Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 09:51

Hökumət gələn ilin borclanma limitlərini artırır


Borcu gəlirindən çox SOCAR
Gözlə

No media source currently available

0:00 0:04:09 0:00

Borcu gəlirindən çox SOCAR

İstər daxili, istərsə xarici borclanma limiti artacaq

Azərbaycanda hər il cəlb edilən daxili və xarici dövlət borcunun, eləcə də ilboyu veriləcək dövlət zəmanəti məbləğinin yuxarı hədləri müəyyənləşdirilir. Bu, "Dövlət borcu haqqında" ölkə qanunun tələblərinə uyğundur. "2023-cü il dövlət büdcəsi haqqında" qanun layihəsi Milli Məclisə təqdim edilib. Gələn il xarici borcların limiti 750 milyon manat səviyyəsində nəzərdə tutulur. Bu il həmin məbləğ 600 milyon manat idi. Deməli, hökumət xarici borclanma limitini gələn il 25 faiz artırmağı düşünür.

Xarici borclanma ilə yanaşı, daxili borclarla bağlı da limitlərin artırılması planlaşdırılır. Qanun layihəsində gələn ilin ön yuxarı daxili borclanma həddinin 1 milyard 300 milyon manat olması nəzərdə tutulub. Bu il həmin göstərici 1 milyard 100 milyon manat idi. Belə çıxır ki, bir il ərzində limitin 18 faizə yaxın artırılması planlaşdırılır.

Gələn il təkcə borclanma hədlərinin deyil, dövlət zəmanətiylə də bağlı limitlərin artırılması nəzərdə tutulub. Əgər bu il Azərbaycanda dövlət zəmanəti verilməsi nəzərdə tutulan borcların yuxarı həddi 800 milyon manat idisə, gələn il bu rəqəm 25 faiz artaraq 1 milyard manat olacaq.

Dövlət borcları haqqında qanunda qeyd edilir ki, daxili və xarici borclanma limitləri müəyyənləşdirilərkən dövlət layihələrinin gerçəkləşdirilməsiylə bağlı əlavə maliyyələşdirilməyə tələbat nəzərə alınacaq. Bununla yanaşı, borcun Ümumi Daxili Məhsula (ÜDM), mal və xidmətlər ixracının həcminə, borca xidmət xərclərinin büdcə xərclərinə nisbəti kimi göstəricilər də həmin limitlərin müəyyənləşdirilməsinə təsir göstərir.

Dövlət borcları hansı durumdadır?

Azərbaycanda dövlət borcu ilə bağlı sonuncu məlumat bu ilin ilk yarısı ilə bağlıdır. İyulun 1-nə olan məlumatına görə, ölkənin dövlət borcu ÜMD-nin 14.7 faizi qədərdir. Bunun 11.7 faizi xarici, 3 faizi isə daxili dövlət borcudur. Sözügedən dövrdə Azərbaycanın toplam dövlət borcu 14 milyard 974 milyon manat olub.

Ölkənin dövlət borcu ilə bağlı göstəricilərini ilin əvvəliylə müqayisəsi göstərir ki, həmin müddət ərzində xarici dövlət borcu azalıb, daxili dövlət borcuyla bağlı öhdəliklərsə artıb. Beləcə toplam dövlət borcunda da artım qeydə alınıb. İlk yarımildə birbaşa xarici dövlət borcu təxminən 385 milyon manat azalıb. Birbaşa daxili dövlət borcu isə təxminən 283 milyon manat artıb. İlin əvvəliylə müqayisədə daxili zəmanətlər üzrə şərti öhdəliklərin 178 milyon manat (31.6 faiz) artması toplam şərti öhdəlikləri 132 milyon manat artırıb. Nəticədə, toplam dövlət borcu 29.4 milyon manat çoxalıb.

Hökumət xarici borcu ÜDM-in 10 faizinə endirməyə çalışır

Bir neçə ildir Azərbaycanda xarici dövlət borcunun ÜDM-ə nisbəti azaldılır. Bu baxımdan, hökumət xarici dövlət borclarının daxili borclarla əvəzləşdirilməsinə çalışır. Bununla bağlı strategiyada birbaşa və ya dolayısıyla bildirilir ki, 2026-cı ilədək ümumi dövlət borcu həcmini ÜDM-in 20 faizinə çatdırmaq, xarici dövlət borcu həcmini isə ÜDM-in 10 faizinə endirmək nəzərdə tutulur.

Maliyyə Nazirliyi bir ay öncə gələn il dövlət borcunu 17 milyard 594 milyon manatadək artırmağı proqnozlaşdırdığını bildirmişdi. Nazirliyin materiallarına görə, bu ilin sonuna Azərbaycanın dövlət borcu 16 milyard 476 milyon manat olacaq. Beləliklə, gələn il dövlət borcunun həcmi 6.8 faiz artacaq. Həmin materiallara əsasən, 2023-cü ildə dövlət borcunun artımı daxili bazarda daha aktiv borclanmaya bağlanacaq. Bu ilin sonuna daxili dövlət borcunun məbləği 3 milyard 841 milyon manat olacaq. Gələn ilin sonuna daxili borc 5 milyard 64 milyon manata çatacaq.

Son müzakirələrdən aydın olur ki, hökumətin xarici borcları azaltmaq baxımından gözdən keçirdiyi digər bir addım avrobondların geri alınmasıdır. İqtisadi Şuranın bugünlərdə keçirilən iclasında dövriyyədə olan xarici valyuta nominallı dövlət istiqrazlarının bir qisminin geri alınması məsələsi də müzakirə edilib. Azərbaycan Maliyyə Nazirliyi 2014-cü ildə 10 il müddətinə Avropanın kapital bazarında 1 milyard 250 milyon dollar dəyərində illik 5 faizlə istiqraz yerləşdirmişdi. Nominal dəyəri 1000 dollar olan avrobondların sayı 1 milyard 250 min ədəd idi. Həmin vaxt 160-dan çox ölkənin investorları Maliyyə Nazirliyinin avrobondlarını əldə etməyə maraq göstərmişdi. Yerləşdirmənin nəticələrinə görə, avrobondların 47 faizini ABŞ, 25 faizini Böyük Britaniya, 18 faizini Almaniya, 10 faizini isə digər ölkələrdən olan investorlar əldə etmişdi.

Borcların ödənilməsinə nə qədər vəsait xərclənir?

Dövlət büdcəsi layihəsindən məlum olur ki, Azərbaycan hökuməti gələn il dövlət borcları ilə bağlı 775 milyon manat xərcləyəcək. Bu məbləğin 59 faizi – 456 milyon manatı sırf borcla bağlı faizlərin ödənilməsinə sərf ediləcək.

XS
SM
MD
LG