Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 09:04

Satıldığı iddia olunan üçyaşlı uşağın atası: 'Satmamışam, amma şikayətçi də deyiləm...'


Gültəkin Muradova uşağı övladlığa götürmək məqsədilə oğurlamaqda suçlanır.
Gültəkin Muradova uşağı övladlığa götürmək məqsədilə oğurlamaqda suçlanır.

Düz bir il öncə oğurlanması xəbəri yayılan, təxminən 10 gün sonra tapılan üçyaşlı Məhəmməd Şıxəliyevlə bağlı xeyli vaxtdır, Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırmalar gedir.

Azyaşlını oğurlamaqda təqsirləndirilərək həbs olunan Gültəkin Muradova iddia edir ki, yalandır, Məhəmmədi ona uşağın atası satıb. Valideynlər isə uzun müddətdir məhkəməyə çağırılsalar da, gəlmirdilər. Bu üzdən onlar haqqında məcburi gətirilmə qərarı çıxarılmış, icrası da polis orqanlarına həvalə olunmuşdu. Dekabrın 21-də Reyhan ŞıxəliyevaElgün Nəsirov polis nəzarəti altında məhkəməyə gətirilib.

Narkotik asılılığını ekspertiza təsdiqləyib

Onların hər ikisi şahid kimi dindirilib. Şıxəliyeva deyir ki, "8-ci kilometr bazarı"nda limon satırdı, həmin vaxt da işdə olub. Uşaq oğurlananda həyat yoldaşı da mağazaya gedib, uşağın yanında ancaq böyük qızı olub: "Bu qadını məhəllədə görürdüm. Bir dəfə bizim evdə olub, demişdi ki, yardım düzəltməyə kömək eləyəcək".

Şıxəliyevadan narkotik istifadəçisi olub-olmadığı soruşulanda o, qəti şəkildə təkzib edib. Lakin onun nəzərinə çatdırılıb ki, ekspertiza həm onun, həm də həyat yoldaşının ağır dərəcədə narkotik asılılığı haqda rəy verib. Bu haqda sənədlər var. Bundan sonra təsdiqləyib.

"Həm uşağa, həm də özümə görə"

Təqsirləndirilən Muradova isə bir daha vurğulayıb ki, uşağı oğurlamayıb, 3 min manat qarşılığında alıb. Çünki valideynləri Məhəmməd də daxil olmaqla, dörd uşağın heç birinə normal şəkildə baxmırdı: "O uşaqlara yazığım gəlirdi. Soyuq havada ayaqyalın, başıaçıq gəzirdilər. Maraqlanan, baxan yox idi. Nə vəziyyətdə idilər. Mənim də övladım yox idi. Həm uşağa, həm də özümə görə...".

Lakin uşağın atası Nəsirov onu satması haqda iddianı təkzib edib, Muradovanın Məhəmmədi oğurladığını bildirib. Bununla belə, o, şikayətçi olmadığını da deyib və bu barədə məhkəməyə yazılı ərizə təqdim edib: "Mən uşağı satmamışam, bu barədə deyilənlər böhtandır. Amma ondan şikayətçi deyiləm".

Bu işlə bağlı araşdırmalar davam edir.

Hadisə necə baş verib

Söhbət 2021-ci ilin dekabrında Sabunçu qəsəbəsində ikiyaşlı Məhəmməd Şıxəliyevin oğurlanmasından gedir. Dekabrın 29-da aparılan uşağın yeri yanvarın 8-də müəyyənləşdirilib.

Gültəkin Muradova uşağı övladlığa götürmək məqsədilə oğurlamaqda suçlanır. Cinayət işinin materiallarında iddia olunur ki, Muradovanın özü uşaq dünyaya gətirə bilməyib. O, qeyri-rəsmi birlikdə yaşadığı şəxslə Kürdəxanı qəsəbəsində kirayə qalıb. Ətraf qəsəbələrdə də övladlığa götürmək üçün uşaq axtarıb və, nəhayət, Məhəmmədi oğurlamaq qərarı verib.

Lakin Muradova özünü təqsirli bilmir. O deyir ki, uşağı gizli şəkildə aparmayıb, həmin vaxt ailənin başqa üzvləri, o cümlədən böyük bacısı Firuzə Şıxəliyeva da evdə olub.

Hadisədən sonra Məhəmməd də daxil olmaqla, bu ailədəki dörd uşağın hamısı valideynlərdən alınaraq yerli icra orqanının qərarı ilə sığınacağa yerləşdirilmişdi. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yaymışdı.

Muradova CM 144.3 (adam oğurluğu - yetkinlik yaşına çatmayan şəxsə qarşı törədildikdə) maddəsi ilə ittiham olunur. Bu maddədə 10 ildən 15 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

XS
SM
MD
LG