Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 12:45

Xankəndidə çörək talonları paylanır


Xankəndidə çörək növbəsi
Xankəndidə çörək növbəsi

Sentyabrın 5-dən Xankəndidə çörək talonla satılacaq, talonların verilməsinə isə bugündən başlanır. Bu haqda Qarabağdakı qondarma rejimin “sosial inkişaf və miqrasiya nazirliyi” məlumat yayıb.

Separatçı qurumun “kənd və kənd təsərrüfatına dəstək fondu”nun məlumatına görə, regionda un qıtlığı çörək problemi yaradıb, bu problemin həllindən ötrü isə buğda qəbulu qaydalarına dəyişiklik olunub. Buğdanın kiloqramı 250 dramdan (təxminən 1 manat) qəbul olunacaq, buğda təhvil verən əkinçilərə isə verdikləri buğdanın 20 faizini kisəsini 13 min drama almaq imkanı yaradılacaq.

Qarabağa təklif olunan, göndərilən yardım

Qarabağdakı rejim və Ermənistan hakimiyyəti regionun faktiki blokadaya alındığını, üç aya yaxındır regiona Ermənistandan kommersiya və humanitar yüklərin daxil olmadığını bildirir. Xankəndi və Yerevan Azərbaycanın Laçın dəhlizində qurduğu nəzarət-buraxılış məntəqəsini qanunsuz sayır, 2020-ci ilin 9 noyabr üçtərəfli atəşkəs bəyanatına zidd olduğunu deyirlər.

Rəsmi Bakı isə regionun blokadaya salınması ittihamlarını rədd edir. Azərbaycan Qarabağa humanitar ardımın gətirilməsi üçün Ağdam və Füzuli-Şuşa yollarını da təklif edib. Separatçılar Laçın dəhlizinə alternativ olan hər hansı yolla gətiriləcək humanitar yardımdan imtina edirlər.

Hazırda həm Fransadan, həm də Ermənistandan göndərilmiş humanitar yardım maşınları Azərbaycanın Laçın postundan Qarabağa buraxmırlar.

Azərbaycan Laçın dəhlizinin başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulmasını Ermənistandan Azərbaycan ərazisinə qanunsuz silah daşınması ilə izah edir. Ermənistan isə bu ittihamı qəbul etmir.

Xatırlatma

Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında müxtəlif illərdə döyüşlərə səbəb olub.

1994-cü il atəşkəs razılaşmasına qədər Azərbaycan Qarabağ bölgəsi və ətraf 7 rayona nəzarəti itirib.

Amma 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin birgə razılaşması ilə (2020-ci il 10 noyabr) Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Amma tərəflər arasında indiyə kimi sülh sazişi imzalanmayıb.

XS
SM
MD
LG