Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 15:14

Vəli Ələsgərov həbsdən azad edilib


Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov və Naxçıvan MR Milli Təhlükəsizlik naziri Vəli Ələsgərov
Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov və Naxçıvan MR Milli Təhlükəsizlik naziri Vəli Ələsgərov

Naxçıvan Muxtar Respublikasının (MR) keçmiş Milli Təhlükəsizlik naziri Vəli Ələsgərov sentyabrın 28-də axşam saatlarında həbsdən azad edilib.
***

Bundan əvvəl verilən xəbərdə deyilirdi ki, Naxçıvan Muxtar Respublikasının (MR) keçmiş Milli Təhlükəsizlik naziri Vəli Ələsgərovun cəza müddəti sentyabrın 27-də başa çatsa da, azadlığa buraxılmayıb.

Bu barədə AzadlıqRadiosuna onun vəkili Vüqar Xasayev məlumat vermişdi.

Vəkil bildirib ki, müvəkkili bir sutkadır həbsdə qanunsuz saxlanılır. Çünki ortada Ali Məhkəmənin qərarı var və həmin qərara əsasən, cəza müddəti sentyabrın 27-də başa çatıb.

İki gündür Naxçıvanda olduğunu və Ələsgərovun saxlandığı qarışıq tipli cəzaçəkmə müəssisəsinin rəhbərliyi ilə dəfələrlə görüşdüyünü deyən Xasayev Ali Məhkəmənin qərarını da təqdim etdiyini vurğulayıb.

"Mənim təqdim etdiyim sənəddən əlavə, Ali Məhkəmənin qərarı elektron formada da Naxçıvan Ədliyyə Nazirliyinə göndərilib. Buna baxmayaraq, buraxmırlar. Deyirlər ki, Ali Məhkəmənin qərarını araşdırırlar. Halbuki, Ali Məhkəmənin qərarı cəzaçəkmə müəssisəsi üçün araşdırma predmeti ola bilməz. Belə bir qərar varsa, onu icra etməlidirlər", – vəkilin sözləridir.

+++

Naxçıvan Muxtar Respublikasının (MR) keçmiş Milli Təhlükəsizlik naziri Vəli Ələsgərovun həbsdən azad edilməsinə qərar verilib. Sentyabrın 27-də Ali Məhkəmədə Nazim Mövsümovun sədrlik etdiyi hakimlər kollegiyası bu barədə qərar çıxarıb.

Qərara əsasən, Ələsgərova kəsilmiş 14 illik həbs cəzasının müddəti azaldılaraq 6 il 9 ay 20 günə endirilib. Bu müddət isə qərar çıxarılan gün – sentyabrın 27-də başa çatıb.

Maddələr dəyişdirilib

Yeyinti, telefon danışığının qanunsuz dinlənilməsi, döyməyə əmr vermə kimi əməllərdə suçlanan Ələsgərov CM-in 179.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 309-cu (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə məhkum edilmişdi.

Ali Məhkəmə onun vəzifə baxımından hərbi qulluqçu statusunda olduğunu nəzərə alaraq, CM-in 308 və 309-cu maddələri ilə verilən ittihamı 341-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) maddəyə tövsif edib. Bu maddə məhz hərbi qulluqçuların vəzifə səlahiyyətlərini aşması və ya sui-istifadə etməsi halını nəzərdə tutur. Ali Məhkəmə bu maddə ilə sabiq nazirə 3 il 6 ay cəza təyin edib.

CM-in 179.3.2 maddəsi ilə ona əvvəl təyin edilmiş cəza da azaldılaraq 6 ilə endirilib. Hər iki maddə ilə təyin olunmuş cəzalar qismən toplanmaqla, qəti olaraq 6 il 9 ay 20 gün azadlıqdan məhrum edilməsi haqda yeni hökm çıxarılıb.

Ələsgərovun işi üzrə üç nəfər zərərçəkmiş qismində tanınıb. Bunlar Azər Niftiyev, Əli Səfərli və Nuşirəvan Həsənovdur. Sabiq nazir bu şəxslərin döyülməsinə, telefonlarının dinlənilməsinə qanunsuz göstəriş verməkdə suçlanır.

Özünü təqsirli bilmir

Amma Ələsgərov özünü təqsirli bilmir. Vəkili Vüqar Xasayev də AzadlıqRadiosuna bildirib ki, onlar birinci instansiya məhkəməsindən sabiq nazirə bəraət verilməsini istəyiblər: "Ali Məhkəmə bəraət hökmü çıxarmır, şəxsin təqsirsiz olduğu qənaətinə gələndə iş üzrə icraata xitam verir. Biz də Ali Məhkəməyə şikayətimizdə bu məsələni qoymuşduq".

Vəkil hesab edir ki, Ələsgərova qarşı irəli sürülmüş ittihamlar əsassızdır və sübuta yetirilməyib.

Vəkil deyir ki, sentyabrın 27-də Ali Məhkəmədə qərar çıxarılandan sonra o, həmin qərardan çıxarışı da götürüb Naxçıvana gedib. Ələsgərovun saxlandığı qarışıq tipli cəzaçəkmə müəssisəsinə həmin qərarı təqdim edərək müvəkkilinin azadlığa buraxılmasını istəyib. Lakin müəssisə rəhbərliyi Ali Məhkəmənin qərarını icra etməkdən imtina edib.

"Saat 19 radələrində artıq müəssisənin qarşısında idim. Təxminən üç saat gözlədəndən sonra dedilər ki, sabah (sentyabrın 28-i nəzərdə tutulur) səhər saat 9-da gəlim, məsələ həllini tapacaq. Əslində bu, qanunsuzdur, çünki Ali Məhkəmənin qərarı var və icra olunmalıdır. Vəli Ələsgərov artıq orada qanunsuz saxlanılır", – Xasayev bildirib.

İşgəncələrdən şikayət vermişdi

Vəli Ələsgərov təxminən 15 il Naxçıvanda nazir vəzifəsində çalışıb. 2015-ci ilin oktyabrında Bakıda - Milli Təhlükəsizlik Nazirliyində Eldar Mahmudovun vəzifəsindən uzaqlaşdırılması, 20-dən artıq vəzifəli şəxsin, o cümlədən beş generalın həbsi ilə nəticələnən əməliyyatdan az sonra – dekabrda Ələsgərov da nazir postundan kənarlaşdırılıb. Az sonra isə cinayət məsuliyyətinə cəlb olunub. Əvvəlcə bir müddət ev dustaqlığında saxlanılan Ələsgərov sonradan həbs edilib. O, həbsdə olduğu dövrdə işgəncələrə məruz qaldığını deyirdi. Bununla əlaqədar rəsmi qaydada şikayət də vermişdi.

Ələsgərovun özü də vəzifədə işlədiyi dövrdə adı işgəncələrdə, Naxçıvanda ictimai-siyasi fəallara qarşı təzyiqlərdə hallanırdı.

XS
SM
MD
LG