundan sonra onlar saatlarla öz gözləri ilə potensial hədəflərin əlamətlərini təhlil edirlər.

Hədəf seçiləndən sonra

Hətta kiçik fərqliliklər belə kamuflyaj altında rus tankının olmasından xəbər verə bilər. Məsələn, müəyyən bir ərazidə yarpaqlar quru, qalan hər tərəfdə yaşdırsa, bu, həmin ərazidə hərbi texnikanın gizlədilməsi demək ola bilər.

Bundan sonra onların komandanlığı və artilleriya birlikləri hansı hədəfləri vuracağına qərar verir. Hədəf seçiləndən sonra operatorlar onun hələ də yerində olduğunu yoxlamaq üçün daha bir uçuş həyata keçirirlər. Bahalı artilleriya mərmilərini boş yerə israf etməmək üçün ikiqat yoxlama vacibdir.

Çox vaxt hədəfdən cəmi bir neçə kilometr uzaqlıqda dayanıb Ukrayna artilleriyasının zərbələrinin hədəfə çatmasını dinləyirlər. Sonra tabletlərindəki hərbi xəritə və “Starlink”in köməyilə artilleriya birliyi ilə koordinasiya işi görürlər.

“Cəmi iki saat yatırıq”

Bu cür iş çox vaxt çox enerji tələb edir və yorucu olur. "Bütün həftə ərzində cəmi iki saat yatırıq. Axşam saat 7-dək dron uçururuq, sonra bazaya gedirik, uçuşdan alınan 3 min 500 fotoşəkli təhlil edirik”, –Leqo ləqəbli dron operatoru deyir.

Ukraynanın dron birlikləri təchizat problemilə üz-üzədir. Daha çox hərbi dronlar alınsa da, tələb təchizatı çox üstələyir. Bir Ukrayna dron şirkətinin rəhbəri iyunda mətbuata ordunun dron ehtiyacının cəmi 20% ödəndiyini demişdi.

Dron birliklərinin çoxu bu boşluğu doldurmaq üçün sülh şəraitində hobbi videolarında istifadə olunan kommersiya kvadrikopterlərini işə salır.

Dron itkisi

Markevıç bu dronların yalnız ziyan verdiyini deyir. O 2014-cü ildən bəri Donbasda separatçılarla döyüşdüyündən dronlarla işləməli olub.

Ümumən dronlar səngər həyatının çətinlikləri üçün dizayn olunmayıb. Uyğun olmayan hava şəraitindən rus mərmisinə qədər hər şey onları sıradan çıxara bilər. Dron havaya qalxandan sonra Rusiyanın elektron silahları onu məsafədən idarə edən siqnalı sındırıb operatorla əlaqəni kəsə bilər.

"Çox dron itiririk", – Markevıç deyir.

Problemlərin bəlkə də ən böyüyü operatorların cəbhə xəttinə bu qədər yaxın işləməli olmasıdır. “Xartiya”nın işlətdiyi kommersiya dronlarının praktik arealı çox vaxt təqribən üç kilometr olur. Rusiya artilleriya mərmiləri isə bundan daha uzaq məsafə qət edə bilir. Rusiyanın haubitsaları isə 25 kilometrədək məsafəni vurur.

XS
SM
MD
LG