Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 20:04

Rabitə Nazirliyinin Aparat rəhbərinin məhkəməsi başladı


Vidadi Zeynalov
Vidadi Zeynalov

Ötən ilin oktyabrında keçmiş MTN-də baş verənlərdən sonra Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və bu qurumun tabeliyindəki idarələrdə həbslərlə bağlı məhkəmə prosesi başlayıb. Bu işə Bakı Ağır Cinayətlər Məhkəməsində Əfqan Hacıyevin sədrlik etdiyi hakimlər kollegiyası baxır.

Məhkəmə qarşısına ümumilikdə 11 nəfər çıxarılıb ki, onların arasında nazirliyin Aparat rəhbəri olmuş Vidadi Zeynalov, «Bakı Telefon Rabitəsi» İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynov, bu qurumun baş mühasibi Anar Mustafayev, «Bakı Rabitə Təmir Tikinti» və «Təmir Təchizat Servis» MMC-lərin direktoru Bayram Vəliyev, 3 nömrəli «Rabitə Təmir Tikinti» və «Rabitə Mülki Tikinti» MMC-lərin direktoru Emin Məmmədov, «Aztelekom» MMC-nin baş direktoru Məmməd Məmmədov da var.

MİLYONLAR MƏNİMSƏNİLİB

Bu gün məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Ardınca təqsirləndirilən Vidadi Zeynalovun vəkili Elxan Süleymanlı vəsatət qaldıraraq deyib ki, o, prosesə yeni qoşulduğundan cinayət işinin materialları ilə tanış olmayıb. Vəkil işlə tanış olmağa vaxt istəyib. Məhkəmə vəsatəti təmin edib və ona noyabrın 16-na qədər vaxt verib.

İttihama görə, rabitə xətlərinin çəkilməsi, binaların, qurğuların təmiri-tikintisi və s. işlərin yerinə yetirilməsi üçün hesablara köçürülən vəsaitlərin, işlərin həcmindən asılı olaraq, 35-45 faizi nağdlaşdırılaraq Beytulla Hüseynova verilib. Bu cür üsullarla 21 milyon 379 min manatın mənimsənildiyi iddia olunur.

Nazirliyin sabiq aparat rəhbəri Vidadi Zeynalov 73 milyon 590 min manat vəsaitin mənimsənilməsində suçlanır.

Beytulla Hüseynov keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun qohumudur. B.Hüseynov Nizami Telefon Qovşağının işçilərinin məhkəməsində şahid qismində ifadə verərkən bildirmişdi ki, nazirlikdə rəhbərlikdən gələn göstərişlə təmir-tikinti xərcləri şişirdilib və 23-25 faiz artıq yazılıb.

Ötən ilin oktyabrında milli təhlükəsizlik naziri Eldar Mahmudov işdən çıxarılıb. Ardınca nazirliyin 20-yə yaxın yüksəkrütbəli əməkdaşı həbs olunub. Daha 2 ay sonra həmin nazirlik ləğv edilib, onun bazasında Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb.

XS
SM
MD
LG